Azərbaycan ərazisində çoxsaylı etnik qrupların nümayəndələri yaşayırlar. Onlar bu ölkəni öz vətəni, dövləti kimi qəbul edirlər. Onun müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qoruyurlar. Lazım olanda canlarından keçirlər. Ona əsl vətəndaş olaraq xidmət edirlər.
Azərbaycan Konstitusiyasının başqa maddələri ilə yanaşı, 25, 28, 31, 44 və 45-ci müddəaları ilə də onların hüquqları qorunur. “Milli mənsubiyyət hüququ” ilə bağlı 44-cü maddədə bildirilib: “I. Hər kəsin milli mənsubiyyətini qoruyub-saxlamaq hüququ vardır. II. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz”.
Yaxud “Ana dilindən istifadə hüququ” ilə bağlı 45-ci maddədə göstərilib: “I. Hər kəsin ana dilindən istifadə etmək hüququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. II. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz”.
Bu baxımdan Azərbaycanın erməni etnik qrupundan olan vətəndaşları da Konstitusiyanın bütün maddələrindən yararlana bilərlər. Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dəfələrlə vurğulanıb.
30 ildən artıqdır Azərbaycanın mərkəzi hakimiyyəti ilə əlaqələri kəsilən Qarabağdakı erməni vətəndaşlardan müxtəlif məqsədlər üçün istifadə etməyə səy göstərilib. Bununla belə, rəsmi Bakı öz vətəndaşlarından heç vaxt imtina etməyib.
Ramin Məmmədov
Hətta Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib. O, martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar davam etdiriləcək.
Azərbaycan Qarabağda öz torpaqlarına sahib çıxıb. İndi isə öz vətəndaşlarına sahib çıxır, arxa durmaq istədiyini əməli ilə göstərir.
Rəsmi Bakı bununla sülhniyyətli, sülhməramlı olduğunu bir daha nümayiş etdirir. Azərbaycan regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində addımlar atdığını və bu yöndə təşəbbüsləri davam etdirəcəyini isbatlayır. Rəsmi Bakı beş maddəlik sülh təklifi ilə ilk dəfə çıxış edərək bu niyyətini beynəlxalq ictimaiyyətə də çatdırmışdı. Bundan başqa, “3+3” formatında əməkdaşlıq təşəbbüsünü Türkiyə ilə birgə irəli sürüb.
Yuxarıda bəhs etdiyimiz görüş onu da sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında verdiyi vədə, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl edir. Odur ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasına dair sözügedən görüş bunun əyani təsdiqidir.
“Report” İnformasiya Agentliyi