• Ç. Noy 27th, 2024

Qərbi Azərbaycan Xronikası: Ermənilər Karbibasar mahalını necə parçaladılar? – VİDEO

ByYenigun.news

İyl 5, 2023


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə mənfur ermənilərin çirkin vasitələrə əl atıb oğuz-türk yurdlarını mənimsəməklə özlərinə tarixi Azərbaycan torpaqlarında məkan qurduqları mahallardan biri – Karbibasar haqqında süjet hazırlanıb.

“Ermənilər Karbibasar mahalını necə parçaladılar?” adlı süjetdə zaman-zaman Azərbaycanın qədim yaşayış məskənlərinin unudulıması üçün xüsusi əməliyyatlar keçirən ermənilərin saxta iddialarından tarix boyu əl çəkmədikləri qeyd olunur.

Bildirilir ki, Karbibasar mahalı XIV-XIX əsrlərdə inzibati nahiyə kimi İrəvan xanlığına tabe olub: “1590-ci ilin icmal dəftərinə görə, Osmanlı İmperiyasının İrəvan əyalətinə tabe olan Karbi nahiyəsində 73 kənd mövcud olub. 1728-ci ilin icmal dəftərinə görə isə buradakı 166 kəndin 59-u boş qalıb. Burada kameral siyahıyalmadan əvvəl, yəni 1831-ci ildə 2592 nəfər, yəni 300 ailə azərbaycanlı, 5220 nəfər, yəni 892 ailə erməni yaşayıb. 1828-1830-cu illərdə Karbibasar mahalına İrandan 2897 nəfər – 518 ailə, Türkiyədən 176 nəfər – 35 erməni ailə köçürülüb”.

Həmçinin məlumat verilir ki, Qərbi Azərbaycanın Karpibasar mahalının adı 1990-cı illərdən əvvəl Əştərək, azərbaycanlıların sonuncu deportasiyasından sonra isə Araqaçotn adlandırılıb: “Əştərək rayonu 1930-cu il sentyabrın 9-da yadadılıb. Bu rayona 50 kənd daxil edilib və bunlardan 36-sı azərbaycanlı kəndi olub. 1930-cu ilə qədər bu sadaladığımız kəndlər İrəvan xanlığı dövründə Karbibasar mahalına, 1849-cu ildə İrəvan Quberniyası yaradıldıqda əksər kəndlər Eçmüədzin qəzasına, az bir hissəsi Abaran mahalına aid idi.

1827-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər rus-türk müharibələri dövründə xaraba qalan azərbaycanlı kəndlərində müxtəlif ölkələrdən gətirilmiş ermənilər yerləşdirilib. 1905, 1915-ci illərdə ermənilər havadarlarının köməyi ilə azərbaycanlıları xeyli qırdıqdan və didərgin saldıqdan sonra Əştərək rayonunda cəmi 15 min azərbaycanlı qalıb”.

Sonda vurğulanır ki, Ermənistan etnik təmizləmə siyasəti ilə paralel olaraq mahal, yer-yurd adlarımıza qarşı da çirkin kampaniya həyata keçirib: “Düşmənçilik hissi ilə yaşayan ermənilər İrəvan xanlığının tərkibində olan Karbibasar mahalının izini itirməyə çalışsa da tarixin, xalqın, millətin yaddaşından silməyə nail ola bilməyib. Bu gün oğuz yurdunun yetirmələri ata-baba yurdlarının uzunillik həsrətinə son qoymaq üçün qayıdış gününü səbirsizliklə gözləyirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramil İbrahimovun təqdimatında iyulun 5-də  saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Daha ətraflı Baku TV-nin süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir