Cari ilin ilk altı ayı onu göstərir ki, ölkəmiz uğurla inkişaf edir, bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.
Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib;
Reabilitasiya mərkəzləri yaradılmışdır və ən müasir texnologiyalarla təchiz edilmişdir. Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür.
Nəticələr arasında Qoşulmama Hərəkatındakı uğurlar xüsusi olaraq qeyd olunmalıdır. Azərbaycanın sədrliyi 2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanmışdır və bizə olan inam bu illər ərzində daha da artmışdır. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı idi və Parlament Şəbəkəsinin yaradılması idi.
Prezident İlham Əliyev Ermənistanda baş qaldıran revanşist meyillər və status məsələsinin qa¬bardılmasına da kəskin münasibətini bildirib: “Digər məqamlardan biri də odur ki, son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki, müharibəyə son qoyulan¬da, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim – Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və sta¬tusa nə olub, mən müharibədən son¬ra demişəm, təkrarlamaq istəmirəm”.
Dövlətimizin başçısı, eyni zaman¬da, ATƏT-in qeyri-funksional Minsk qrupunu Ermənistanın fəallaşdırmaq cəhdlərinin əbəs olduğuna diqqət çəkərək, bir daha qətiyyətlə bil¬dirdi ki, Minsk qrupu faktiki olaraq səhnədən gedib. Biz – bu prosesin iştirakçısı olan ölkə kimi deyirik ki, Minsk qrupuna, 28 il heç bir nəticə hasil etməyən quruma ehtiyac qalmayıb. Minsk qrupu həmsədrləri arasında yumşaq desək, soyuq müharibə gedir. Sadəcə olaraq, biz yenə də bunun arxasında ölkəmizə qarşı ərazi iddiası görürük.
Qarşı tərəf dərk etməlidir ki, Qarabağ münaqişəsi artıq həll olunub, Qarabağ mövzusu bağlanıb. Qarabağ Azərbaycandır! Bu gün biz sülh istəyirik. Müharibə istəmirik, heç vaxt da istəməmişik. Nəyi etmişiksə, Azərbaycan ərazisində etmişik, özü də elə etmişik ki, hər kəs bizim hərbi əməliyyatımıza həsəd apara bilər. Məğlub ölkə inişil başına endirilmiş “dəmir yumruq” sayəsində məruz qal¬dığı nokaut vəziyyətini unutmamalıdır.
Yarımillik yekunlar bir daha göstərdi ki, Azərbaycanın qüdrəti durmadan artır və bu, hərbi sahəyə də aiddir. Ordumuzun təminatı da¬vamlı olaraq güclənir, dost ölkələrlə birgə yüksək səviyyədə hərbi təlimlər keçirilir. Silahlı Qüvvələrimiz daim ayıq-sayıqdır və ölkəmizi hər cür təhdiddən qorumaq iqtidarındadır. Buna görə də, nə qədər ki gec deyil, qoy, kapitulyant Ermənistan mənfi meyllərdən çəkinsin, altdan-altdan ocağı körükləyən bədxahlarımız isə işimizin haqq işi olduğunu yaddan çıxarmasınlar.
Ədalət Əsgərov, Ağsaqqallar Şurasının sədri