• Ça. Noy 26th, 2024

Türkiyə Suriyada yeni əməliyyatlara hazırlaşır: Ankaraya kim dəstək verəcək? – TƏHLİL + XƏRİTƏ

ByYenigun.news

Avq 17, 2022

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK terrorçularına qarşı apardığı əməliyyatların növbəti hərbi mərhələsini başlatmaq ərəfəsindədir.

Budəfəki əməliyyatlar yeni dünya nizamının formalaşdırılması cəhdləri fonunda qüvvələr nisbətini əhəmiyyətli dərəcədə dəyişdirmək potensialı ilə müşayiət ediləcək.

Türkiyə Suriyanın şimalında özünün milli təhlükəsizliyini təhdidlərdən qorumaq üçün istədiyinə tam nail olmayıb.

Çünki Ankaranın Suriyanın Türkiyə ilə sərhəd zolağında tələb etdiyi 30 kilometr dərinliyindəki bufer zona bütün istiqamətlər üzrə yaradılmayıb.

Hazırda Suriyada ən böyük nüfuz dairəsi Rusiyaya və İrana məxsusdur, sonrakı yerlərdə isə Türkiyə və ABŞ gəlir.

İndi Türkiyə elə bir əlverişli mövqedə dayanmalıdır ki, Suriyadakı digər oyunçularla kəllə-kəlləyə gəlməsin, bu məsələdə Ankaranın ən çox Moskva ilə saatlarını tutuşdurduğunu görmək mümkündür.

Tehran və Vaşinqton isə hərəsi özünün dəlilləri ilə Ankaranın qarşısında sipər olmağa çalışır, hərçənd ki, Türkiyə istədiyi dərinlikdə nəzarət zonası yaratmaqda israrlıdır.

Hadisələrin və niyyətlərin miqyasının genişlənməsi Türkiyə ilə Suriya arasında əlaqələrin yaradılması üçün səsləri də ucaldır, yəni PKK Ankaranın da, Dəməşqin də ortaq düşməni olduğundan onların əməkdaşlığa can atmaları mümkün versiya kimi nəzərdən keçirilir.

Artıq Türkiyədə bu istiqamətdə gərgin polemikalar başlayıb, hətta təmasların ən üst səviyyəyə qədər irəliləməsi üçün təkliflər səsləndirilir.

Türkiyənin çoxməqsədli hədəfləri və genişspektrli təhlükəsizlik tədbirlərinin kökündə Suriya hakimiyyəti ilə ona müxalif olan loyal qüvvələr arasında barışıq əldə edilməsinə nail olmaq məqsədləri dayanır.

Bəs bu məsələdə Türkiyəyə hansı ölkə dəstək verir? Rusiya və İran Bəşər Əsəd hakimiyyətinin həm mənəvi, həm də hərbi-siyasi qoruyucusu rolundadırlar, amma indi Ankara-Dəməşq əlaqələrinin qurulmasına girişilməsi Kremlin dəstəyi ilə davam etdirilir, Tehran isə Əsədin Ankara tərəfə yıxılmasından çox ehtiyat edir.

Moskva Türkiyə ilə əməkdaşlıq edən Suriyanın konstruktiv müxalifətinin başı üzərində öz çətirini açmağı planlaşdırır, amma qırmızı xətlərin tapdalanması riskinə görə Ankara ilə Moskvanın bir-birinə böyük güzəştlərə gedəcəyi istisna olunur.

Bununla belə, Türkiyənin Suriyanın şimalında keçirəcəyi əməliyyatlar Rusiya üçün ABŞ-ın həmin bölgədə sıxışdırılması baxımından önəmlidir. Çünki ABŞ və onun dəstək verdiyi PKK birləşmələri Suriyanın neft və su ehtiyatlarının bol olduğu şimal-şərq hissəsinə nəzarət edirlər, Rusiya Türkiyə ilə Vaşinqtonun maraqlarını həmin istiqamətdən sovurmaq istəyir.

Kreml Suriya kürdlərinin ABŞ-la əlaqələrini kəsmək və onların Bəşər Əsədə tərəf əyilmələri üçün Türkiyənin addımlarından faydalanmaq istəyir ki, bu mövzuda da Ankara ilə Moskvanın toqquşan maraqlarını körükləyə bilər.

Görünür ki, indiki geosiyasi şərait fərqli qütblərdəki oyunçuların kökləndiyi kursun öz oxundan azca sapmasına gətirib çıxarır.

Türkiyənin Əsədlə dialoqa başlayıb-başlamaması məsələsi isə gözlərin ən çox dikildiyi nöqtədir. Lakin Ankara ilə Dəməşqin “dostlaşması” real səslənmir, ən azından ona görə ki, münaqişəyə baxışda konseptual fərqlər dərindir.

Əsəd Türkiyə qoşunlarının Suriyadan çıxarılmasını, Ankara isə Dəməşqdən təhlükəsizlik zəmanəti tələb edir, burada isə iplər gərilərək qırılır. Əsəd rejimi PKK-nı cilovlamaq istəsə belə, buna nə gücü çatır, nə də beynəlxalq oyunçular buna imkan verirlər, ona görə də Türkiyənin təhdidlərdən qorunması üçün Suriyaya qoşun yeritmək planları başadüşüləndir.

Siyasi yaxınlaşma və ya uzaqlaşmanın motivindən, oyunçuların strateji coşqularından asılı olmayaraq, Türkiyə hazırda Ayn İsa, Tel-Temir, Münbiç, Kobani, Qamışlı və Hasekeni tabloya qoyaraq burada nəzarət bucağı yaratmaq qətiyyətindən vaz keçmir.

Türkiyə M4 magistral yolunu (Hələb-Lazkiya) bufer sahə yaratmaq mexanizmində öz lehinə çevirmək istəyir.

PROQNOZLAR:

1. Rusiya özünün Suriyadakı qırmızı hədlərinə qədərki məsafədə Türkiyənin əməliyyatlarında maneə yaratmayacaq;

2. İran Türkiyənin maraqlarını zəiflətmək üçün köhnə düşməni PKK ilə əməkdaşlığı başqa meyarlarla müəyyən edəcək;

3. ABŞ bölgədəki nüfuz dairəsinin əzilməsinə imkan verməmək üçün Türkiyəyə təzyiqlər göstərəcək. Ancaq Vaşinqton Türkiyənin PKK-nı bufer zonadan kənarda tutmaq səylərinin qarşısını ala bilməyəcək, mümkündür ki, Ağ Ev yeni vədlərlə diqqət cəlb etsin.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir