“Alimlər, elm adamları hər zaman cəmiyyətdə seçilən və sevilən insanlar olublar. Fikir dahilərindən birinin dediyi kimi, alimin qayğısı altında olan insanlar valideynlərinin qucağındakı uşaq kimidirlər. Tanrı elm adamlarını xilaskar kimi, insanlığın qorunması üçün yaradıb. Cəmiyyət qarşısında xidmətləri isə bütün zamanlarda elm adamına böyük sevgi yaradaraq onu ən ali məqama yüksəldib. Zərifə xanım Əliyeva da cəmiyyətin həyatında silinməz iz qoyan şəxsiyyətlərdən idi. Bu il çox əlamətdar, tarixi hadisələrlə yadda qalır. Ulu öndərimiz Heydər Əliyevin və görkəmli elm xadimi, tibb elminə çox böyük töhfələr vermiş, tanınmış ictimai xadim, həkim-oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür”.
Bunu Oxu.Az-a millət vəkili Rəşad Mahmudov akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.
Deputat Zərifə Əliyevanın qaranlıqda nur yaradan, fəaliyyəti ilə cəmiyyəti aydınlığa aparan ictimai xadim kimi yaddaşlarda qaldığını qeyd edib:
“Akademik Zərifə Əliyeva alim kimi təkcə Vətəni Azərbaycanda deyil, dünya miqyasında tanınıb, onun tibb elminə verdiyi töhfələr bir çox dünya ölkələrində təqdir edilib. “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin, sanballı elmi tədqiqatların müəllifi olan Zərifə xanım Əliyeva tibb elmi üçün hadisə sayılacaq fundamental elmi araşdırmaları ilə Azərbaycanı dünya miqyasında şərəfləndirən və tanıdan nadir alimlərimizdəndir. Bu qayğıkeş və nurlu insanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. Onun Azərbaycanda geniş yayılmış göz xəstəliklərindən traxomanın, həmçinin digər göz xəstəliklərinin öyrənilməsi istiqamətindəki fəaliyyəti danılmazdır. Bu sahədə apardığı araşdırmalar, müşahidələrin nəticəsi olaraq irəli sürdüyü effektli müalicə metodları bu gün də oftalmologiyada tətbiq edilir, ilbəil təkmilləşdirilir. Bir həkim kimi Zərifə xanım tibbimizin bu sahəsinin inkişafına böyük təkan verib”.
Rəşad Mahmudov qeyd edib ki, həkim və xəstə arasındakı münasibətləri özünəməxsus formada, kübarlıq və qayğı ilə quran Zərifə Əliyevanın tibb elmində hər kəsə nümunə olacaq etik davranışı bir məktəbdir:
“Onun elmi-təcrübi fəaliyyəti insanlar üçün faydalılığı ilə təkcə ölkəmizdə deyil, beynəlxalq miqyasda da yüksək dəyərləndirilir. Azərbaycanın ilk qadın oftalmoloq akademiki səviyyəsinə yüksəlmiş Zərifə xanım dünya səhiyyəsində istedadlı, şəfqətli və humanist tibb xadimi kimi məşhurlaşıb. Akademik Zərifə xanım Əliyeva oftalmologiya sahəsində aktual axtarışları, elmi yenilikləri, səmərəli nəticələri ilə Azərbaycan qadınının hərtərəfli inkişaf etmiş, qlobal tibbi problemlərin həllində fəal iştirakı ilə fərqlənmiş mükəmməl obrazını formalaşdırıb. Onun şərəfli ömür yolu və elmi fəaliyyəti “Şərq qadını elmdə yox, ailə-məişət qayğılarının həllində fəaldır” kimi əsassız təsəvvürləri alt-üst etməkdə ən önəmli nümunədir. Zərifə xanım xəstələri təkcə həkim kimi deyil, boya-başa çatdığı ailəsinin ali tərbiyəsinə uyğun, hətta deyərdim ki, bir ana kimi qəbul edib, problemlərinin həllinə elə yanaşırdı. Bu nümunə ilə Zərifə xanım həkim həmkarlarının bir-birinə, o cümlədən xəstələrə qarşı münasibətlərinin etik kodeksini sanki sıfırdan yaratmışdı. Müəllim kimi Zərifə xanım Əliyeva Azərbaycan səhiyyəsi üçün məktəb yaradaraq insanlığa, Vətənə bağlılıq kimi humanizm prinsiplərini aşılamaqla, biz həkimlərə əsl örnək olub. Deontologiya elminin incəliklərini özündən sonrakı tibb cəmiyyəti üçün hazırlamaqla Zərifə xanım, əslində, sonrakı illər üçün də səhiyyəmizin inkişaf konsepsiyasını yarada bilib.
Elm bir bitib-tükənməz xəzinədir. “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəllifi olmuş Zərifə Əliyeva dünya tibb elminin inkişafında Azərbaycanın fəal iştirak nümunəsini yaradıb. 12 monoqrafiya, dərslik, o cümlədən dərs vəsaitinin, 150-yə yaxın elmi işin, bir ixtira və 12 səmərələşdirici təklifin müəllifi olan Zərifə xanım öz məhsuldar əməyi ilə Azərbaycan oftalmologiya elmində öz məktəbini formalaşdırıb. Özündən sonrakı nəsillərə bu cür böyük xəzinə ötürmək hər elm adamına nəsib olmur. Akademik Zərifə Əliyevanın fəaliyyətinə nəzər saldıqca elm, bacarıq, empatiya, mərhəmət, şəfqət aydın şəkildə özünü göstərir. Həkimlərimiz tibb elminin əfsanəsi, Azərbaycan qadınının elm obrazı, elm simvolu olan akademik Zərifə xanım Əliyevadan çox şey öyrəniblər və bu gün də öyrənməkdə davam edirlər.
Azərbaycan elminin inkişafında müstəsna xidmətlər göstərmiş akademik Zərifə xanım həm də xilaskarlıq rəmzimiz olan, xalqa atalıq missiyasını şərəflə yerinə yetirərək ümummilli lider statusu qazanmış Heydər Əliyevin ömür-gün yoldaşı olub.
Bununla yanaşı, tariximizdə ilkə imza ataraq, itirilmiş torpaqlarımızı özümüzə qaytarıb, torpaq həsrəti ilə göz yaşına qərq olmuş bir Vətəni zəfər çələnginə bürüyən şərəfli bir xalq liderinin anasıdır. Məhz belə bir ailənin övladı bunu edə bilərdi və belə də oldu. Bu, həm də böyük bir xalqın uca anasının ulu tərbiyəsi idi. Bu gün 100 illik yubileyini qeyd etdiyimiz akademik Zərifə xanım Əliyeva sıralarımızda yoxdur, amma onun unudulmayacaq əziz xatirəsi və ulu tərbiyəsi ilə bütövləşdirilmiş böyük Azərbaycan var. Bir sözlə, Zərifə xanım Əliyeva bu gün də onu tanıyanların qəlbində qayğıkеş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost və səmimi insan kimi yaşayır. Xalqımızın həm ictimai, həm də elmi həyatında xüsusi status qazanmış qadın kimi Zərifə Əliyeva sevgi ünvanımızdır. Bu dahi insanın gördüyü nəhəng işlər, yazdığı fundamental əsərlər, hazırladığı çoxsaylı tibb kadrları onu əbədiyaşar və ölməz edir.
Böyük Səməd Vurğun da “Dahilər anası çağırılır adın” deyəndə məhz akademik Zərifə Əliyeva kimi tariximizi şərəfləndirən, həm öz dövrü üçün, həm də gələcəyə örnək olan bir ananı nəzərdə tutmuşdu”.
Könül Cəfərli