“Zərifə xanım Əliyeva mənim müəllimim olub. O, zamanı qabaqlayan, savadlı, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan, novator alim idi. Hər kəsin hörmət etdiyi, yüksək mənəvi keyfiyyətlərə malik, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsiri olan şəxsiyyətdir”.
Bu fikirləri Oxu.Az-a akademik Zərifə Əliyevanın elmi fəaliyyəti və onun haqqında xatirələrindən danışarkən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Paşa Qəlbinur deyib. Professor xatırladıb ki, Azərbaycanda traxoma xəstəliyinin geniş yayıldığı bir zamanda Zərifə xanım Əliyeva Moskvadan Vətənə qayıdaraq Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayıb:
“O, elmi axtarışlarının ilkin mərhələsini traxomanın müalicəsinə həsr edib. Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olub, təklif etdiyi müalicə metodu tezliklə geniş tətbiq olunub və respublikada traxoma bir xəstəlik kimi ləğv edilib.
Zərifə xanımın bir neçə istiqamətdə apardığı işlər illər keçəndən sonra daha da aktuallaşır, gərəkli olur, qiyməti daha da artır. Məsələn, gözün peşə xəstəlikləri ilə əlaqədar Sovet İttifaqında yaradılan ilk sanballı elmi laboratoriyanı buna misal çəkə bilərəm. Onun rəhbərlik etdiyi, böyük ideyaları reallaşdıran bu kollektivin gördüyü işlərin elmi nəticələri bütün dünyada qəbul olunurdu. Zərifə Əliyevanın əzmkarlığı bu gün bütün həkimlərə nümunə olmalıdır”.
Paşa Qəlbinur Zərifə Əliyevanın Moskvada nəşr olunan, SSRİ-nin ən nüfuzlu oftalmoloji elmi nəşri “Vestnik oftalmologii” jurnalının redaksiya heyətinin üzvü olduğunu vurğulayıb. Onun həmin dönəmdə Moskvada aspiranturada, sonra isə doktoranturada təhsil aldığını söyləyib:
“Zərifə xanımla vaxtaşırı həmin elmi mərkəzdə, müxtəlif elmi toplantılarda, ya da jurnalın redaksiya heyətinin yığıncaqlarına gələndə görüşərdik. Bu qısa görüşlərdə o həmişə çox səmimi olardı, qayğılarımla maraqlanardı. Bir dəfə mənə dedi ki, Heydər Əliyeviç də sənin inkişafını izləyir, uğurların haqqında bizim evimizdə söhbətlər olur. Mən bir az utanaraq ona və Heydər Əlirza oğluna təşəkkür etdim. Bir müddət sonra Ümumittifaq Göz Xəstəlikləri İnstitutunun təqdimatıyla elm sahəsində Ümumittifaq Lenin komsomolu mükafatına layiq görüləndə Heydər Əlirza oğlu məni Moskvadan Bakıya zəng vuraraq şəxsən təbrik elədi.
Akademik Zərifə xanım Əliyeva bir övlad kimi, bir evin, bir kişinin xanımı kimi, bir ana kimi, alim, müəllim, vətəndaş kimi, həmişə ucalardan ucadaydı”.
Xatırladaq ki, akademik Zərifə Əliyeva keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Görkəmli oftalmoloq 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Aysel Aslan