• Ca. Noy 28th, 2024

“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın addımının legitimliyini təsdiqləyir” – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 7, 2023


“BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin “Laçın” sərhəd-buraxılış məntəqəsinin qeyri-qanuniliyinə və Azərbaycan Respublikasının bütün silahlı şəxslərinin Laçın yolundan çıxarılması tələbinə dair Ermənistanın vəsatətini rədd etməsi çox düzgün qərardır. Bu, rəsmi İrəvanın Azərbaycana qarşı apardığı qərəzli kampaniyanın iflası deməkdir”.

Bu fikirləri Oxu.Az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Deputat bildirib ki, Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılması dövlətimizin müstəsna hüququdur:

“Əslində, Ermənistan tərəfinin bu məsələyə hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır. Yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Bununla yanaşı, 10 Noyabr Üçtərəfli Bəyanatına əsasən, Azərbaycanın Laçın yolu üzərində səlahiyyətləri və suveren hüquqları mövcuddur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək. Sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinin “etnik təmizləmə” məqsədi güddüyü barədə rəsmi İrəvanın cəfəng iddiası qəbuledilməzdir. Məntəqədən Azərbaycanın Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur”.

Millət vəkilinin sözlərinə görə, Ermənistan Azərbaycanın bu yola nəzarət etməsini istəmir, çünki yol vasitəsilə Qarabağda yaşayan erməni separatçılara silah-sursat daşımaq niyyətindədir:

“Belə halların qarşısını almaq üçün Azərbaycan haqlı olaraq Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi yaratdı. Bundan sonra isə erməni tərəfi öz məqsədlərini reallaşdıra bilmədi. Ona görə də beynəlxalq ictimaiyyəti aldatmaq üçün guya Azərbaycanın Laçın-Xankəndi yolunu bağladığı, Qarabağda yaşayan ermənilərin blokadaya alındığı barədə informasiya yaymağa başladı. Bu prosesdə Ermənistanın xarici havadarları da ona ciddi dəstək verirdilər. Lakin videogörüntülər vasitəsilə beynəlxalq birlik Qarabağ ermənilərinin gediş-gəlişinin çox rahat şəkildə təmin olunduğuna şahidlik etdi. Belə olan halda, Ermənistan iyunun 15-də Laçın postunda təxribat törədərək bir hərbi qulluqçumuzu yaraladı. Bundan sonra Azərbaycan tərəfi istintaqın gedişi ilə bağlı yoldan istifadəni məhdudlaşdırdı. Amma Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə insanların gediş-gəlişi təmin olunur. Erməni tərəfi özünün törətdiyi təxribatdan Azərbaycana qarşı istifadə edə biləcəyini düşünürdü. Amma bu baş tutmadı”.

“Azərbaycan güclü dövlətdir və heç bir qüvvə dövlətimizlə təzyiq dili ilə danışa bilməz. “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması da beynəlxalq hüquq normalarına əsaslanır. Ona görə də Beynəlxalq Ədalət Məhkəməsi başqa cür qərar qəbul edə bilməzdi. Məhkəmənin bu qərarı dövlətimizin atdığı addımın legitimliyini bir daha təsdiqləyir. Ermənistan anlamalıdır ki, beynəlxalq ictimaiyyəti aldatmağa çalışmaqla heç nəyə nail ola bilməyəcək”, – deyə Sevinc Fətəliyeva əlavə edib.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir