Pərviz Heydərov yazır…
Cari ilin əvvəlindən gözlənilirdi ki, neftin qiyməti ölkəmiz üçün bu il ərzində heç bir mənfi təsir yaratmayacaq və hələ ki yaratmır da… İlin sonuna isə cəmi 3 ay qalıb. Çünki bu sahədə beynəlxalq bazarlarda konyuktur vəziyyət əvvəlki illərdə olduğu kimi bizim xeyrimizədir və görünən odur ki, hələ bir müddət də belə davam edəcək.
Azərbaycan neftinin qiyməti yenidən 100 ABŞ dollarına yaxınlaşır. “Azeri Light” neft markasının dünya bazarlarında bahalaşması iri neft hasilatçısı olan ölkələr tərəfindən təklifi bir az da sıxmaları nəticəsində yenidən vüsət alıb. Yəni, xüsusən də Səudiyyə Ərəbistanı ilə Rusiyanın hasilatı aşağı həddə saxlamaq qərarlarından sonra…
Ümumiyyətlə, 2016-cı ildən bəri, qeyd olunan ölkələr də daxil OPEC+ təşkilatı qiyməti bəlli bir həddə saxlamağa çalışır ki, buna uğurla da nail olunur. Sözügedən hədd 60 ABŞ dollarından yuxarı səviyyədir. Bu da onu göstərir ki, qeyd olunan qiymətdən aşağı səviyyə heç bir neft hasilatçısı ölkəsi üçün sərfəli deyil.
Hələ ilin əvvəlində bəzi OPEC+ ölkələri hasilatı əlavə olaraq azaltmaq haqqında qərarları ilə bu ölkələrin neftin dünya bazar qiymətlərinin hədsiz enişində maraqlı olmadıqlarını bir daha təsdiq etdilər. Belə ki, ortada heç də kəskin eniş filan olmadığı və qiymətlər 80 ABŞ dollarının altında qalxıb düşdüyü halda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan hasilatı əlavə olaraq azaltmaq qərarına gəldilər. Bu da düşünməyə əsas verdi ki, bazarda qiymətlərin enə biləcəyi ilə bağlı gözlənti var imiş.
Sözüm bunda deyil. Dövlət gəlirləri sırf xam neft ixracına bağlı olan ölkəmiz üçün də vəziyyət eynidir. Yəni neftin bir barelinin dünya bazar qiymətləri əgər, 50 ABŞ dollarından aşağı səviyyədə olarsa, iqtisadiyyatımız uzun müddət buna tab gətirə bilməz, artım durğunluqla üzləşər, bir sıra makroiqtisadi amillər titrəməyə başlayar və sair…
“Azeri Light” markalı neftin bir barelinin qiyməti hazırda 95 dollardan yuxarı həddədir. Cari ilin dövlət büdcəmizdə isə bu rəqəm 60 ABŞ dollarından götürülüb. Yeri gəlmişkən, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiymətsə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olaraq yadda qalıb. Qiymət üzrə bu rəqəmlərin nə vaxtsa yenidən təkrarlanacığı gözlənilən olmasa da, görünən budur ki, beynəlxalq bazarlarda konyuktur vəziyyət hələ uzun müddət karımıza gələcək.
O ki qaldı, bunun bizə xeyrinə, neftin baha olması maliyyə imkanlarımızı genişləndirir, dövlət büdcəmizin artımına şərait yaradır, büdcə xərcləri ilə gəlirlərin münasibətində profisit yaradır və sair…
Ancaq bütün bunlardan da vacibi əslində sözügedən vəziyyətin yaxın gələcəkdə iqtisadiyyatımızın neft və qaz sektorundan asılılığını azaltmaq baxımından bizim üçün əlavə şanslar ortaya çıxarmasıdır. Bax, məhz bu cəhət nəzərdən qaçırılmalı deyil.
Yəni neftin hər qiymət yüksəlişinin yaratdığı fürsət bizi çaşdırmamalıdır.
Bəli, neftin dünya bazar qiyməti hesabınadır ki, ölkəmizdə maliyyə sabitliyi hökm sürür, ölkəyə daxil olan valyuta həcmi ölkədən çıxan valyuta həcmini üstələyir, tədiyyə balansımız, o cümlədən xarici ticarət balansımız məqbul xarakter daşıyır.
Cari ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 60 dollar müəyyən edilib. İl başlayandan neftin dünya bazarındakı qiymətləri bundan yüksəkdə dayanıb. Və elə bunun nəticəsidir ki, keçən il iyunun ortasında dövlət büdcəsinə yenidən baxıldı, dəqiqləşdirmə aparıldı, həmçinin bu ilin də iyun ayının ortasında cari ilin dövlət büdcəsindəki rəqəmlər dürüstləşdirildi və büdcənin həcmi 3 milyard manatdan çox məbləğdə artırıldı.
Prezident İlham Əliyev qeyd etmişkən, onsuz da, bizim builki dövlət büdcəmiz rekord həddə – 33 milyard manatdan yuxarı səviyyədə idi, ilin birinci yarısında əlavə gəlirlərin əldə edilməsi hesabına 36 milyard manatdan çox təşkil etdi.
Dövlət başçımız da cari ilin ilk 6 ayının sosial-iqtisadi yekunlarına dair müşavirədə onu da nəzərə çatdırdı ki, maliyyə vəziyyətimizin yaxşılaşması səbəbləri sırasında sektorda nizam-intizamın möhkəmlənməsi, vergi və gömrük orqanlarında islahatların davam etməsi, şəffaflığın təmin edilməsi dayanır.
Və, dövlət gəlirlərinin neft və qazdan asılılığı hələ uzun müddət davam edəcək. Ümumiyyətlə, neftin dünya bazar qiymətləri bizim üçün əsas və təsiredici faktor rolunda çıxış etməkdə dominant olaraq qalacaq ki, hər il gəlir və xərclərimiz məhz bunun əsasında təşəkkül tapacaq.
Təsadüfi deyil, hər dəfə növbəti il üçün təqdim edilən dövlət büdcəsi layihəsində ümumi gəlir məbləği yazılmamışdan öncə, beynəlxalq bazarlarda neftin bir barelinin orta illik ixrac qiymətinə dair proqnoz göstərici əsas götürülür.
Lakin… Bir məqam var.
O da bundan ibarətdir ki, şəffaflaşma daimi xarakter daşıya bilsə də, neftin dünya bazar qiymətləri faktoru dəyişkəndir, bizdən asılı deyil.
Ümumiyyətlə, neftin qiyməti və sair kimi amillər nisbi xarakter daşıdığından bu cür amillərin təsir və təzyiqlərindən getdikcə yaxa qurtarmaq gərəkdir. Başqa sözlə desəm, bilavasitə neftin qiymətindən qaynaqlanan artıqlıq və yaxud profisit belə bağlanası məsələ olmayıb, deyil və ola da bilməz.