• Ç. Noy 27th, 2024

Əfqanıstanlı jurnalist: “Azərbaycanlılar burada yaşamır, sadəcə, sağ qalmağa çalışırlar” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

İyn 23, 2023


Dünyanın diqqəti Rusiyanın Ukraynaya təcavüzünə yönəldiyi bir vaxtda Əfqanıstanda hələlik çox az adamın diqqət yetirdiyi yeni təhlükə meydana gəlməkdədir.

Belə ki, “Taliban”ın ən radikal qanadı olan “Haqqani Şəbəkəsi” yeni ərazilərin işğalına hazırlaşır.

Minlərlə terrorçu Əfqanıstanın şimalına toplanır, kamikadzelər hazırlanır.

Bütün bu təhlükəli tendensiyaların fonunda isə Əfqanıstanda etnik azərbaycanlılar da daxil olmaqla, əhalinin 95%-i acınacaqlı şəraitdə yaşayır.

Oxu.Az bütün bunlar haqqında bir müddət əvvəl Əfqanıstanda səfərdə olmuş əfqan ictimai xadim, jurnalist Esmatulla Abdali ilə danışıb:

– Əfqanıstanda əhalinin, demək olar ki, 95%-i terror, qorxu və yoxsulluq içərisində yaşayır. Kimin biznesi, malı-mülkü varsa, satmağa çalışır. Hamı ölkədən qaçmağa və ya heç olmasa, övladlarını qonşu dövlətlərə göndərməyə çalışır. Məhz buna görə də “Taliban” əhaliyə xarici pasport verilməsini qadağan edib. Əlbəttə, elə həmən “Taliban”dan sözügedən sənədi almaq mümkündür. Xarici pasportun qiyməti 3 000 – 5 000 dollar arasında dəyişir. Bu, Əfqanıstan standartlarına görə, böyük məbləğlərdir. Digər sənədlər də – nikah şəhadətnaməsi, cinayətin olmaması haqqında arayış və sair – hər şey pulla başa gəlir. Ölkədə hazırkı vəziyyətdən razı olan beş faiz əhalidir ki, bunlar da “Taliban”ın öz üzvləri, onların ailə üzvləri və yaxın adamlarıdır. Əfqanıstanda yoxsulluq dəhşətli həddədir. İnsanlar böyrəklərini satırlar. Yeməyə heç nəyi olmayan uşaqların satılması halları kifayət qədərdir. Əsasən də qız uşaqları satılır. Qız uşaqlarının təhsil alması qadağan edilib, qadınlar işləyə bilməzlər.

– Əfqanıstanın hansı vilayətlərində oldunuz?

– Mən Əfqanıstana Tacikistan ərazisindən daxil oldum. Gündüzə, Pərvana, Qəzniyə, Kabilə, Bəğlana, Qəndəhara, Hilməndə, Zabula və sair yerlərə səfər etdim.

– Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyət necədir?

– Əfqanıstanda İŞİD-in çoxlu sayda üzvləri var və “Taliban” onlarla mübarizə aparmır. İŞİD böyük yaşayış məntəqələrində hər gün azı üç-dörd adam öldürür. Amma bu məlumatları yaymaq olmaz, heç kim bu haqda yazmır, televiziya ekranlarından baş verənlər göstərilmir. Yerli əhali isə qorxusundan “Taliban” haqqında pis söz deməməyə çalışır. “Taliban”ın sıralarında ən böyük təhlükə saçan radikal qanad “Haqqani Şəbəkəsi”dir. Onlar məqsədyönlü şəkildə müəllimləri, savadlı insanları təqib edirlər. Eyni zamanda, Əfqanıstanda söyləyirlər ki, “Haqqani Şəbəkəsi” də İŞİD kimi Qərbin nəzarəti altındadır.

Mən sizə başqa bir hekayəni danışım. Bir dəfə mənim tanışlarım Qəndəharın qubernatoru ilə danışıb ondan soruşublar ki, niyə o, şəhərə çıxmır, insanlarla təmas qurmur. O isə cavabında deyib ki, Qəndəhar sakinləri ilə ünsiyyət qurmaq yox, əvvəlki hökumət dövründə burada yaşayan bütün kafirləri öldürmək istəyir.

“Haqqani Şəbəkəsi” təkcə Əfqanıstan üçün təhlükə demək deyil. Onlar, həmçinin, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan və Rusiya üçün təhlükə yaradırlar. Və qeyd etmək istəyirəm ki, dünyada hələ heç kim “Taliban” rejimini tanımadığı üçün onlar nisbətən “yumşaq” davranırlar. Bunu mənə “Taliban” sıralarında olanların özləri deyiblər. Ancaq onlar çox gözləmək niyyətində deyillər.  “Taliban” üzvləri məndən Əfqanıstana yenidən səfər edib-etməyəcəyimi soruşurdular. Cavab verdim ki, ola bilsin, bir ildən sonra səfər edəcəyəm. Onlar gülüşdülər və dedilər ki, o vaxta qədər həm Tacikistanı, həm Azərbaycanı, həmçinin islam dünyasının əhəmiyyətli bir hissəsini ələ keçirib (buraya Rusiyanı da daxil edirlər), əmirlik, ya da xilafət yaradacaqlar.

– Amma Əfqanıstan nə Azərbaycanla, nə də Rusiya həmsərhəddir…

– Axı onlar həmçinin İranı və həmsərhəd ölkələri işğal edib digər ərazilərə soxulmağa hazırlaşırlar. “Taliban” Qara dənizə çıxmağı düşünür. Hər halda, onlar tərəfindən belə bəyanatlar səsləndirilir. Bir müddət əvvəl İran-Əfqanıstan sərhədində gərginlik yarandı, bu, ciddi təhlükədir. “Taliban” öz ətrafındakılara təhlükə yaradır.

– Bəs Əfqanıstandakı etnik azərbaycanlıların – qızılbaşların, əfşarların vəziyyəti necədir?

– Onlar yaşamırlar, sadəcə, sağ qalmağa çalışırlar, evlərindən belə çıxmırlar. Onlar bizneslə məşğul ola bilmirlər, “Taliban”, xüsusən də “Haqqani Şəbəkəsi”nin tərəfdarları, onları nədəsə günahkar hesab edirlər, bu şəxslər təqib olunurlar, döyülürlər, hətta öldürülə bilərlər. Amma təkcə azərbaycanlılar yox, başqa millətlərin nümayəndələri də əziyyət çəkirlər. “Taliban” üçün insanların ruhani lider olan əmirə itaət etmələri və sünni məzhəbində olmaları şərtdir.

– Amma “Taliban” hərdən beynəlxalq tədbirlərə dəvət olunur. Bu yaxınlarda onların nümayəndə heyəti Kazanda idi, Qətərə səfərləri olub və sair. “Taliban”ın tanınması istiqamətində proses gedirmi?

– Düşünürəm və ümid edirəm ki, dünya “Taliban”ın Əfqanıstanda törətdiklərini nəzərə alıb onları tanımayacaq. Bəli, onları bəzən Rusiyaya da, Qətərə də, başqa yerlərə də dəvət edirlər. Amma bunlar tanınma yox, sadəcə, danışıqların aparılması üçündür. Bir çox ölkələr “Taliban”ın Əfqanıstanda İŞİD-ə qarşı döyüşməsini istəyirlər, lakin “Taliban” artıq uzun müddətdir ki, bunu etmir.

Əfqanıstanın şimalında İŞİD döyüşçüləri var, onların sayı minlərlədir və mən bütün bunları şəxsən müşahidə etmişəm. Hərbi bazalar var ki, orada kamikadzeləri hazırlayırlar. Bu bazalardan təkcə birində 5 000 “canlı bomba” hazırlanır. Ölkənin şimal bölgəsinə Suriyadan, İraqdan, Rusiyadan (əsasən, Şimali Qafqazdan) və sair dövlətlərdən İŞİD tərəfdarları gəlirlər. “Taliban” onlara dözümlü yanaşır. Taliblər “Əl-Qaidə”ni özlərinə böyük qardaş hesab edirlər.

Düşünürəm ki, son vaxtlar Rusiya da başa düşüb ki, “Taliban”la danışılası bir şey yoxdur. Hazırda Rusiya diplomatları Moskvada “Taliban”ın səfirliyinin açılmasının əleyhinədirlər, bir il əvvəl isə fərqli bəyanatlar səsləndirilir, “Taliban”ın danışıqlara meyilli olmasını dilə gətirirdilər.

 

– Yeri gəlmişkən, Əfqanıstanda axı müqavimət də var, Pəncşir dərəsindəki silahlı müxalifətdən söhbət gedir.

– Bəli, var, amma çox zəifdir. “Taliban” iki ilə yaxındır ki, hakimiyyətdədir və dünyanın müxtəlif yerlərində mövcud olan terror təşkilatlarının üzvləri, misal üçün, İŞİD-çilər, Pakistandan olan taliblər, “Hizb-ut-Təhrir”dən olan özbəklər, radikal taciklər və başqaları Əfqanıstana axışıblar. Ona görə də dünya hələ “Taliban”ın yaratdığı təhlükənin miqyasını düzgün qiymətləndirmir.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir