İranla Əfqanıstan arasında su mənbələri uğrunda uzun müddətdir ki, davam edən gərginlik səngimir. Artıq “Taliban”ın idarə etdiyi Əfqanıstanı da İran rejiminin problem yaşadığı növbəti dövlətlər sırasına daxil etmək olar.
Məlumata görə, gərginlik o həddə çatıb ki, İran “Taliban”ı Tehrandakı səfirlik binasından məhrum etməklə hədələyir. Problem İran parlamentində ən çox müzakirə olunan məsələlər sırasına daxil edilib. Qanunverici orqanda “Taliban” əleyhinə hədələyici bəyanat və ittihamların sayı da artıb. Məsələn, parlamentin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvləri açıq şəkildə bildirirlər ki, sərhəd problemləri və su qıtlığı həllini tapmalıdır. Mediada yer alan xəbərlərə görə, İranın Əfqanıstanla sərhəd vilayətlərində su qıtlığı pik həddə çatıb. “Talib”lər ərazidəki əhəmiyyətli çaylar üzərində nəzarəti ələ almağa çalışır, İran da buna qarşı çıxır. Çox güman ki, “Taliban”ı bu addımı atmağa vadar edən səbəblər var. Bəziləri hesab edirlər ki, bölgədə marağı olan bir sıra dövlətlər, o cümlədən, ABŞ bununla İrana təzyiq göstərməyə çalışır.
Qeyd edək ki, İranın bundan əvvəl Çinin vasitəçiliyi ilə diplomatik münasibətlər qurduğu Səudiyyə Ərəbistanı ilə problemləri yaşanıb. Bu yaxınlarda isə Fars körfəzində adalarla bağlı Birləşmiş Ərəb Əmirlikləri ilə gərginlik olub. Bu gərginlik hətta Rusiya ilə də problemlərə yol açıb. İndi isə Əfqanıstanla su mənbələri uğrunda gərginlik yaşanır.
İş o yerə çatıb ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Fəda Hüseyn Maliki “Taliban” rəhbərliyinə “qeyri-diplomatik” tədbirlərlə təzyiq göstərilməsi məsələsinin qanunverici orqanın gündəliyində olduğunu söyləyib. Hətta “talib”ləri xəbərdar edib ki, əllərində bir çox təzyiq vasitələri mövcuddur. Onun sözlərinə görə, Tehran “talib”lərin ölkə ərazisində diplomatik yerləşməsi barədə qərarına yenidən baxa və onlara səfirlik verilməsi barədə qərarını geri götürə bilər. İran rejiminin nümayəndəsi bildirib ki, qarşı tərəf nə istəyirdi, onu da təqdim ediblər. İran rəhbərliyini qonşu dövləti sakitləşdirmək üçün siyasətinə tamamilə yenidən nəzər salmağa çağırıb. Tehran iddia edir ki, “talib”lər məqsədli şəkildə bölgədə əhəmiyyətli hesab olunan çaylar, o cümlədən, Gilmənd üzərində bəndlər qururlar. İran bununla da strateji resurslarını bloklamaq istəyini irəli sürüb.
Bir faktı da qeyd edək ki, İran parlamentində dəfələrlə Sistan və Bəlucistan vilayətlərində quraqlıqla əlaqədar “ağır vəziyyət”lə bağlı hesabatlar səslənir və xüsusi vurğulanır ki, yaşayış məntəqələri quraqlıq səbəbindən boşalır. Bölgə həddən artıq isti və quraqlıq iqlimi ilə seçilir və iranlı mütəxəssislərin dediyinə görə, yüksək temperatur və quraqlıq ərazidə ağır durum yaradıb, nəticədə hətta Hamun su-bataqlıq bölgəsini – transsərhəd su obyektlərinin bütün qrupunu zərbə altına salıb. Ümumiyyətlə, Gilməndin suyunun bölüşdürülməsi uzun illərdir ki, gərginlik mənbəyidir.
Xatırladaq ki, Əfqanıstan və İran arasında toqquşmalar silahlı qarşıdurma həddinə kimi yüksəlib, nəticədə sərhəddə iranlı əsgər öldürülüb. Tehran iddia edir ki, atəşi birinci “talib”lər açıblar və onlar da cavab atəşi açmağa məcbur olublar. Döyüş əməliyyatları Sistan, Bəlucistan və Nimruz əyalətlərində baş verib. “Taliban”ın yüksəkrütbəliləri hətta İrana qarşı əməliyyatlara başlayacaqları ilə hədələyiblər ki, bu da ikitərəfli münasibətlərdə ciddi gərginliyə səbəb olub.
Malikinin də bəyanatı İran tərəfinin son həftədə səsləndirdiyi ilk hədə deyil. Ondan əvvəl İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahian “Taliban”ı İŞİD-lə şantaj edib. Nazir bəyan edib ki, son aylar “İslam Dövləti”nin liderləri İraq, Suriya və Liviyadan Əfqanıstan ərazisinə keçiblər. “Bu da “talib”lər qarşısında duran əsas problemlərdən biridir”, – deyən XİN rəhbərinin bu sözləri Kabil tərəfindən süngü ilə qarşılanıb. “Talib”lərin nümayəndəsi Əbdül Kahar Bəlxi ümidvar olduğunu bildirib ki, Tehran əfqan rəhbərliyi ilə yaraqlıların axını ilə bağlı məlumatları bölüşəcək. Ardınca da qonşuları iqtisadi, siyasi, sosial məsələlərlə bağlı konstruktiv mövqe tutmağa çağırıb.
İranı ən çox narahat edən odur ki, su çatışmazlığı onun sərhəd ərazilərinə ciddi ziyan vurur. “Su məsələsi”ni Tehran üçün əhəmiyyətli daxili siyasi mövzu kimi də qiymətləndirmək olar. İctimai təzyiq bu problemi trendə çevirir və rejim də bununla hesablaşmalı olur. Kabildə “talib”lər hakimiyyəti ələ keçirəndən bəri su məsələsi tərəflər arasında münasibətlərdə prioritet olub. Tehran “talib”lərə müəyyən güzəştlərə getsə də, Əfqanıstana özünün bütün təsir imkanlarını vermək niyyətində olmadığını bildirib.
Bir faktı da qeyd edək ki, İran “Taliban”ı birbaşa tanımasa da, onlarla yaxın əlaqədədir. Bəziləri hesab edirlər ki, “Taliban”la İran arasında gərginliyi azaltmaq üçün prosesə Çin qoşula bilər. Yəni prosesi sakitləşdirmək üçün Çinin geosiyasi rolundan istifadə oluna bilər. Pekin də Tehran kimi, “Taliban” hökumətini rəsmi olaraq tanımır – lakin “Taliban” nümayəndələri ilə müəyyən əlaqələr mövcuddur. Rəsmi Pekin, sadəcə, hazırda bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Pekin bu səbəbdən də İranın əzəli rəqibi Səudiyyə Ərəbistanı ilə münasibətlərinin normallaşmasında vasitəçi rolunu oynayıb. Lakin görünən odur ki, “talib”lər su mənbələri uğrunda heç kimə güzəştə getmək istəmirlər. Bu səbəbdən də gərginliyin tez bir zamanda səngiyəcəyini gözləmək olmaz.
“Report” İnformasiya Agentliyi