“Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirib. Azərbaycan xalqı erməni millətçiləri tərəfindən soyqırımı və etnik təmizləməyə məruz qalıb”.
Bunu Oxu.Az-a Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.
O qeyd edib ki, Azərbaycan 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıq yaradıb. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün təmin olunması, habelə postmüharibə dövrünün mükəmməl idarə edilməsi istiqamətində mükəmməl siyasət həyata keçirir:
“Azərbaycan öz humanizm prinsiplərindən çıxış edərək, habelə regionda sülhün, əmin-amanlığın davamlı olmasını təmin etmək məqsədilə, Ermənistan tərəfinə müəyyən vaxtlarda güzəştlər edib. Ölkəmiz eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək, 10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli Bəyanatdan irəli gələn məsələlərin həllində qətiyyət nümayiş etdirir. Lakin, son zamanlarda gördüyümüz ondan ibarət idi ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar Üçtərəfli Bəyanata zidd olaraq, Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına şərait yaradıblar”.
Milli Məclisin deputatı deyib ki, bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə, 23 aprel tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub:
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Lakin, tərəfimizdən görülən tədbirlərə baxmayaraq, Ermənistan tərəfi öz məkrli oyunlarını davam etdirir. Bu mənada xüsusi olaraq vurğulamaq yerinə düşər ki, BQXK-nın Qarabağ bölgəsindəki fəaliyyətində də Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dəfələrlə ciddi qanun pozuntuları aşkarlanıb”.
Deputat M.Əfəndiyev diqqətə çatdırıb ki, 1863-cü ildə təsis edilmiş, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatının əsasını təşkil edən BQXK mandatına görə münaqişə zamanı Hərəkat tərəfindən həyata keçirilən beynəlxalq humanitar fəaliyyəti istiqamətləndirir, koordinasiya edir, həmçinin humanitar hüququn ümumdünya humanitar prinsiplərini inkişaf etdirir və gücləndirir. Onun fikrincə, bu təşkilatın fəaliyyəti yeddi fundamental prinsipə söykənir:
“Sözügedən prinsiplər bunlardır: insanlıq, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət, birlik, universallıq. Təəssüflər olsun ki, yuxarıda sadalanan prinsiplərin heç birinə əməl olunmur. BQXK tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, qeyri-səmimi, o cümlədən riyakar mövqe ehtiva edən fəaliyyət ortaya qoyulur. Baş verənləri Cənubi Qafqazda sülhün təmin olunması prosesinə zərbə kimi qiymətləndirmək olar”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan BMT-nin nümunəvi üzv dövləti kimi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü, təkbaşına həyata keçirməklə, beynəlxalq təşkilatların biabırçılığının qarşısını artıq bir dəfə alıb:
“BQXK və Qarabağda missiyası olan digər beynəlxalq təşkilatlar Azərbaycan Respublikası tərəfindən onun öz suveren ərazisində müəyyən etdiyi qayda və qanunlar çərçivəsində, mandatlarına uyğun olaraq fəaliyyətlərini davam etdirməyəcəkləri təqdirdə, nəinki vasitəçilik rollarını itirə bilərlər, eyni zamanda öz nüfuzlarına ciddi xələl gətirəcəklər”.