1989-cu ildə yayımladığı “Şeytan ayələri” adlı kitabla qalmaqal yaradan Salman Rüşdi o andan etibarən müsəlman dünyasının qəzəbinə tuş gəlib.
Bəlkə də, Rüşdi islam dinini hədəfə almasaydı və müsəlmanların müqəddəs saydıqları Quranın ilahi həqiqət olduğunu şübhə altına alan tezislərini “Şeytan ayələri”nə köçürməsəydi, bu qədər məşhurluq qazanmayacaqdı.
Rüşdi elə həmin ildən İran İslam İnqilabının lideri Ruhulla Xomeyninin ölüm fətvasının nüvəsində yer alıb. Bəli, Rüşdi İranın tərtib etdiyi ölüm siyahısındadır və İslam Respublikası onu öldürtmək niyyətindən vaz keçmir.
İranın yazıçıya qarşı tövrünün qısa xronologiyası və Tehranın son zamanlar ABŞ-dakı ictimai-siyasi xadimlərə (Con Bolton və Mayk Pompeo) qarşı qətl planlarını hazırlaması fonunda Rüşdinin bıçaqlanması hadisəsi diqqət çəkir.
Sual olunur: Rüşdinin Nyu-Yorkda səhnədə çıxış edərkən bıçaqlanması İranda illərdən bəri qalaqlanan qisasçılıq hissinin bəhrəsidirmi?
İttihamın ünvanını birbaşa İranın ayağına yazmaq üçün hələlik ciddi bir əşyayi-dəlil tapılmayıb, hərçənd ki, hadisəni törədənin şiə ekstremizminə meyilli olduğu haqqında informasiyalar da dövriyyədədir. Hadisədə “Tehranın əli” fikrini bir xətt kimi irəli sürmək olar.
İran son zamanlar ABŞ-da siyasətçiləri, ictimai xadimləri öldürtmək planlarını reallaşdırmaq niyyətlərini işə saldığından, ehtimal var ki, Rüşdinin bıçaqlanması da həmin kəşfiyyat konsepsiyasının bir hissəsidir.
Nəzərə alaq ki, İran siyasətinin qara qutusu SEPAH ABŞ-da qətl ssenariləri üçün xeyli pul xərcləyir ki, Rüşdini bıçaqlayan 24 yaşlı Nyu-Cersi sakini Hadi Matara da həmin vəsaitdən öz payını almış ola bilər.
Amma Rüşdiyə qarşı cinayətin tamamilə şəxsi motivlərə söykənməsi də mümkündür, hər halda ABŞ hüquq-mühafizə orqanlarının təhqiqatından sonra qaranlıq qalan yerlərə işıq tutulacaq.
Nəhayətdə isə, Rüşdinin bıçaq zərbələrinə məruz qalması İranda toy-bayramla qarşılanır və İslam Respublikasının mühafizəkar mətbuatı hadisəni ilahi intiqam kimi assosiasiya edir.
İranın ali rəhbəri Seyid Əli Xameneiyə bağlı olan “Kayhan” nəşri Rüşdiyə edilən hücuma görə alqış səsləndirir və bir az da irəli gedərək Rüşdinin boğazının kəsilməli olduğunu vurğulayır.
Rüşdiyə qarşı cinayət ABŞ-la İran arasında gözlənilən mümkün nüvə razılaşmasını sabotaj etmək vasitəsi kimi qiymətləndirilmək potensialına da malikdir.
Bu nöqtədə ortaya başqa bir oyunçunun əlləri girmiş kimi görünür, söhbət İsraildən gedir. İranda bəzi ekspertlər hesab edirlər ki, İsrail ABŞ-la İran arasındakı danışıqları zədələmək üçün Rüşdi amilini ön plana gətirib.
Yəni ABŞ siyasətçilərinə və vətəndaşlarına, eləcə də Rüşdiyə qarşı sui-qəsd planı Tehran və Vaşinqton arasındakı mübahisələrin diplomatik yolla həllinə mane olmaq üçün İsrail kəşfiyyatı tərəfindən təşkil edilə bilər.
Rüşdi məsələsi hadisədəki “şeytan”ın izlərini axtarmaq üçün bir indikator olub, ortada olan informasiyaları incələdikdə isə İran daha çox diqqətləri öz üzərinə çəkir.
Qərb də İrana qarşı yeni mərhələ başlatmaq imkanı qazanır, yəni bir şəxsin cinayətinin motivi Qərb üçün yeni oyanış siqnalıdır.
ABŞ kürəyini insan hüquqları amilinə söykədiyindən hadisəni İrana qarşı dəlillərlə nəticələndirmək rıçaqlarını təzyiq vasitəsi kimi möhkəmləndirəcək.
Artıq Qərbdə gedən müzakirələr və informasiya lentləri bunun cücərtiləri hesab olunmalıdır.
Aqşin Kərimov