“Azərbaycanda mina qurbanlarının sayı Qafqazdakı mina qurbanlarının sayından iki dəfə artıqdır”.
“Trend”in məlumatına görə, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bu gün Bakıda keçirilən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı “Ermənistanın törətdiyi mina terroru” adlı tədbirdə deyib.
Tədbir Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov tərəfindən açıq elan edilib. A.Allahverənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqları işğaldan azad olunub. Müəyyən edilib ki, 30 il işğal dövründə Ermənistan işğal altında saxladığı ərazilərdə bir milyondan çox mina basdırıb. Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərdə geniş quruculuq işlərini həyata keçirir. Lakin bu işlərin tam şəkildə həyata keçirilməsinə ən böyük maneə bu ərazilərin erməni hərbi birləşmələri tərəfindən mina və partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. Əsasən, Ermənistan və başqa ölkələrin istehsalı olan bu minaların partlaması nəticəsində təkcə Vətən müharibəsindən sonra keçən iki il ərzində 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən, dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir. Biz, qeyri-hökumət təşkilatları nümayəndələri olaraq, Ermənistanın mina terrorunu pisləyir, beynəlxalq təşkilatların bu məsələyə adekvat münasibət bildirməyini tələb edirik.
Tədbirdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev isə deyib ki, dünyanın 60-dan çox ölkəsində münaqişə gedir:
“Ötən ilin statistikasına görə, Azərbaycan ən çox minadan çirklənmiş ölkədir. ANAMA tərəfindən torpaqlarımız minalardan təmizlənir. Amma buna baxmayaraq, insanlar arasında maariflənmə kifayət qədər olmadığından faciələrlə rastlaşırıq. Bu işlərdə vətəndaş cəmiyyəti müzakirələr aparmalı, əhali arasında müzakirələr keçirməlidir”.
Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, Azərbaycanda mina qurbanlarının sayı Qafqazdakı mina qurbanlarının sayından iki dəfə artıqdır:
“Bu, çox ciddi rəqəmdir. ANAMA ölkədəki minalarla bağlı hesabat hazırlayaraq 90 ölkədə fəaliyyət göstərən 1 400 təşkilata göndərilib.
Ermənistanın Azərbaycan ərazilərində mina tələlərini qurması beynəlxalq konvensiyalara ziddir. Ermənilər mina xəritələrini hələ də gizlətməkdə davam edir. Minalanmış ərazilər həm də ekoloji problemlər yaradır. Artıq azad olunmuş ərazilərə köçürülmələr başlayıb və bu proses davam edir. Bunun üçün əhaliyə müraciətlər olunmalı, maarifləndirmə tədbirləri aparılmalıdır. Dünyanın bir çox ölkələrində insanlar minalanmış ərazilərin yaxınlığında yaşayırlar. Bu prosesdə maarifləndirmə işləri vacibdir”.
QHT nümayəndələri tədbirin nəticəsi kimi Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından mina terroru ilə bağlı bəyanatın ünvanlanmasının əhəmiyyətini qeyd ediblər.
Tədbirin sonunda bəyanat səsləndirilib.