Bəziləri Fransada baş verən qanun pozuntularını, özbaşınalığı demokratiya və s. kimi dəyərləndirməyə səy göstərirlər. Ancaq bu ölkənin keçmişi də, indiki vəziyyəti də beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Bu baxımdan Fransa hakimiyyəti özünü demokratiya adı altında, yaxud ermənilərin hüquqlarını yersiz müdafiə ilə gizlədə bilmir.
Ötən gün Fransanın Nanter şəhərində polis tərəfindən əslən Əlcəzairdən olan Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polisin “İndi başından vuracağam” ifadəsi də aydın eşidilir. Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb. Bu, 2023-cü ildə Fransada yol polisi tərəfindən öldürülən ikinci şəxsdir. Hadisənin irqi zəmində baş verdiyi istisna edilmir.
Ötən il isə eyni hadisə səbəbindən 13 nəfər öldürülüb. Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib. 24 aksiyaçı saxlanılıb.
Əslində, statusu, dini, irqi və dərisinin rəngindən asılı olmayaraq, qanunu, asayişi pozan istənilən şəxs polisin göstərişinə əməl etməlidir. Ancaq burada bir nüans var. Polisin soyuqqanlılıqla silahsız yeniyetməni qətlə yetirməsi Fransanın hakimiyyət nümayəndələrinin irqçiliyinin göstəricisidir. Bu hadisə Fransa cəmiyyətində ciddi narahatlıq yaradıb. Çünki yeniyetmənin hərəkəti tabesizlik deyil, daha çox itaətsizlikdir. Vətəndaşın bu aksiyanı keçirməsinin başlıca günahkarı isə Fransa Prezidenti Emmanuel Makron və hakimiyyətidir. Yelisey sarayı uzun müddətdir vətəndaşların sosial pensiyalar və bu kimi ictimai mahiyyətli tələblərinə əməl etmir. Bu isə cəmiyyətdə hakimiyyət nümayəndələrinə qarşı kin, nifrət yaradır. Bunun nəticəsi isə itaətsizlikdir. Polis bu etiraza qarşı 17 yaşlı Afrika mənşəli yeniyetməni qətlə yetirib. Qətli törətmiş polis həbs edilsə də, bu hadisə kütləvi iğtişaşlara səbəb olub. Bir sıra şəhərlərdə barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar və s. hadisələr baş verib.
Bu, həm də Makron hakimiyyətinin seçicilər və əhali arasında etimadı itirdiyini göstərir. Mövcud hakimiyyət Fransa cəmiyyətində irqi, dini, etnik ayrı-seçkiliyi dərinləşdirir. Fransa cəmiyyəti heç diktator sayılan Şarl de Qollun prezidentliyi dövründə belə zorakılığın şahidi olmayıb. Onda de Qoll diktator sayıldığı üçün onun atdığı addımlar da aşkar tənqid edilirdi. Ancaq Makron özünü demokratik göstərməklə ikiüzlülük edir. O, bu davranışı və hakimiyyəti ilə demokratiyanı, onun dəyərlərinin də dünya ictimaiyyətinin gözündən salır. Ona görə də cəmiyyət kütləvi itaətsizlik göstərir.
İki il əvvəl BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet yaydığı hesabatda bildirmişdi ki, dünyada polis tərəfindən 190 Afrika mənşəli öldürülüb. Onların hamısı irqi ayrı-seçkiliyin qurbanı olub. Onun sözlərinə görə, hadisələrin 98 faizi Avropa ölkələrində baş verib. Afrika mənşəlilər irqi ayrı-seçkiliklə ən çox Fransada üzləşirlər. Bu zorakılığa və aparteidə qarşı çıxanlar isə polis dəyənəkləri, gözyaşardıcı qazlar, bəzən isə güllələrlə qarşılanırlar. Qərb ölkələri isə Fransa da daxil olmaqla başqa dövlətlərdə baş verən uyğun halları demokratik dəyərlərin, o cümlədən sərbəst toplaşmaq, söz və fikir azadlıqlarının pozulması kimi qiymətləndirirlər.
Fransa kimi ölkələr də Afrika mənşəlilərin səsini batırmağa səy göstərirlər. Halbuki Fransa başda olmaqla bəzi Avropa ölkələri uzun illər Afrikada yerli sakinləri soyqırıma məruz qoyublar. Bu ölkələr əvvəllər afrikalıların qul ticarəti ilə məşğul olublar. Onların, o cümlədən Fransanın tarixindəki bu “qara” xəstəliyi heç vaxt təmizləmək mümkün olmayacaq. İnsanlıqdan uzaq əməllərlə məşğul olan Fransa hakimiyyəti o dövrün hakimiyyətlərinin varisi sayılmaqla bərabər həm də əməllərinin davamçılarıdır. Bir zamanlar Afrikada insanları məhkəməsiz qətlə yetirən Yelisey sarayının polisi indi yeniyetməni atəş açaraq qətlə yetirəcəyi ilə hədələyir və sonra bu cinayəti törədir.
Əlcəzairin Reggan və İn Ecker adlanan ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilib. Fransa işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdırıb, indiyədək onların xəritələrini yerli hakimiyyətə verməkdən imtina edir. 1830-1962-ci illəri əhatə edən Əlcəzairin işğalı dövründə 1,5 milyondan artıq insan qətlə yetirilib. Əlcəzair “1,5 milyon şəhid ölkəsi” adlandırılır. Bu, Fransanın təkcə Əlcəzairdə törətdiyi minlərlə cinayətdən bir nümunədir.
Beləliklə, Qərb, o cümlədən Avropanın uyğun institutları Fransa hakimiyyətinin törətdiyi vəhşilikləri hələ də sükutla qarsalayırlar. Yoxsa bu institutlar da susmaqla öz ölkələrinin törətdikləri irqi ayrı-seçkilik, qul alveri kimi cinayətlərə haqq qazandırırlar?
“Report” İnformasiya Agentliyi