İyunun 1-i Moldovanın paytaxtı Kişineuda Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə beştərəfli, qeyri-rəsmi görüş keçirilib. Liderlərin müzakirəsinin əsas mövzusu sülh müqaviləsi ilə bağlı danışıqların davam etdirilməsi olub. Görüşdə, həmçinin iyulun 21-də Brüsseldə növbəti üçtərəfli müzakirə keçirilməsi razılaşdırılıb. Buna qədər isə Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda bir araya gələcəklər.
Kişineu görüşü gündəmdən çıxmadan Moskvada üçtərəfli İşçi Qrupunun 12-ci iclası baş tutdu. Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya baş nazirinin müavini Aleksey Overçukun müzakirələrindən sonra bir sıra nəticələr əldə edilib. Xüsusilə, Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi üçün ümumi anlaşmaya gəlindiyi vurğulanıb.
Liderlərin və İşçi Qrupunun görüşlərinin nəticəsi haqqında Oxu.Az-a danışan politoloq Fikrət Sadıxov hesab edir ki, Kişineu görüşünü xüsusi təşkil edilmiş görüş kimi qiymətləndirmək doğru olmaz. Çünki bu, “Avropa siyasi birliyi”nin Zirvə toplantısı çərçivəsində keçirilən beştərəfli müzakirə idi:
“Görüşdə ciddi bir sənədə imza atılması, ciddi razılıq əldə edilməsi gözlənilmirdi. Amma bunu Brüssel təmasının davamı kimi qəbul etmək olar. Həm də Almaniya kanslerinin iştirakı ilə bütün dünyaya sübut edildi ki, Avropanı təkbaşına Makron təmsil etmir və belə hüququ da yoxdur.
Moskvada isə baş nazirlərin müavinlərinin görüşündə Arazdəyən-Culfa-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası haqqında razılıq əldə olundu. Bu, müsbət haldır. İşçi Qrup üzvləri anlaşmaya birbaşa qol çəkə bilməzlər, təbii olaraq, məsələ dövlət başçılarına təqdim ediləcək, ancaq onların son sözü ilə qərar veriləcək. Hər bir halda bu nəticə bizim xeyrimizə və maraqlarımıza cavab verir”.
Fikrət Sadıqov erməni tərəfinin bu razılaşmaya da əngəl törədəcəyini istisna etmir. Politoloq düşünür ki, Ermənistan müxtəlif bəhanələrlə anlaşmanın həyata keçirilməsini ləngitmək istəyəcək:
“Sərhəd postlarının quraşdırılması, hansı qüvvələrin marşrut üzrə nəzarəti həyata keçirməsi, Azərbaycanın bu prosesdə yeri və rolu, ermənilərin qane olub-olmaması mübahisələr yarada bilər.
İstənilən halda prinsipial məsələ həll olundu. Ermənistan hələlik heç bir problem yaratmır.
Bizim sistemli şəkildə yürütdüyümüz diplomatik addımların nəticəsi hasil olur. Bunu etməsəydik, erməni tərəfi bir neçə il müxtəlif maneələrlə nəqliyyatın bərpasını ləngidəcəkdi. Yeni razılaşma tam mənada bütün məsələləri həll etmir. Ermənilərin Qarabağda normal yaşaması, Azərbaycan qanunlarına tabe olması, separatçıların çıxarılması, qeyri-qanuni erməni dəstələrinin geri çəkilməsi və s. hələ də açıq qalan məqamlardır. Yenə də indiki formatda əldə olunan razılıq bizim maraqlarımıza cavab verir”.
Aysel Aslan