Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin üzvü, AŞPA-nın İnsan Hüquqları üzrə altkomitəsinin sədri Kamal Cəfərovun Qərbi Azərbaycan mövzusu ilə bağlı irəli sürdüyü bəyannamə Assambleya üzvlərinin yetərli sayda dəstəyini əldə edərək AŞPA-nın rəsmi sənədi kimi dərc olunub.
Bu barədə Qərbi Azərbaycan İcmasının Mətbuat Xidmətindən məlumat verilib.
10 dövlətdən (Almaniya, Avstriya, Azərbaycan, İtaliya, Latviya, Niderland, Polşa, Rumıniya, Türkiyə Ukrayna) olan, AŞPA-nın üç siyasi qrupu təmsil edən 31 üzvünün imzaladığı bəyannamə Avropa Şurasını və beynəlxalq ictimaiyyəti Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə və AŞPA məruzəçilərini bu məsələni öz gündəliyinə daxil etməyə çağırır. Sənəddə Ermənistan hökumətindən öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıdışının təmin edilməsi, onların təhlükəsizliyinin zəmanət altına alınması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi tələb olunur.
Qərbi Azərbaycan İcması bu sənədi Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına dəstəyin artması istiqamətində mühüm addım hesab edir.
“Doğma torpaqlarından qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnun müdafiəsi və ədalətin təmin edilməsi” başlığı altında yayılan bəyannamənin tam mətni aşağıdakı kimidir:
“Biz, bu sənədi imzalayanlar olaraq, etnik təmizləmə və məcburi kütləvi deportasiya nəticəsində azərbaycanlıların məruz qaldıqları haqsızlıqlardan dərin narahatlıq hissi keçirərək,
Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin dövlət orqanları tərəfindən sistemli şəkildə həyata keçirildiyini nəzərə alaraq,
Azərbaycan mədəni irsinin Ermənistanda sistemli şəkildə məhv edilməsindən dərin narahatlığı ifadə edərək və bu ölkəyə faktaraşdırıcı missiya göndərməsi istiqamətində UNESCO-ya çağırışları xatırladaraq;
Geri qayıtmaq hüququnun Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit edildiyini vurğulayaraq,
1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasını (İcma) öz doğma torpaqlarından qovulmuş azərbaycanlıları təmsil edən birləşdirici səs kimi tanıyaraq,
İcmanın Ermənistana dialoq təklifini alqışlayaraq,
İcmanın dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini dəstəkləməsini təqdir edərək,
İcmanın öz evlərinə qayıtdıqdan sonra ermənilərlə dinc yanaşı yaşamaq istəyini də yüksək qiymətləndirərək,
Avropa Şurasını Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq,
Avropa Şurası Parlament Assambleyasının məruzəçilərini Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququnu müzakirə etməyə çağırırıq,
İcmanın dialoq çağırışlarına cavab verməsi, azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz geri qayıdışını təmin etməsi, onların təhlükəsizliyini zəmanət altına alması, beynəlxalq missiyaların bu prosesə kömək qismində göndərilməsinə razılıq verməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış edirik”.