Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee Qərbi Azərbaycan İcmasını ziyarət edib.
“Report” xəbər verir ki, səfir B.Hayee icmanın idarə heyətinin sədri Əziz Ələkbərli və üzvlərlə görüş keçirib, icmanın nizamnaməsi, strukturu və fəaliyyəti haqqında məlumat alıb.
Görüşdə icmanın rəhbərliyi – idarə heyətinin (İH) sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, İH sədr müavini, millət vəkili Hikmət Babaoğlu, icmanın sözçüsü Ülviyyə Zülfiqar iştirak ediblər.
Qərbi Azərbaycan İcmasının idarə heyətinin sədri Əziz Ələkbərli dost və qardaş ölkə olan Pakistanın ölkəmizdəki səfiri Bilal Hayeeni icmada görməkdən şad olduğunu bildirib. İcma sədri pakistanlı diplomata son 200 ildə azərbaycanlıların başlarına gətirilən müsibətlər barədə danışıb, ötən əsr boyunca dörd dəfə – 1905-06, 1918-20, 1948-53 və 1987-91-ci illərdə onların öz ata-baba yurdlarından, indi Ermənistan adlanan coğrafi məkandan deportasiya edilməsi, bu hadisələr zamanı soydaşlarımıza qarşı törədilmiş insanlıq əleyhinə cinayətlər barədə məlumat verib.
Görüş zamanı aparılan söhbət əsnasında səfirin diqqətinə çatdırılıb ki, Ermənistan hökuməti qovulmuş azərbaycanlıların hüquqlarını bərpa etmək sahəsində tədbir görməkdən imtina edir və onları vətənlərində yaşamaq hüququndan istifadə imkanından məhrum etməkdə davam edir. İcma bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyana müraciət etsə də, dialoqa çağırış cəhdləri cavabsız qalır.
Qeyd olunub ki, Qərbi azərbaycanlıların geri qayıdış hüququ ilə bağlı beynəlxalq miqyasda edilən müraciətlərə mötəbər təşkilatlar tərəfindən reaksiyalar gəlməkdədir. BMT icmanın dörd sənədini – Qayıdış Konsepsiyası da daxil olmaqla – öz rəsmi sənədi kimi yayıb, UNESCO və Aİ-dən icmaya rəsmi şəxslər tərəfindən cavablar gəlib. Bildirilib ki, beynəlxalq ictimaiyyətin dəstəyinə bundan sonra da ehtiyac var.
Səfir Bilal Hayee azərbaycanlıların yaşadıqları ağrı-acıya şərik olduğunu bildirib, Pakistanın hər zaman qardaş Azərbaycan xalqının haqlı mübarizəsində yanında olduğunu və bundan sonra da olmağa davam edəcəyini bildirib.
Bilal Hayee daha sonra icmanın inzibati binası ilə tanış olub.
Əziz Ələkbərli xatırladıb ki, icma son 200 ildə öz torpaqlarından qovulmuş insanların yaratdığı bir təşkilatdır:
“Bizim 300 minə yaxın soydaşımız indiki Ermənistan ərazisindən qovulub. Bu gün Qarabağ məsələsi yekunlaşıb, sülh müqaviləsi imzalanarsa, o zaman 300 min insanın da öz evlərində yaşamaq hüququ təmin olunmalıdır. Biz bununla bağlı bir sıra beynəlxalq təşkilatlara müraciət etmişik. İstəyimiz 35 il əvvəl qovulduğumuz evlərimizə sülh şəraitində qayıtmaqdır”.
“Bununla əlaqədar Ermənistan baş nazirinə də müraciət etmişik. İstəyirik ki, Azərbaycan vətəndaşlığı alıb bu ölkədə yaşayan ermənilər kimi azərbaycanlı soydaşlarımız Ermənistana qayıdıb orada yaşaya bilsinlər. Lakin təəssüf ki, Nikol Paşinyan bizim çağırışlarımıza cavab vermir”, – Ə.Ələkbərli vurğulayıb.