Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri və onun dövlət başçısı İlham Əliyevlə görüşü xüsusi nəticələrlə yadda qaldı. Liderlər strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında bəyannamə imzaladılar. Bəyannamə bu baxımdan müstəsna əhəmiyyətlidir.
Prezident İlham Əliyev çıxışında sözügedən sənədin vacibliyi haqqında danışaraq bildirib ki, bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək:
“Biz beynəlxalq arenada əməkdaşlığımızın inkişafı yollarını müəyyən etdik. Biz aparıcı beynəlxalq təşkilatlarda fəal qarşılıqlı əlaqə saxlayırıq və əlbəttə, çoxtərəfli əməkdaşlıq üçün yeni ilkin şərtlər yaranır. İyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu. Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var”.
Azərbaycana dost və qardaşlar qazandıran Zəfər
Qeyd etmək lazımdır ki, Vətən müharibəsindəki parlaq zəfərimizdən sonra bir çox dövlətlərlə, o cümlədən qardaş və dost ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxdı. 2021-ci il iyunun 15-də Azərbaycanla Türkiyə arasında tarixi Şuşa Bəyannaməsi imzalandı. Həmin sənədi türk dünyasının iki böyük lideri – Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan imzaladılar. Beləliklə, Bakı ilə Ankaranın müttəfiqliyi daha da möhkəmləndi.
Şuşa Bəyannaməsi digər türkdilli dövlətlərlə əlaqələrimizin inkişafı istiqamətində başlanğıc oldu. Bu ilin iyun ayında Azərbaycanla Özbəkistan arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində, sənaye sahəsində, hərbi sahədə və regionlararası əməkdaşlıq haqqında sənədlər imzalanmışdı. Bir neçə gün əvvəl, daha dəqiq desək, avqustun 23-də həmin sənədlər təsdiqləndi. Qazaxıstanla imzalanan sənədlər isə bu istiqamətdə növbəti töhfə oldu.
Türkdilli dövlətlərlə imzalanan sənədlər, qarşılıqlı anlaşmalar nəticəsində təkcə ikitərəfli münasibətlər inkişaf etmir. Bu cür bəyannamələr eyni zamanda Türk Dövlətləri Təşkilatının güclənməsinə şərait yaradır.
İlham Əliyevin yürütdüyü uğurlu siyasətin fonunda Azərbaycanın artan müttəfiqləri
Həmçinin müttəfiqlik əlaqələrimiz güclənir. Vətən müharibəsində əldə olunan tarixi zəfərdən sonra Azərbaycan regionda yeni geosiyasi reallıq yaratmaqla əsas aktora çevrilib. Belə olan halda müttəfiqlik əlaqələrimizin güclənməsi təkcə bizim üçün deyil, həm də dost və qardaş ölkələrin özləri üçün faydalıdır. Təsadüfi deyil ki, İkinci Qarabağ savaşından sonra ayrı-ayrı dövlətlər Azərbaycanla əlaqələrə xüsusi diqqət ayırmağa başladılar. Bu, regionda “suları bulandırmaq” niyyətində olan, türkdilli dövlətlərin inteqrasiya mane olmaq istəyən gücləri narahat etsə də, reallıq budur: Prezident İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan türk dünyasının iki böyük lideridir. Məhz onların qətiyyətli, balanslı xarici siyasət kursu nəticəsində əlaqələrimiz hər ötən gün daha da güclənməkdədir.
Ümumiyyətlə, rəsmi Bakının xarici siyasət kursunun təməlini balanslı siyasət təşkil edir. Diplomatik müstəvidə əldə olunan uğurlar, o cümlədən türkdilli dövlətlər arasında əlaqələrin güclənməsi bu xarici siyasət kursunun nə qədər uğurlu olduğunu göstərir.
Etiraf etmək lazımdır ki, uzun müddət türkdilli dövlətlər arasında əlaqələr arzuolunan səviyyədə olmamışdı. Keçmiş MDB məkanı bunun üçün əlverişli deyildi. Amma artıq durum dəyişib: indi Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin davam etməsi nəticəsində münasibətlərimiz inkişaf edir, xalqlarımız bir-birinə yaxınlaşır, gücümüzə güc qatılır.
“Report” İnformasiya Agentliyi