Rusiya siyasi teatrındakı “tamaşa”da baş rollardan birini alan “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin qüvvələrini tutduğu yerlərdən geri çəkmək barədə qərar verdi.
Qeyd edək ki, Kreml hadisələrə qədər hakimiyyət daxilindəki çəkişməni ört-basdır etməyə çalışırdı. Lakin Priqojinin Moskvaya yürüşü səbəbindən asılı olmayaraq örtüyü götürdü və aydınlaşdı ki, saray daxilində tarazlıq yoxdur və bu, qeyri-stabillik üçün zəmin hazırlayır.
Ukraynadakı müharibədə Rusiyanın düçar olduğu taktiki uğursuzluqlar Priqojinin simasında təcəssüm edərək Rusiya elitasındakı fikir ayrılıqlarını suyun dibindən üzə çıxardı.
Priqojinin qiyamı (ya da adını nə qoyuruqsa-qoyaq) Rusiya sisteminin institutlarını deyil, Prezident Vladimir Putinin əsas hakim olduğu himayədarlıq şəbəkələrini qismən də olsa sarsıda bildi. Lakin Putinin zəifləməsi ilə Rusiyanın regional siyasətdə münaqişələri nəzarətdən çıxarmağı mümkün idi, ona görədir ki, üsyan trayektoriyası həm Ukrayna, həm də beynəlxalq güclər tərəfindən xüsusi həssaslıqla izlənilirdi.
O da əvvəlcədən bilinirdi ki, mövcud qüvvələrin sayı baxımından Priqojinin Putini devirmək üçün şansı yox idi.
Yaxşı, görəsən, başqa nələr baş verdi, cənab Priqojinlə Prezident Vladimir Putin pərdə arxasında hansı sövdələşməyə getdilər ki, “Vaqner”in hərəkətinə stop qoyuldu?
Sövdələşmənin üzdə olan elan mətni Belarus Prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ilə razılaşdırılıb.
Əlavə olaraq, elandan öncə Putin Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları apararaq Rusiyadakı hadisələr barədə onları məlumatlandırıb.
Telefon diplomatiyası üzrə trafikdə Putinə ən vacib dəstək Ərdoğan və Lukaşenkodan gəlib, hərçənd, Türkiyə lideri Rusiyaya dəstək, Belarus rəhbəri isə moderator kimi vasitəçilik ruhuna “sadiqlik” nümayiş etdirib, amma hələ də aydın deyil ki, Putin məsələ barədə Özbəkistan Prezidenti ilə niyə danışıb.
Qazaxıstan başadüşüləndir, çünki o, KTMT-nin üzvüdür, Türkiyə isə Moskva üçün dəyərli strateji tərəfdaşdır. Amma Özbəkistanla bağlı aydın fikirlər yoxdur, ola bilsin ki, Putin hadisələrə beynəlxalq rəqabət fonu verərək dəstək axtarmaq üçün növbəti hədəflərdən birinin Özbəkistan ola biləcəyini qeyd edib.
Bu fikri gücləndirəcək bəyanat vaxtı ilə Lukaşenkonun dilindən səslənib, o, Qazaxıstandakı iğtişaşlardan sonra Özbəkistanın hadisələrdən dərs çıxarması çağırışını etmişdi, təbii ki, bu, onun öz ritorikası yox, Kremlin lüğət fonduna yerləşdirdiyi ifadələr idi.
O da maraqlıdır ki, Rusiya prezidentinin hər dörd həmsöhbəti yaxın keçmişdə öz ölkələrində kütləvi etirazlar və iğtişaşlarla üzləşib.
Moskva-Daşkənd danışıqlarına Rusiyadakı hərbi çevrilişə cəhd fonunda qiymət vermək bir qədər çətindir, amma hər halda Putinin Özbəkistan lideri ilə müzakirəsi diqqətə alınası ciddi məqamdır.
Hadisələrin axarında ABŞ Dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında da telefon danışığı baş tutdu, deməli, vəziyyətin beynəlxalq konyunktura təsir dairəsi barədə ciddi siqnallar gəlibmiş.
Priqojin geri çəkilibsə, telefon diplomatiyasındakı tezislər burada əhəmiyyətli rol oynayıb, lakin hələ də aydınlaşmır ki, “Vaqner” rəhbəri Ərdoğanın Putinə dəstəyinin çalarlarından qorxdu, yoxsa ümumiyyətlə onun hərəkətləri müdafiə naziri Sergey Şoyqu ilə Baş Qərargah rəisi Valeri Gerasimovun vəzifədən uzaqlaşdırılması əməliyyatının tərkib hissəsi idi. İkinci versiyanı güclü hesab etsək, onda qeyd edə bilərik ki, Putinlə Priqojin anlaşıblar.
Onda demək mümkündür ki:
– Putinin əsas məqsədi saray daxilindəki rəqiblərini zərərsizləşdirmək aktını həyata keçirmək olub;
– Priqojinə Lukaşenko vasitəsilə daha geniş səlahiyyətlər vəd edilib.
Priqojin qüvvələrinə geri çəkilmək əmrini rus qanının tökülməməsi ilə əlaqələndirsə də, çox güman ki, “Vaqner” qrupunun rəhbəri şəxsən əhəmiyyətli güzəştlər alıb.
Ancaq Priqojinin Belarusa getmək istəyi onun qorxularını büruzə verir, yəni o düşünə bilər ki, Rusiyada qalsa, oyun qaydaları əl dəyişib onun məhvinə gətirib çıxarar.
Versiyalar müxtəlifdir, görünən isə budur ki, Putin “Vaqner”in irəliləyişinə qarşı təsirli və sürətli cavab vermək üçün mübarizəsini əsirgəmədi.
Lukaşenkonun vasitəçiliyi ilə əldə edilən razılaşmadan sonra “Vaqner”lə bağlı iki versiya da ağlabatan səslənir.
Birincisi, muzdlulardan ibarət “Vaqner”in öz hakimiyyətinə təhdid yarada biləcək səviyyədə şişməsindən sonra Putin bu qurumun ləğvini sürətləndirəcək, onu yenidən formalaşdırmağı yeni imkanlarla təyin edəcək.
İkincisi, Priqojin Putinin kölgəsi altında formalaşacaq təşkilata rəhbərliyi saxlayacaq və ona Ukraynadakı əməliyyatlarla bağlı geniş səlahiyyət veriləcək.
Hansı versiyanın doğru olduğu zamanla üzə çıxacaq, indi elə bir mərhələdir ki, hadisələrin planlanması gedir və hər şey gedişatın “yol xəritəsi”nə uyğun olub-olmamasından asılı olacaq.
Hadisələrin genişmiqyaslı təhlili Çin amilini də aktual edir, Pekin Rusiya-Ukrayna müharibəsinin hərbi-siyasi nəticələrinə hazırlaşır, amma o, Priqojinin qiyamı kontekstində özünü rəsmi formada kənarda tutur.
Hərçənd, Çinin “People’s Daily” kimi nüfuzlu dövlət mediası Pekin üçün Putinin Priqojindən üstün olmasına eyhamlar vurur. Çin üçün Priqojin civə kimidir, onun hakimiyyət zirvəsinə qalxması Pekinlə əlaqələrdə narahatlıqlar yarada bilərdi – ən azından, Çin bunu düşünə bilər.
Ancaq Priqojin çevriliş cəhdini bərpa etsə, Çin kəşfiyyatı Putinə dəstəyi riskli versiya kimi nəzərdən keçirər.
Priqojinin Çin üçün daşıyacağı risklərə baxmayaraq, Çin hadisələri formalaşdırmağa cəhd etməkdənsə, onları kənardan müşahidə etməyə üstünlük verəcək.
Aqşin Kərimov