Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə ölkənin bütün fəaliyyət sahələrində qeyd olunan müddət ərzində həyata keçirilən tədbirlərin və qarşıdakı dövr üçün yeni vəzifələrin müəyyənləşdirilməsi baxımından çox mühüm toplantı kimi dəyərləndirilməlidir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər regionda yeni reallıqlar yaratmaqla yanaşı, ölkənin indiki həssas dönəmdə maksimum fəal siyasət yürütməsini şərtləndirib və rəsmi Bakı bu çağırışlara uyğun ardıcıl, məqsədyönlü addımlar at¬maqdadır. Ölkə başçısının müşavirədəki geniş çıxışından da göründüyü kimi, bütün mühüm strukturlara mövcud gerçəkliklərə adekvat fəaliyyət göstərmələri tapşırılıb və çox müsbət haldır ki, dövlət qurumları öz işlərini bu tapşırıqlar əsasında qura bilirlər. Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı səsləndirdiyi fikirlər belə söyləməyə imkan verir.
Hazırda Azərbaycanın da yerləşdiyi siyasi coğrafiyada son dərəcə mürəkkəb və həssas durum yaranıb. Rusiya ilə Ukrayna arasında davam edən hərbi qarşıdurma, bu müharibənin bir sıra sahələrdə qlobal böhrana yol açan mənfi təsirləri çox dəqiq və düşünülmüş siyasət yürüdülməsini tələb edir. Eyni zamanda, bu sadalananlarla bərabər, Vətən müharibəsindən sonra 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın müddəalarının yerinə yetirilməsi istiqamətində davam edən proses, Ermənistanın yenə də ənənəvi himayədarlarına güvənərək üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmaq cəhdləri və əlbəttə ki, böyük dövlətlərin regionda maraqlarının toqquşması Azərbaycanın bütün incəlikləri diqqətlə nəzərə almasını zəruri edir.
Bu səbəbdən də Prezident İlham Əliyev müşavirədəki çıxışına ölkənin xarici siyasətində həyata keçirilən fəaliyyət, atılan addımlar və əldə edilən nəticələrdən başlaması çox təbiidir. Bu sırada dövlət başçısının Azərbaycanın Qoşulma¬ma Hərəkatındakı fəaliyyəti, üzvlərin yekdil rəyi ilə ölkəmizin bu qurumda sədrlik müddətinin 2023-cü ilə qədər uzadılması rəsmi Bakının beynəlxalq miqyasda nüfuzunun nə qədər yüksək olduğunun göstəricisidir. Qoşulmama Hərəkatında 120 dövlətin bir araya gəldiyini nəzərə alsaq, bu qərarın əhəmiyyəti daha aydın şəkildə dərk olunar. Sözsüz ki, bu nüfuz deyilən sözlə və ya verilən bəyanatlarla qazanılmır. Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olun¬masında fəal iştirakı, beynəlxalq hüquqa hər zaman sayğılı yanaşması, pandemiya dönəmində 8-dən çox ölkəyə yardım göstərməsi, o cümlədən, digər əhəmiyyətli addımlar bu nüfuzun əldə edilməsində mühüm rol oynayıb.
Ölkə Prezidentinin çıxışında Azərbaycanın ABŞ və Avropa ilə münasibətlərinin mövcud durumu da geniş təhlil olunub. Dövlət başçısının nitqində bu barədə səsləndirdiyi fikirlər çox dəqiq anlaşılır. Belə ki, bildirilir ki, bəzi yerli və xarici dairələrin yaratmağa çalış¬dıqları əks rəyə baxmayaraq, Azərbaycanın Qərblə münasibətləri kifayət qədər yüksək səviyyədədir. Ümumiyyətlə, Rusiya-Ukrayna müharibəsinin başla¬masından sonra Azərbaycanın Qərb üçün əhəmiyyəti heç vaxt olmadığı qədər artıb və istər ABŞ, istərsə də Avropa İttifaqı tərəfindən ölkəmizin enerji təhlükəsizliyində, həmçinin digər məsələlərdə oyna¬dığı rol nəzərə alınmaya bilməz. Bu baxımdan, ABŞ və Avropa İttifaqı rəsmilərinin Azərbaycana səfərləri, aparılan məhsuldar danışıqlar və verilən qərarlar bu münasibətlərin dayanıqlı olduğunu təsdiqləyir.
Sözsüz ki, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri, bəlkə də birincisi ölkəmizin Türkiyə başda olmaqla türk dövlətləri ilə inteqrasiya¬sının daha da dərinləşdirilməsidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, türk dövlətlərilə həyata keçirilən müntəzəm səfərlər qarşılıqlı əlaqələrin genişləndirilməsi və əməkdaşlıq üçün mövcud olan potensialın tam şəkildə hərəkətə gətirilməsi məqsədinə xidmət edir. Heç şübhə yoxdur ki, sağlam zəmin üzərində qurulan xarici siyasətimiz bundan sonra da Azərbaycanın beynəlxalq maraqlarının yüksək səviyyədə təmin olunmasına təkan verəcək.
Nəbi İsgəndərov, Cəlilabad rayon Təhsil İşçiləri AHİK sədri