İranda “baş örtüyündən düzgün istifadə etmədiyinə görə” polis tərəfindən saxlanıldıqdan sonra həyatını itirən 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan etirazlar davam edir. Vətəndaş itaətsizliyi aksiyaları demək olar İranın bütün əyalətlərini əhatə edib.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, İran üzrə mütəxəssis Lana Ravandi-Fədai İrandakı vəziyyətlə bağlı Oxu.Az-la söhbətləşib.
Həmin müsahibəni təqdim edirik:
– Ötən gün ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi Robert Melli bildirib ki, əgər “nüvə sazişi”nin (Birgə Hərtərəfli Fəaliyyət Planı – BHFP) bərpası üzrə danışıqlar nəticə verməsə, Vaşinqton İrana qarşı hərbi güc tətbiq etmək variantını nəzərdən keçirəcək. Bəyanat qəribədir, həm də ona görə ki, Trampın rəhbərliyi dövründə olsa da, məhz ABŞ BHFP-dən çıxıb.
– Co Bayden İrana qarşı əvvəlki prezident Donald Trampdan qat-qat yumşaq münasibət bəsləyir və ümumiyyətlə, bütün xarici siyasət məsələlərində özünü daha qətiyyətsiz aparır. Odur ki, Ağ Evin indiki administrasiyası dövründə məsələnin gücdən istifadəyə qədər gedib çıxmayacağı dəqiqdir. Çox güman ki, bu bəyanat ABŞ-da aralıq seçkiləri öncəsi seçicilərə ciddi addımlar atmaqda müəyyən əzm nümayiş etdirmək məqsədi ilə daxili tələbatla əlaqədar edilib. Amma reallıqda ciddi bir şey gözləmək lazım deyil.
– Bəs İran və Azərbaycan? Bəzi şərhçilər qeyd edirlər ki, əvvəllər Azərbaycanla İran arasında çoxlu emosiyalar var idi, indi isə Tehranın guya Bakı və İrəvandan eyni məsafədə olacağı gözləntiləri var. Baxmayaraq ki, bu, heç vaxt baş verməyib…
– Azərbaycanlıların çoxluq təşkil etdiyi regionları qismən əhatə edən kütləvi etirazlar səbəbindən indi çətin vəziyyətdə olan İran “Azərbaycan separatizmi” təhlükəsindən qorxur. Rəsmi Tehran hesab edir ki, bu, Bakı ilə Ankara arasında fəal yaxınlaşmanı asanlaşdıra bilər. Etirazlarda çoxlu azərbaycanlı fəal iştirak edir. İran vətəndaşı olan ermənilər isə ümumiyyətlə rejimə sadiq qalırlar. İran Ermənistanı fəal şəkildə dəstəkləyir və çox güman ki, bundan sonra də dəstəkləyəcək.
Bundan başqa, Tehran hakimiyyətinin Yaxın Şərqdə özü üçün “1 nömrəli düşmən” hesab etdiyi Azərbaycan-İsrail fəal əməkdaşlığı iranlıları qane etmir. Aydındır ki, istənilən qonşu ölkənin İsraillə sıx əməkdaşlığı Tehranda stabil inkişaf üçün təhlükə kimi qiymətləndirilir.
– İrana dinclik verməyən Zəngəzur dəhlizi məsələsi də var…
– İranın qorxusu ondan ibarətdir ki, Zəngəzur dəhlizi İranı Ermənistandan ayıracaq, Qərb və NATO ölkələrinin təsirinin artmasına səbəb olacaq.
İran həmçinin ehtiyat ki, Azərbaycan və Türkiyə gələcəkdə qaz və nefti nəql etmək üçün boru kəmərlərini onun ərazisindən keçirəcək, bu da İranın enerjidaşıyıcılarının tranzitinə təhlükə yaradacaq. İran həm Azərbaycan və Naxçıvan arasında tranzitdə, həm də Türkmənistan qazının İran ərazisindən azərbaycanlı alıcılara svop tədarükü üçün ərazi kimi əhəmiyyətini itirəcək.
Nair Əiyev