Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
“Ermənilərin azərbaycanlı ailəyə yaşatdığı zülm” adlı veriliş Qərbi Azərbaycandan deportasiya edilmiş, Göyçə mahalının Çəmbərək (Krasnoselo) rayonunun Şorca kənd sakini İlqar Qasımovun həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq illərində unudulmayan günlər yaşadığını, ailə və nəslinin Qərbi Azərbaycanda ən zülm görən nəsillərdən biri olduğunu deyib:
“Babam Qasımov Əli Qasım oğlu 1905-ci ildə erməni təqibinə məruz qalaraq öldürülüb. Atamın əmiləri babamın ölümündən sonra orada yaşamağın çətin olduğunu duyaraq İrəvan şəhərindən bir neçə kilometr uzaqlıqda qədim türk kəndi olan Nurnus kəndinə köçüblər. Orada da daşnaklar bizdən əl çəkməyərək, rahatlıq verməyib, gecələr evlərə hücum ediblər. Onlar 1908-ci ildə məcbur olaraq Göyçə mahalının Çəmbərək rayonunun Şorca kəndinə gəliblər”.
O, silahlı ermənilərin hücumuna məruz qaldığını, bibisi oğlunun və əmisinin ermənilər tərəfindən təqib edildiyini söyləyib:
“İrəvan şəhərində sovet dövründə Ali Məhkəmənin sədr müavini işləyən bibim oğlu Ermənistan Kommunist Partiyasının birinci katibi olmuş Dəmirçiyanın sifarişi ilə 1981-ci ildə xəstəxanada iynə ilə öldürülüb. Qasım əmim gənc yaşlarından pəhləvan cüssəli gənc olub. Daşnaklar onu mühasirəyə alaraq qaynar samovarı belinə bağlayıb yandırıblar”.
İ.Qasımov evlərini, oxuduğu məktəbi, böyüdüyü məhəllələri, bulaqların suyundan içdiyi günləri xatırlayıb, yenidən qayıdıb ulu babalarımızın qəbirlərini ziyarət etmək istədiyini bildirib:
“44 günlük Vətən müharibəsindən sonra cənab Prezidentimizin və xalqımızın yekdil mübarizəsindən sonra məndə böyük əminlik yaranıb. O torpaqlar bizim yurdumuz olub, bizim torpağımız olub. Əminəm ki, zamanı gələcək tarixdə haqq-ədalət bərpa olacaq”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: