• Be. Noy 25th, 2024

Əliyev-Paşinyan görüşü: Hərb və sülh, Azərbaycanın güc prosedurlarını dayandırmamaq üçün səbəbi – TƏHLİL

ByYenigun.news

İyn 2, 2023


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Kişineuda keçirilən görüşdə həlledici bir nəticə hasil olmadığı görünür.

Yeganə yenilik bu idi ki, Əliyev-Paşinyan danışıqları beştərəfli formatda idi:

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ənənəvi moderator;

Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazda ölkəsinin gizli gündəmini həyata keçirən fiqur;

Almaniya Kansleri Olaf Şolts Fransanın regional və qlobal ambisiyalarının Azərbaycana tuşlanan oxlarını neytrallaşdıran tərəf. 

Yekunda, Mişel koordinasiyaedici idi, Makron və Şolts isə qeyri-formal tərəf kimi çıxış etmək məcburiyyətində qaldılar.

Görüşün nəticəsində başqa bir nüans görünür: bu, Qərb mərkəzli danışıqlar olsa da, ona anti-Rusiya ovqatı fonu verilmədi, bu, əslində, yaxşıdır, çünki Moskvada keçirilə biləcək müzakirələrin pozitiv istiqamətə yönləndirilməsini şərtləndirir.

Fransa lideri ilə Almaniya kanslerinin görüşdəki iştirak səviyyəsi Rusiyanın ürəyincədir, bu iki ölkə NATO üzvü olsa da, Kreml əleyhinə müqavimət orbitində geniş təmsilçilik nümayiş etdirmir.

Qısası, Kişineu görüşü hər kəsin, o cümlədən ABŞ-nin də istədiyi sülhyaratma prosesinin davamı kimi yadda qalır, təhlükəsizlik, sülhlə bağlı qavrayışları həlledici formada uyğunlaşdırır.

Sülh isə qapının kandarına yaxınlaşmayıb, hələ çox işlər görülməlidir. Belə ki:

– Azərbaycanla Ermənistan arasında çılğın mübahisələr yumşalmalıdır,

– Bakının şərtləri əsasında İrəvan bir çox komponenti vahid yanaşmada əks etdirməlidir,

Bunlara sərhədlərin delimitasiyasından tutmuş, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmaları, Ermənistanın silahlanmaya getməyəcəyinə dair öhdəliklərə qədər geniş diapazonlu paket daxildir.

Hamısını eyni qovluğa yığmaq, təbii ki, vaxt aparacaq və İrəvan zaman intervalında diplomatik çək-çevirlərini hərbi təxribatlarla tamamlamağa cəhd göstərə bilər. Azərbaycan Ermənistanın bu şakərinə bələd olduğundan preventiv tədbir kimi İrəvanın təxribatlarını qabaqlamağı düşünür – buraya həm döyüş əməliyyatları, həm kəşfiyyat-nəzarət tədbirləri, həm də diplomatik-siyasi həmlələr paketi daxildir.

Yəni Azərbaycan sülhyaratmada tətbiq edilən güc prosedurlarını dayandırmayacaq.

Ermənistan üzərinə yüklənən ağırlığı yüngülləşdirmək üçün qlobal tərəzidə rəqib gözlərə baxışını “eyni anda iki stulda oturmaq” prinsipi ilə müəyyən etməməlidir, yalnız regional sülh və təhlükəsizlik orbitinə köklənməlidir.

Fokuslanmaq üçün Avropa İttifaqının moderatorluğu etibarlı praqmatiklik təqdim edir, lakin diqqətdə saxlanılmalıdır ki:

– Rusiya və ABŞ Avropa İttifaqını çəkişdirir, səylərini pozan narrativləri gündəmə gətirirlər;

– Avropa İttifaqı öz narrativlərindən kənara çıxıb aşkar şəkildə ABŞ-nin maraqlarına xidmət etdiyini göstərəndə Moskvanın rəngi qaçır;

– Fransa Avropa İttifaqının üzvü olsa da, regional oyun qaydalarında məxfi gündəlik formalaşdırmağa çalışır.

Avropa İttifaqı ayrıca olaraq səliqəli davranış modelini saxlamalıdır, gülünc iddialar və açıq-aşkar yalanların Ermənistanın nəfinə keçməsinin qarşısını alan mexanizm yaratmağı bacarmalıdır.

Avropa İttifaqı bu mexanizmi ərsəyə gətirmək üçün yeni görüşlərə ehtiyac duyur, ona görə də qərara alınıb ki, iyulun 21-də Brüsseldə növbəti üçtərəfli görüş keçirilsin.

Bu dövr ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşü nəzərdə tutulur – burada daha çox iki Cənubi Qafqaz ölkəsinin marağında olduqları sülh müqaviləsinin mətni müzakirə oluna bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir