Bir neçə əsrlik diplomatik ənənəyə, fundamental xarici siyasət tərzinə malik olan Fransa daxildə bir sıra çətinliklərlə üzləşib.
Fransa iğtişaşlar, etirazlar ölkəsidir, onun hüdudlarında hakimiyyətdən narazı qüvvələr üçün bir qığılcım kifayətdir ki, hakimiyyətə böhran yaşatsın.
Bu baxımdan Fransada əlcəzairli yeniyetmənin polis tərəfindən öldürülməsi ilə başlanan iğtişaşlar texniki baxımdan bir neçə ildən bir təkrarlanan proseslərin məntiqi davamı kimi qəbul edilməlidir.
Mahiyyət nöqteyi-nəzərindən etirazlar beynəlxalq rəqabət fonunda başqa rəng alır.
Fransanın daxildə siyasi çürüklüyü, hökumətin böhranlı hallarda polisi dövlətin ən sərt cəza aparatı kimi işə salması rəsmi Parisin xarici siyasətdəki yanğısı ilə üzləşdiyinin göstəricisidir.
Ona görə də Fransanın xarici siyasətdəki izləri üzrə axtarışlar etmədən hadisələrə birmənalı qiymət vermək olmaz.
Fransa xarici siyasətinin mərkəzində dayanan prioritetləri reallaşdıran alətlərdən məhrum olur, onun sülhü, dövlətlərin təhlükəsizliyini təmin etmək barədə səsləndirdiyi epitetlərinin inandırıcılıq gücü gün getdikcə taqətdən düşür.
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsləri keçmiş səhvlərə görə kompensasiya məsələsini həll etmək əvəzinə, onu daha amansız formaya salır.
Makronun yanaşmaları demokratik dəyərlərin müdafiəsi ilə bağlı insan haqları mərkəzli ritorikadan uzaqlaşdı.
Buna görədir ki, Fransanın kolonial keçmişi onun alnına çırpılan damğaya çevrilir, başqa ölkələrə qarşı neomüstəmləkəçi davranışlarını davam etdirməsi isə ona qarşı qəzəbli tablo yaradır.
Bu, Fransanın beynəlxalq siyasətdəki strategiyasının müdafiə komponentlərini zədələyir, belə məqamda Parisin trayektoriyasının London və Vaşinqton tərəfindən diqqətlə izlənilməsi “göz oxşayır”.
Bu təqib prosesi Fransanın dərdinə yanmaq yox, Parisin etibarsız tərəfdaşlığından cana doymaq prinsipinə söykənir. Ona görə də Fransanın qlobal siyasətdəki aktivlərinin əlindən alınıb Böyük Britaniya-ABŞ rəfinə qoyulması prosesi başlanır.
Afrika materikində Fransanın balansının azaldılması prosesin həlledici mərhələsi kimi başa düşülə bilər, bu istiqamətdə Parisin rəqiblərinin də eyni ox ətrafında fırlandıqlarının əlamətlərini görmək çətin deyil.
Beləliklə:
– Fransanın xarici siyasətinin Afrika hüdudları digər oyunçuları təhlükəsizlik, iqtisadi və hərbi aspektləri yenidən qiymətləndirməyə təhrik edir;
– Afrika cəbhəsində Fransanın maraqları sarsıdılır, nüfuz arxitekturası yenidən formalaşdırılır;
– Rusiya, Türkiyə və Çin ABŞ-Böyük Britaniya ikilisinin Fransanı Afrikadan “qovmaq” planlarını göydəndüşmə fürsətə çevirir;
– Fransa Rusiya və Çinlə əməkdaşlıq modeli qurmağa çalışaraq onlar vasitəsilə itkilərini düzəltməyə çalışır.
Hər halda, Afrika üzrə münasibətlər sistemində yeni bir səhifə açılması cəhdi Fransanın manevr sahəsini daraldır, görünür ki, Paris perspektivdə uğursuzluğa düçar olacağını anlayır.
Hesab aparsaq, Fransanın neokolonial iddiasının qlobal teatrda fərqli bir işıqda görünəcəyini qeyd edə bilərik.
O mənada ki, Fransanın Afrikada üzləşdiyi problemlər, onun digər regionlar üzrə də gündəlik formalaşdırmaq cəhdlərinə maneələr yaradacaq.
Lakin diqqətdən qaçmamalıdır ki, Fransa xarici siyasətdə başqalarını mütiləşdirmək cəhdlərində inadkarlıq göstərir. Bu, qlobal səhnəni qarışdırır, onu sabitlik oxundan çıxaran aktlardan birinə çevirir.
Bu tərsliyi “yumşaldacaq” proses Fransadakı iğtişaşlardır, çünki Parisin aşkar və ya gizli rəqibləri daxildəki dramatik mənzərəni öz xeyirləri üçün istifadə edib, onu güzəşt paketinə məcbur edə bilərlər.
Fransa hökuməti xarici siyasətdəki əzablarının acığını sosial-iqtisadi siyasətinə, daxili təhlükəsizlik qayğılarına haqq qazandırmaqla çıxır. Bunun üçün o, etirazçılara qarşı istənilən zor tətbiqini məqbul sayacaq.
İğtişaşlar Fransanın dünyadakı rütbəsini kiçiltməyə təkan verdikcə, Parisin böhran qövsü genişləndikcə o, həm daxili, həm də xarici siyasət cəbhələrində qəddarlaşacaq.
Aqşin Kərimov