• Bz. Noy 24th, 2024

Türkiyə regional güc kimi: Çinin yeni XİN başçısı ilk səfərini Ankaraya etdi – ŞƏRH + FOTO

ByYenigun.news

İyl 28, 2023


Son günlər Çin xarici işlər naziri ətrafında yaşanan xəbərlər dünya mediasının, siyasi dairələrinin ən çox diqqət ayırdığı məsələlər sırasına düşüb. Belə ki, xarici işlər naziri Tsin Qanın müəmmalı şəkildə yoxa çıxmasından bir həftə sonra bu posta Van İ gətirilib. 2013-22-ci illərdə də XİN başçısı postunu tutmuş bu şəxsin yenidən eyni vəzifəyə təyinatı Pekinin “Qərbə istiqamət” siyasətinin sona çatması kimi qələmə verilir.

Bu fikirlər üçün əsas da var. Məhz ABŞ ilə Çin arasında münasibətlərin qaydaya düşdüyü barədə informasiya yayıldıqdan sonra 57 yaşlı diplomatın yoxa çıxması bu ehtimalı gücləndirib. Hətta barəsində cinayət işi də başladılıb. Çin tərəfi xarici siyasətdə kadr dəyişikliklərini izah etməyib. Bəzi məlumatlara görə, Pekin bu təyinatla beynəlxalq tərəfdaşlarla münasibətləri nizamlamağa ümid edir. Əvvəlki nazir Çin və ABŞ arasında münasibətlərin gücləndirilməsində əhəmiyyətli rol oynayıb. Xüsusən də ABŞ dövlət katibi Antoni Blinkenin Pekinə bu ilin iyun ayında səfərinin baş tutmasında da rol oynayıb. Qərb mediasında iddia edilir ki, sabiq nazirin Çin üçün “diplomatiya erası” açacağı, geosiyasi əlaqələri möhkəmləndirəcəyi gözlənilirdi. Lakin qəfil yerdəyişmə bu ümidləri öldürüb. O ki qaldı yeni nazirə, məhz Van İ İran və Səudiyyə Ərəbistanı arasında sensasion sülh razılaşmasının əldə olunmasında vasitəçi rolunu oynayıb. Tez ağarmış saçı və diplomatik biclik qabiliyyətinə görə “gümüş tülkü” ləqəbli nazir sərt diplomatiya xəttinin tərəfdarı kimi tanınır.

Yeri gəlmişkən, yeni nazirin ilk səfərinin məhz Türkiyəyə etməsi, onun gələcəkdə qardaş ölkə ilə münasibətlərə üstünlük verəcəyindən xəbər verir. Fövqəldövlət statusunu möhkəmləndirməkdə israrlı olan Çin gözəl bilir ki, Türkiyə təkcə Yaxın Şərqdə deyil, Mərkəzi Asiya, Cənubi Qafqazda söz sahibidir.

Səfər zamanı XİN rəhbəri Ukrayna məhsullarının dünya bazarına çıxarılmasına imkan verən “Taxıl sazişi”ini müzakirə edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün təfərrüatı açıqlanmasa da, türk mediası onun həmkarı Hakan Fidan ilə danışıqlarında Ukraynada baş verən hadisələr və Qara dənizlə taxılın nəqli məsələlərinin prioritet olduğu yazıb. Xüsusi vurğulanır ki, danışıqlarda Rusiyanın “Taxıl sazişi”nin pozulmasında ittiham etdiyi Qərb hədəfə alınmayıb. Düzdür, yaranmış problemdən çıxış yolları ilə bağlı razılıq əldə olunmasa da, XİN rəhbərinin Türkiyəyə səfəri Pekinin Ankaraya xüsusi önəm verməsindən xəbər verir. Çin XİN rəhbəri ölkəsinin özəl firmalarını Türkiyədə müəssisələr qurmağa təşviq edib, ticarət hesablaşmalarında yerli valyutalardan istifadəni dəstəkləyib və bunu davam etdirmək niyyətindədir. H.Fidan isə ikitərəfli əlaqələrin əhəmiyyətindən və yaxşı dinamikasından danışıb. Qapalı keçən danışıqlarla bağlı Çin XİN-in rəsmi nümayəndəsi Mao Nin bildirib ki, tərəflər ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparıb. O ki qaldı taxılın nəqli məsələsinə, XİN rəsmisi bu məsələnin dialoq və danışıqlar yolu ilə həlli barədə razılıq əldə edildiyini deyib.

Qeyd edək ki, Ukraynaya Qara dənizdən taxıl ixrac etməyə icazə verən saziş BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanıb. ABŞ və bir sıra Avropa ölkələri dəfələrlə Çini Rusiyaya təsir gücündən istifadə edərək, onu “Taxıl sazişi”nin şərtlərinə qayıtmağa məcbur etməyə, habelə, Ukraynada hərbi əməliyyatların dayandırılmasına kömək etməyə çağırıb.

Türkiyə və Çinin “Taxıl sazişinə” daha çox diqqət ayırması başadüşüləndir. Məsələn, Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pyer Olivye Qurinşas bildirib ki, “Taxıl sazişi”nin dayanmasından sonra dünyada taxıl qiyməti 15 faiz arta bilər. Həm Türkiyə, həm də Çinin rəsmi mediası hər iki tərəfin taxıl müqaviləsini xilas etmək üçün nə etmək niyyətində olduğunu açıqlamır. Türkiyə mediası yazır ki, Ərdoğan iki ölkə arasında əməkdaşlığın, xüsusilə, “Bir kəmər, bir yol” proqramı əsasında artırılmasına çağırıb. Ankaranın NATO-nun Asiya-Sakit okean regionuna genişlənməsini dəstəkləmədiyini də media yazır. Çin mediası Çinin Türkiyə ilə münasibətlərdə qarşılıqlı etimadı gücləndirməyə çalışdığını və hər hansı xarici qüvvələrin bu ölkənin daxili işlərinə qarışmasına qarşı olduğunu vurğulayır.

Bir sözlə, iki ölkə arasında münasibətlərin problemsiz inkişaf etdiyini hər iki tərəf xüsusi vurğulayıb.

Beləliklə, fövqəldövlətin xarici siyasət rəhbərinin ilk səfərini məhz qardaş ölkəyə etməsini mühüm hadisə kimi qiymətləndirmək olar. Ən əsası – Azərbaycanın hər iki ölkə ilə strateji müttəfiq və dost münasibətlərinin olması fonunda bu səfər gələcək əməkdaşlığı daha da gücləndirə bilər.

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir