“Müstəqilliyimizin bərpasının ilk illəri təəssüf ki, müharibə, ərazi itkiləri, siyasi qalmaqallar, daxili qarşıdurmalar, separatizm meyllərinin artması, iqtisadi çətinliklər, ərzaq qıtlığı və bir çox çətinliklərlə müşayiət olunurdu. AXC-Müsavat hakimiyyəti dövründə və ondan öncəki dövrdə aparılan düzgün hesablanmamış xarici siyasət Azərbaycan dövlətini demək olar ki, beynəlxalq münasibətlər sistemindən təcrid etmişdi. Bu, Azərbaycanı bir dövlət kimi dağılmaq, parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov 15 iyun – Milli Qurtuluş Gününün ildönümü ilə bağlı danışarkən deyib.
O xatırladıb ki, həmin çətin dövrdə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, müasir Azərbaycan tarixində tənəzzüldən tərəqqiyə doğru bir dönüş nöqtəsi oldu.
“Ulu öndər Heydər Əliyev öz həyatını təhlükə altına ataraq, Azərbaycanda vətəndaş qarşıdurmasının və o vaxt mümkün ola biləcək daha böyük ərazi itkisinin qarşısını aldı. Məhz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra, Azərbaycan beynəlxalq münasibətlər sistemində yenidən nüfuzlu dövlətə çevrildi və qısa müddət ərzində iqtisadi böhran vəziyyətindən çıxa bildi. Azərbaycanda ilk dəfə müasir insan hüquq və azadlıqlarının əks olunduğu ilk konstitusiyanın hazırlanması, Azərbaycanın Avropa İnsan Hüquqlar Kovensiyasına qoşulması və ən önəmlisi ölüm cəzasının ləğvi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”, – deyə Nurlan Həsənov əlavə edib.
Onun sözlərinə görə, ölüm cəzasının ləğvi ilə əvvəllər ölüm cəzasına məhkum olunmuş 128 nəfərin həyatı bağışlanıb.
“Bu gün isə Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə, bir daha ulu öndər Heydər Əliyevin layiqli davamçısı olduğunu sübut etdi”, – deyə deputat fikrini yekunlaşdırıb.