“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İrəvan ofisinin Azərbaycan ərazisində fəaliyyəti dayandırılmalı və lazımi məsələlərdə Bakı ofisinin xidmətlərindən istifadə edilməlidir”.
Bunu “Report”a açıqlamasında hüquq müdafiəçisi Səadət Bənənyarlı deyib.
O bildirib ki, BQXK-nın bir çox qanunsuzluqlara əl atması, onun fəaliyyət çərçivəsi və gördüyü işlərlə bağlı bütün dünya, xüsusilə vətəndaş cəmiyyəti kifayət qədər məlumatlıdır.
Hüquq müdafiəçisi təəssüflə söyləyib ki, bu gün Azərbaycanda BQXK-nın fəaliyyətini qiymətləndirə bilmirlər:
“Əsasən ona görə ki, bu təşkilatın bir çox qanunsuzluqlara əl atdığının şahidi olmuşuq. Dəfələrlə onların öz mandatlarına uyğun olmayan fəaliyyətlə məşğul olduqları barədə fikirlər səsləndirilib. Hesab edirəm ki, biz də bu məsələ ilə ciddi məşğul olmalıyıq”.
S.Bənənyarlı vurğulayıb ki, Qarabağ Azərbaycan ərazisidir və ölkə ərazisində hansısa beynəlxalq təşkilata mandat verilibsə, həmin təşkilat öz təyinatı üzrə fəaliyyət göstərməlidir.
“Azərbaycan ərazisində yaşayan ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinə müraciət etmək istəmirlərsə, bu, onların problemidir”, – o bildirib.
Qeyd edək ki, Ermənistan ilə dövlət sərhədində “Laçın” buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən bildirilib ki, ötən müddət ərzində DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb