“7 ay əvvəl Azərbaycan hökuməti Qarabağ ermənilərini lazımi humanitar yardımla təmin edə biləcəyini açıqlamışdı. Təəssüf ki, Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz “hakimiyyət” xaricdəki erməni diasporunun və üçüncü tərəflərin dəstəyi ilə Qarabağdakı erməniləri Azərbaycan rəhbərliyi ilə istənilən təmasdan çəkinməyə razı saldı”.
APA xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin şərhində deyilir.
Onun sözlərinə görə, əslində Laçın yolundakı böhran süni yaradılıb və bu vəziyyətdən çıxış yolları mövcuddur:
“Bunun üçün ilk növbədə Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalı və bu, qarşılıqlı öhdəlik sənədinin – sazişin imzalanması ilə hüquqi cəhətdən təsdiqini tapmalıdır”.
Fərid Şəfiyev qeyd edib ki, ikinci məsələ ermənilərin reinteqrasiyasıdır.
“Aşağıda qeyd olunan səbəblərdən Qarabağda erməni separatizmini dəstəkləyən bəzi xarici qüvvələrin təzyiqləri nəticə verməyəcək:
1. Hüquqi cəhətdən Azərbaycanın öz sərhədlərində sərhəd-buraxılış məntəqələri qurmağa tam haqqı var. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən qeyd-şərtsiz tanınır.
2. Qarabağ ermənilərinin qanunsuz “liderləri”nin Azərbaycan hökuməti ilə kontaktdan çəkinməyə dair istənilən xəbərdarlıqlarına baxmayaraq, ermənilər bu yoldan və məntəqədən istifadə edirlər. Beləliklə, biz əslində özlərinin süni şəkildə tətbiq etdikləri və təbliğat məqsədi ilə istifadə olunan “blokada” ilə üz-üzəyik.
3. 10 noyabr 2020 tarixli Üçtərəfli Bəyanata istinad (məsələn, AŞPA-nın 22/06/2023 tarixli qətnaməsi) qismən və natamamdır. Həmin 10 noyabr 2020-ci ilin bəyanatda qeyd olunur ki, Azərbaycan yol boyu təhlükəsizliyi təmin etməlidir. Halbuki bəyanatın əksinə olaraq həmin yol hərbi məqsədlər üçün istifadə olunurdu. Üstəlik, həmin sənədin digər bəndləri (Naxçıvana maneəsiz keçidin təmin edilməsi və erməni silahlıların Qarabağdan tam çıxarılması) yerinə yetirilmir.
4. 1992-ci il mayın 18-də işğal olunmuş və 1993-cü ilin sonlarında Azərbaycanın digər rayonlarının da işğalına yol açan Laçın Ermənistanın “miatsum” yolu idi. Buna görə də bu yola tam nəzarət etmək Azərbaycanın milli təhlükəsizliyi baxımından çox vacibdir.
5. Bəzi siyasətçilərin qərəzli mövqeyi, erməni diasporunun lobbiçilik səyləri və digər təbliğat fəaliyyətləri region uçun son dərəcə vacib olan sülhü ləngitməyə xidmət edir. Nəticə etibarilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ərazi bütövlüyünü qorumaq və etnik təmizləmə və dağıntılardan zərər çəkmiş əhalinin təhlükəsizliyini təmin etmək kimi strateji hədəflərinə nail olmaq trayektoriyasında irəliləyir.
6. Əslində hər iki ölkə əhalisinin zərər gördüyü zorakılığa və qarşılıqlı nifrətə son qoymaq üçün şans yaranıb. Bununla belə diaspora və ya qərəzli oriyentalist və dini elementlərlə zəhərlənmiş ideologiyalara bağlı, miyopik və mənfəətpərəst maraq güdən bəzi siyasətçilər sözügedən diplomatik səyləri təhdid altına alırlar”, – o vurğulayıb.