Tarixi Azərbaycan torpağı olan Qarabağa ermənilərin çar Rusiyası zamanı köçürüldüyü dövrdən etibarən xalqımıza qarşı başlamış düşmənçilik siyasəti 200 ildən çox davam edir. Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilmişdir. Ulu Öndərin 1998-ci il 26 mart tarixində imzaladığı Fərman ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində başlanan Vətən Müharibəsi Ali Baş Komandanımızın diplomatik siyasəti, Güclü Ordumuzun və rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə düz 44 gün ərzində 30 il işğal altında olan həsrətində olduğumuz torpaqlarımız özümüzə qaytarıldı. Bu xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbəsidir.
Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir.
Münaqişə zonasında olmayan şəhər və rayonların atəşə məruz qalması, dinc sakinlərin həlak olması və yaralanması beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanılmalıdır. Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan, Mingəçevir və Tərtər rayonlarında şəhər və kəndlərin raket atəşinə tutulması müharibə cinayətidir.
Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılmışdı. 400-dən çox mülki şəxs yaralanmış, 2406 fərdi ev, 92 çoxmənzilli bina və 423 mülki obyekt zərər görmüş və yararsız hala düşmüşdür. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.
Ermənistan tərəfindən basdırılmış yüz minlərlə mina bərpa işlərini əsaslı şəkildə ləngidir və mülki əhalinin həyatı üçün təhdid törədir. 2020-ci il noyabrın 10-dan başlayaraq Qarabağ və Şərqi Zəngəzur ərazilərində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə
qınamalı və rəsmi İrəvan hüquqi məsuliyyət daşımalıdır.
Razi Məmmədov,
Lənkaran-Astara Regional Təhsil İdarəsi Cəlilabad
şəhər 8 nömrəli tam orta məktəbində tarix müəllimi