• C. Noy 22nd, 2024

“Bakı Metropoliteni”nin sədr müavini: “Bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

Noy 1, 2023


“Ötən il bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib”.

Bunu “Bakı Metropoliteni” QSC-dəki yeniliklər və fəaliyyəti ilə bağlı qurumun sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– İlk olaraq peşə bayramı münasibətilə sizi təbrik edirik. “Bakı Metropoliteni” olaraq bu il peşə bayramınızı necə qeyd edirsiniz?

– Təşəkkür edirəm. Biz tarixi hadisələrin şahidi və bu günləri qürurla yaşayan vətəndaşlarıq. Ən yaxın tariximizin parlaq səhifəsinin də şahidi kimi sentyabr ayında, 24 saatdan da az bir vaxt ərzində lokal antiterror tədbirləri ilə haqqı, ədaləti bərpa edərək, ölkəmizin suverenliyinin və Konstitusiya quruluşunun tam bərpasının şahidi olduq. Bu şərəfli missiyanın, bizə ən ali ədalətin bərpasını, haqqın zəfərini yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xankəndidə dövlət Bayrağımızı ucaldaraq xalqa müraciəti Azərbaycanımız üçün yeni tarixin başlanğıcı oldu. Əlbəttə, belə bir tarixi hadisələri yaşayan bir dövlətin vətəndaşları kimi bu gün metropolitençilər də qürur, sevinc içindədirlər. Son əsrlərdə bu nəhəng tarixi biz ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin işığında qeyd etməyimizin özü bəlkə də tarixi ədalətin daha bir təntənəsidir. Heydər Əliyev adı metropolitençilər üçün həmişə əziz olacaq. Bu nəqliyyat növünün tarixi inkişafı onun adı ilə bağlıdır. SSRİ dövründə Azərbaycana qısqanclığın çox nümunələrini bilirik. Onun bir üzü də Bakı metropoliteni idi. Bu gün şəhərimizin tıxaclarının yeganə nəfəsliyi olan yeraltı nəqliyyatın gələcək perspektivlərini uzaqgörənliklə müəyyən edən ulu öndər, sözün həqiqi mənasında, min bir əziyyətlə onun inkişafına nail olurdu. Moskvada olanda ən böyük himayədarımız da o idi. Müstəqilliyin ilk illərində, açıq deyim, rəhbərliyin metroya münasibəti heç də birmənalı deyildi, biganəlik də öz yerində. Lakin ulu öndərin hakimiyyətə qayıdışı bəlkə də metropolitençilərin ən böyük sevinci oldu. O, metronun, metropolitençinin yenidən himayədarı oldu. Ağır iqtisadi dövrdə, digər postsovet ölkələri ilə əlaqələrin kəsildiyi bir dönəmdə O, metropoliten üçün təchizatın əhəmiyyətini qabardaraq onu ayağa qaldırmağa başladı. Yeri gəlmişkən, bu il ərzində təmsil etdiyiniz agentliyin müxtəlif tarixi dövrlərdə ulu öndərin metropolitenə diqqət və qayğısını əks etdirən məqalələrinə görə xüsusi təşəkkürümüzü bildirirəm. Həqiqətən bu tarixi yaşatmaq, yeni nəsillərə ötürmək lazımdır.

Bu qeydlərlə növbəti suallarınıza da nəqliyyatçı sözü ilə desək, yaşıl işıq yandıraraq, əlbəttə, əmək cəbhəsində, sərnişinə xidmət sahəsində də uğurlarımızı əlavə edib, peşə bayramını işimizin başında, yeni nailiyyətlərimizlə qeyd etdiyimizi deyə bilərəm.

– Metropolitenin ötən bir il ərzində gördüyü işlər barədə məlumat verməyinizi xahiş edirəm.

– 2023-cü ilin metropoliten üçün ən böyük əhəmiyyəti bir də o oldu ki, biz yeni ilə ümumən 27-ci, ikinci yerüstü və “Bənövşəyi xətt”in 4-cü stansiyasını istismara verməklə başladıq. Amma nəqliyyat sektorumuz üçün layihə baxımından ötən dövrün xüsusi əhəmiyyətli hadisəsi, əminliklə deyə bilərəm ki, “Xocəsən” elektrik deposunun açılışı oldu. Əgər ilk deponun ərsəyə gəlməsində 56 il əvvəl SSRİ-nin çoxsaylı mütəxəssisləri rol oynamışdılarsa, “Bənövşəyi xətt”in deposu sırf Azərbaycan mütəxəssislərinin biliyi, zehni və əməyinin məhsuludur.

Əlbəttə, ötən il dekabrın 30-dan başlayaraq, 4 qatar tərkibini formalaşdıran 20 vaqonun da sərnişinlərin ixtiyarına verilməsini qeyd etməliyik. Çünki xidmət mədəniyyətinin yüksəldilməsinin və sərnişin məmnunluğunun ən vacib tərkib hissəsi Azərbaycan Prezidentinin xüsusi tapşırığı ilə 2015-ci ildən alınan yeni nəsil qatarlarıdır. Belə qatarların sayı 23-ə, vaqonların sayı 115-ə çatdırılıb. Qeyd edim ki, 2019-cu ilin payızında keçirdiyimiz sorğuda rəyi soruşulanların birmənalı olaraq hamısı yeniliklər sırasında məhz bunu xüsusi qeyd edib. Sonrakı rəy sorğularımızda da bu istiqamətdə müsbət fikirləri almaq xoşdur.

– Yeri gəlmişkən, depoda da yeniliklərin metro üçün əhəmiyyəti böyükdür…

– Birmənalı, hətta stansiya inşası, yeni qatarlar qədər çox vacibdir. Bu il depoda əsaslı yeniliklərimizin tətbiqini davam etdirdik. Qatarların yuyulması və qataraltı avadanlıqların təmizlənməsi məqsədilə istifadəyə verilən sahə tarixi əhəmiyyət kəsb edir. Bu, qatarlara qulluq, təmir, təhlükəsizliyin möhkəmləndirilməsi, sanitariya qaydalarının gücləndirilməsi baxımından xüsusi yenilikdir. 2022-ci ildə bir qismi həyata keçirilən vaqon təmirinin avtomatlaşdırılması, əslində isə daha geniş miqyasda vaqon təsərrüfatının tam avtomatlaşdırılmasını nəzərdə tutan sistemin qurulması da başa çatmaq üzrədir. Bu il vaqon təsərrüfatı baxımından xüsusi əhəmiyyət kəsb edən daha 5 baxış-qulluq sahəsi də təmir edilib. Bu isə iki xətt üçün cəmi bir deposu olan metropolitendə vaqon təsərrüfatının işini bir qədər də rahat qurmağa imkan verir. Təkcə bir nüansı qeyd edim: hər gün depoya qayıdan qatarlar müxtəlif baxış və təmir işinə cəlb edilirlər. Ən əsası, vaqonaltı avadanlıqlara qulluq üçün qatarların çoxsaylı manevrlərini etmək lazım gəlir. Bu, vaxt itkisi olmaqla yanaşı, həm də məhsuldarlığa, qənaətə də imkan vermirdi. İndi isə 16 belə sahənin yenidən qurulması sayəsində müvafiq dərinliyi olan yeni təmir sahələri imkanlarımızı bir az da genişləndirib. İndi işlər növbəti sahələrdə davam etdiriləcək. Ümumən, 2017-ci ildə başlanmış yenidənqurma işləri özünü daha da qabarıq büruzə verməyə başlayıb.

Depo yolları da çox vacibdir və demək olar ki, tamamilə dəyişmək üzrədir. Təsəvvür edin 11 km-dan artıq depo yollarımız var və onun 80 faizə yaxını artıq beton şpallar üzərindədir. Bu isə ölkə xaricindən gətirilən ağac şpallarından asılılığımızı daha da azaldıb. Onların qulluğu daha da asandır, səmərəsi çoxdur. Öz layihəmiz əsasında daha bir yeniliyimiz də artıq özünü doğruldub. Depoda 7 yoldəyişdirici qurğu dəmir-beton çevirici tirlər üzərindədir. Qatarların təmir edilmiş baxış-qulluq sahələrinin qarşısında olan daha 5 qurğu da dəmir-beton monolit üzərində olmaqla yenidən qurulub. Bunlar sərnişinlərin gözündən uzaq olan, lakin sərnişinə xidmət, istismar səmərəsi baxımından çox əhəmiyyətli yeniliklərdir. Hələ daha bir yenilik də olacaq.

– Vaqon təmirini də tam olaraq metropoliten özü edir. Bu il neçə qatarda belə işlər aparılıb?

– Ondan başlayım ki, ən əsası, 2014-cü illə müqayisədə ən böyük nailiyyətimiz vaqon təmirinin bütün normalara uyğunlaşdırılması, maddi-texniki bazanın, ehtiyat hissələrlə bağlı məsələlərin tam normallaşdırılması sayıla bilər. Bu mənada vaqonların əsaslı təmiri kimi pilot layihənin uğurları xüsusidir. Təsəvvür edin ki, hər il 3-4 qatarı ölkə xaricində təmir etdirmək kimi qayğımız yoxdur. Bu il öz bazamızda daha bir qatarın orta təmirini məhz bu qayda ilə başa vururuq. Daha biri isə xətdədir. Gələn il isə plan üzrə 4 qatarın orta təmiri planlaşdırılır. Bu vaqonlar həm də modernləşdirilir. Başqa sözlə, kondisioner sistemi istisna olmaqla, digər bütün əsas texniki yenilikləri, xüsusən idarəetmə sistemlərini rahatlıqla yeni nəsil qatarlarda olduğu kimi tətbiq edirik. Vaqonlarla bağlı ən böyük nailiyyətlərimizdən biri isə qatarlarda yanğın təhlükəsizliyi sisteminin tətbiqi olacaq. Artıq bu sistemin tətbiqinə digər qatarlarda da başlayacağıq. Bu layihəmiz də seçilənlərdən olacaq.

Təmirin sürətini artırmağa kömək edən ən mühüm yeniliklərdən biri vaqonun təkər cütlərini onun altından çıxarmadan yonmağı təmin edən dəzgahın və sexin qurulmasıdır. Təsəvvür edin ki, qatarı təmir sahəsinə çəkməklə vaqonu qaldırıb təkər cütünü çıxararaq təmir etmək çox vaxt aparır. Hələ bura sonradan vaqonun yığım, müayinə, sınaq və yoxlama prosesini də əlavə etsək, görün təkcə nə qədər vaxta qənaət olunacaq. İndi nəzərə alsaq ki, biz artıq elektrik və digər mühərriklərin təmirini də xüsusi xidmət qurmaqla həyata keçirməyə nail olmuşuq, son illərdəki səmərəni təsəvvür etmək daha asan olar. Bu il bu sahədə də çoxsaylı səmərələşdirici işlər görmüşük. Bütün mühərriklərimizin ən yüksək standartlar səviyyəsində təmirini qurmaqla, ehtiyat fondumuzu yaratmışıq. Bütün sahələrdə olan elektrik avadanlıqlarının təmirini də nəzərə alsaq, bu mənada, demək olar ki, 70 faizdən yuxarı səmərəyə nail olmuşuq. Bunların hamısı, əlbəttə ki, metropolitenin səmərəli fəaliyyətini qurmağa, iş proseslərini avtomatlaşdırmağa hesablanıb.

– Son dövrlərdə metro parkında qatarların yenilənməsi müşahidə olunur. Yaxın müddətdə metropoliten daha neçə yeni qatar almağı planlaşdırır?

– Bu niyyətimiz var. Bilirsiniz ki, Bakı metropoliteni fəaliyyət göstərdiyi illərdə Rusiyanın, əsasən də indiki “Metrovaqonmaş” müəssisəsi ilə əməkdaşlıq edib. Regiondakı vəziyyəti daim nəzarətdə saxlamaqla vaqon bazamızın etibarlı olmasına çalışırıq. Burada təkcə yeni qatarların alınması deyil, mövcud vaqon parkında olan təmir, qulluq və baxış zamanı ehtiyat hissələrin alınması da xüsusi yer tutur. Ümumiyyətlə qeyd edim ki, 2017-ci ildən istifadəyə verdiyimiz vaqonların əsaslı təmiri sahəsi bu mənada günün reallığı da nəzərə alınaraq, işimizin daha da səmərəli qurulmasına təkan verib. Burada orta və əsaslı təmir olunan qatarlarda modernləşdirmə zamanı onlarla dünya istehsalı olan vaqon hissələri və sistemlərini tətbiq edirik və bu, iqtisadi səmərə ilə yanaşı, vaqonların daha da yüksək keyfiyyətlə təmir olunması, bir mənbədən olan ehtiyat hissələrdən asılılığımızı azaldır. Yeni vaqonlara gəlincə, hazırda Rusiya şirkətinin əsas istehsal imkanları və təcrübəsindən istifadə etməklə işimizi davam etdirməyə yaxınıq. Lakin detallar barədə danışmaq erkəndir və detallarla bağlı işlər davam etdirilir. Lakin texniki şərtlərimiz bu gün mövcud olan yeniliklər də daxil olmaqla hazırdır. Təbii ki, uzunmüddətli planlarımızda digər istehsalçıları heç vaxt nəzərdən qaçırmamışıq və bu gün də dünyada olan bütün vaqon istehsalçıları arasında araşdırmalarımız, təhlillərimiz davam etdirilir.

– Havalandırma sistemi ilə bağlı iki ildir yeni xəbərlər çox olur…

– Bu il daha 6 ventilyatorun, ümumən isə 2019-cu ildən bu yana 23 süni havalandırma qurğusunun tətbiqini qeyd edə bilərik. Ümumiyyətlə, 2018-ci ildə bu sahə üzrə dünyada geniş monitorinq apardıq və yeniliklərin ardıcıl tətbiqinə nail olduq. İlk əvvəl ventilyatorların birinci qrafikini dəyişdik. İldə iki deyil, hər fəslə uyğun dörd dəfə qrafikin dəyişdirilməsinə başladıq. 2019-cu ildən isə təbii havalandırma sistemini də qurmağa başlamışıq. Təbii hava axınını yönəldərək stansiyaların mikroiqlim sisteminə təsir edən 6 yeni qurğu 2023-cü ildə quraşdırılıb. Pandemiya dövrünə təsadüf etdiyindən, ümumilikdə Yaşıl və Qırmızı xətlərdə 15 belə qurğu artıq var. Bu sistemin əhəmiyyətindən bəhs edərkən müqayisə üçün deyim ki, “Bənövşəyi xətt”in 4 stansiyasında 86 dempfer var. Ümumən bu yeniliklər stansiya və tunellərimizdə havanın hərarətini 1-3 dərəcə aşağı salmağa kömək edib. Amma hələ görüləcək işlər daha çoxdur. Bunu da anlayır və üzərində iş aparırıq.

– Sərnişinlərin də sayı artmağa başlayıb. Metropoliten pandemiyadan çıxıb?

– 2023-cü il bizim üçün ilk hər hansısa məhdudiyyətin olmadığı, yəni postpandemiya dövrü hesab oluna bilər. Bilirsiniz, pandemiya metropolitenə çox böyük mənfi təsir göstərdi. Əlbəttə, zaman baxımından mümkün texniki yenilikləri edə bildik. Hətta “Elmlər Akademiyası” stansiyasında, depoda bir neçə yolu yenidən qurmaq, öz istehsalımız olan dəmir-beton bloku tətbiq etmək imkanımız oldu. Bu xüsusda artıq “Cəfər Cabbarlı”, “Xətai” stansiyaları da daxil olmaqla, yollarımızda belə yeniliklər var. Hətta əsaslı təmiri davam edən “Cəfər Cabbarlı” stansiyasından “Xətai” stansiyasına qədər olan yolun 500 metrlik hissəsində də dəmir-beton blok tətbiq etmişik. Lakin əsas məsələ sərnişindaşıma və onun təşkilidir. 2019-cu ildən sonra biz ilk dəfə sentyabr ayında məhz bu il payız-qış qrafikini tətbiq edə bilmişik və ümid edirik ki, belə problemləri bir daha yaşamayacağıq.

Yeri gəlmişkən, bir məlumatı da paylaşım ki, yaxın vaxtlarda xətlərimizdə hərəkətin təşkili ilə bağlı dəyişiklik edəcəyik. “Həzi Aslanov” stansiyasının dalan yolu, daha sonra stansiyanın özündə də əsaslı təmir və yenidənqurma işlərinə başlanılacaq. Etiraf edim ki, “Həzi Aslanov” stansiyasının dönmə kamerası, demək olar, tam yararsız vəziyyətə gəlməklə bizi çox narahat edirdi. İndi isə ən müasir inşaat metodu ilə bu stansiyanın dönmə kamerası faktiki yenidən tikiləcək. Təmirin ilk dövründə stansiya bağlanmayacaq. Lakin qatarların ən optimal qrafikdə buradan dönüb qayıtması mümkün olduğu halda, digər stansiyalarda belə imkan yoxdur. Bu səbəbdən təmir dövründə hərəkətin təşkili fərqli qaydada olacaq və yaxın vaxtlarda bu barədə məlumat verəcəyik.

– Metropoliten artıq bir stansiyada QR bilet ödəmə sisteminin tətbiqinə başlayıb. Tam olaraq nə zaman bütün stansiyalarda yeni tətbiqə keçiləcək?

– Bilirsiniz, hər bir yeni sistem bizim mövcud ödəniş aparatlarımıza, yəni, turniketlərimizə uyğunlaşdırılmalı və ya ona uyğun quraşdırılmalıdır. 2019-cu ildə əsas işlər, demək olar ki, yekunlaşdırılmışdı. 2020-ci ildə iki stansiyada texniki sınaq işləri də uğurla aparılmışdı. Lakin pandemiya dövründə obyektiv səbəblərdən işlər təxirə salındı. Bu isə kifayət qədər texniki araşdırma tələb edir. Burada risk yerüstü və digər nəqliyyat növlərindən daha çoxdur. Təsəvvür edin ki, bizim əsas stansiyalarımıza gün ərzində on minlərlə sərnişin daxil olur. Bir stansiyada bir turniketdə problemin yaşanması yetər ki, böyük narazılıq yaransın. Buna görə bu məsələdə tələskənliyə yol vermək olmaz. Üstəlik, metropolitendə olan turniketlər də bir neçə sistemi əhatə edir və texniki cəhətdən fərqlənir. Bənövşəyi xətdə işlər davam edir, Yaşıl və Qırmızı xətlərdə isə mərhələ ilə bu sistemin tətbiqinə başlamışıq. Tələsməməyimizin əsas səbəbi mümkün texniki natamamlığın olmamasıdır. Təsəvvür edin ki, sərnişini sıx olan stansiyalarda kiçik bir problemin olması yetər ki, sərnişin narazılığı və ümumən, bu sistemə münasibət mənfi olaraq formalaşsın. Şəhər nəqliyyat sistemində bu layihəni həyata keçirən icraçı təşkilat əsas işləri bu il tamamlayacaq. Gələn ilin ilk rübündə bütün stansiyalarda olan ümumən 500-dən artıq turniketdə QR bilet sistemi tam tətbiq olunacaq. Bundan əlavə, artıq digər münasib ödəmə üsullarının tətbiqi də reallıqdır. Gələn il bu istiqamətdə də xəbərləri eşidəcəksiniz. Bunun üzərində fəal iş aparılır.

– Adətən açıqlamalarda bildirilir ki, metropolitendə sərnişinlər üçün tətbiq edilən tarif qurumun xərclərini ödəməyə bəs etmir. Hazırda bir sərnişinin daşınması neçəyə başa gəlir və xərclərin qarşılanması üçün maliyyə vəsaiti necə formalaşır?

– 2023-cü ildə tariflərə də yenidən baxıldı və bir gediş haqqı 40 qəpiyə təyin olundu. Əsasən pandemiya dövrünün təsirləri sözünü dedi. Metropolitenin isə ən əsas gəliri məhz sərnişindaşımadandır. Reklam, müxtəlif kabellərə xidmət, stansiyalarda olan ticarət obyektləri və s. baxımından gəlirlər o qədər də çox deyil. Həm də o da sirr deyil ki, metro üçün məhsullar, avadanlıq, qurğu və sistemlər, əsasən, ölkə xaricində istehsal olunur. Bunlara rəğmən gördüyümüz yeniliklər və optimallaşma tədbirləri, ən mühüm də sərnişinin sayının artması sayəsində 2018-ci ilin hesabatına əsasən, bir sərnişinin maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya da mənfi təsir göstərdi. Təsəvvür edin ki, 2019-cu ildə 236 milyondan artıq sərnişin daşıyan metropoliten, 2020-ci ildə cəmi 74 milyon 706,2 min sərnişinə xidmət göstərdi. Sonrakı il rəqəm 90 milyondan bir qədər artıq oldu. Pandemiya təchizatla bağlı məhsulların da qiymətinə təsir edib. Məsələn, ağac şpalların qiyməti, demək olar, iki dəfə artıb. Doğrudur, pandemiya vaxtı da bir sıra yeniləşmə və optimallaşma işləri, həmçinin mümkün qənaətə nail olundu. Bütün sadaladıqlarım və ən əsası, sərnişin artımı 2022-ci ildə özünü yenidən büruzə verməyə başladı və sərnişindaşımanın maya dəyərinin azalmasına təsir etdi. Bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub. Lakin qeyd edim ki, metropolitenin son iki il üçün maliyyə hesabatı müstəqil auditin yoxlamasındadır. Normativ tələblərə uyğun olaraq, bu rəy alındıqdan sonra hesabatlar dərc olunacaq, bir sərnişinin neçəyə və nə üçün qeyd edilən qiymətə başa gəldiyini hesabatda daha əyani görəcəksiniz.

– Metro stansiyalarında yayımlanan reklamlar xərclərin təxminən neçə faizini əhatə edir?

– Bu barədə qeyd etdim. Sualınız çox maraqlı və doğru qoyulub. İndi deyəcəyim rəqəm isə hər şeyi əyani göstərəcək. 2022-ci ildə metropolitendə olan reklamlardan əldə edilən gəlir bütün gəlirlərin cəmi 3 faizini təşkil edir. Bu isə reklam gəlirlərinin daim qeyd etdiyimiz kimi, metropolitenin sərnişindaşımadan əldə etdiyi gəlirlərlə müqayisədə elə də böyük rəqəm olmadığını bir daha əyani göstərir. Onu da əlavə edim ki, müxtəlif ekspertlər metropolitendə reklam siyasətinin düzgün qurulduğu qənaətindədir. Reklamın növləri çox ola bilər, lakin onun tətbiqi və səmərəsi arasında bu, özünü əyani göstərməlidir. Bu səbəbdən bazar öyrənilərək ən münasib qiymətlər və texniki imkanlardan istifadə olunur. Son dövrlərdə siz metropolitendə bu istiqamətdə vizual yayım imkanlarından istifadə edilməsinin genişləndiyini də müşahidə edə bilərsiniz. Bu, məhz artan dövrü tələbatla bağlıdır. Ümumən pandemiya məhdudiyyətlərindən sonra metropoliten bu istiqamətdə də müəyyən müsbət tendensiyalar həddinə çatmağa yaxınlaşıb.

– Ümumiyyətlə, metropoliten yaxın müddətdə qiymət artımı ilə bağlı müraciət edibmi, etməyibsə, bunu planlaşdırırmı?

– Bu il sentyabrın 2-də Prezident İlham Əliyev “Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb. Bu sənədlə “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilib. Edilən bir dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, müvafiq sahəyə aid məsələlərə dair tarif siyasətini həyata keçirir. Digər dəyişikliyə uyğun olaraq, müvafiq sahədə qanunla müəyyən edilmiş hallarda tarifləri və xidmət haqlarını, habelə Nazirlər Kabinetinin təsdiq etdiyi qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısında nəzərdə tutulan tarifləri İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, təsdiq etmək səlahiyyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib. Fərmanın 9-cu bəndinə əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, sənədin 1-8-ci hissələrində nəzərdə tutulan tarifləri və xidmət haqlarını, İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanda o da qeyd olunub ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni tariflər və xidmət haqlarını təsdiq edənədək, mövcud tariflər və xidmət haqları hüquqi qüvvəsini saxlayacaq. Qeyd edə bilərəm ki, haqqında söz açdığım Fərmandan irəli gələn məsələlərin icrasının təmin edilməsi məqsədilə aidiyyəti qurumlarla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Bakı Metropoliteni” QSC ilə də gərgin iş aparır.

– Yeni hansı stansiyaların tikintisi və istifadəyə verilməsi planlaşdırılır?

– Bu gün metropolitenin bir stansiyası inşa olunur. Bu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən şərti adı “B-04” olan “Bənövşəyi xətt”in 5-ci stansiyasıdır. Onun ən geci 2025-ci ilin birinci yarısında istifadəyə hazır olması üzərində iş gedir. Zamanla burada olan işlər barədə ictimaiyyətə müfəssəl məlumatlar verilir. Lakin ümumi götürdükdə, bilirsiniz ki, Bakı metropoliteninin konseptual inkişaf sxemi 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Həmçinin Bakının inkişaf strategiyası da çox vacibdir. Planlar şəhərin əsas axın istiqaməti, inkişaf perspektivləri və s. nəzərə alınmaqla effektiv ola bilər. Bakının yeni baş planında da məsələyə xüsusi yanaşılacaq. Həm bu sənəddə, həm də ümumi bəlli vəzifələr Yaşıl və Qırmızı xətlərin ayrılması üzrə layihəyə bağlıdır.

– Son dövrlər metropoliten gənc kadrların işə götürülməsi ilə bağlı tədbirlər həyata keçirir. Bu günə qədər nə qədər gənc işlə təmin edilib?

– Böyük nailiyyətlərimiz kadr bazası sahəsində də var. Bu il daha bir neçə yeni layihəyə başlamışıq. Metropoliten bu gün 5 minə yaxın işçisi olan mürəkkəb sahədir. Təsəvvür edin ki, burada 140-dan artıq peşənin nümayəndələri çalışır. Üstəlik, bu sahələr bir-birindən asılı, bir-birinə bağlılığı ən maksimal dərəcədə olan vahid canlı bir varlıqdır. Burada təcrübənin böyük əhəmiyyəti var, mütəxəssislər isə maksimal hazırlıqlı olmalıdır. Metropolitendə hər hansısa ixtisaslı kadrın birbaşa müvafiq vəzifəyə təyin olunması da çox ağır məsələdir. Bu səbəbdən qarşımızda ağır vəzifə dayanır. Digər tərəfdən, açıq etiraf edim ki, yeni texnologiyaların tətbiqində metropoliten əksərən təlim-tədris ocaqlarımızın gənclərə mənimsətdiyi istiqamətlərdən çox irəli gedir. İstənilən halda metropolitenə işə götürülən gəncin istedadından da vacib olanı, ən əsası, həvəsi və öyrənməyə meyilli olmasıdır. Uğurun meyarı yalnız budur. 2014-cü ilin sentyabrında bu səbəbdən təlim-tədris mərkəzini yaradılıb. 2019-cu ildə isə bu gün qürur mənbəyimiz olan təlim-tədris mərkəzinin binasında mümkün ən müasir, ən vacibi, tədris prosesini mükəmməlləşdirən şəraiti yaratdıq. Bu gün tədris mərkəzimizə daxil olub metro haqqında hər şeyi rahat mənimsəyə bilərsiniz. Ümumən son illərdə 200-ə yaxın işçi məhz tədris mərkəzinin layihələri və təlimləri sayəsində işə qəbul olunub. Onu da qeyd edim ki, metropolitendə mövcud normativlər işçilərin müntəzəm kurslara cəlb edilməsi, biliklərinin yoxlanılmasını tələb edir. Bu mənada ixtisasartırma, peşəyönümlü, ixtisasdəyişmə kurslarımızın da keyfiyyəti çox vacibdir. Hətta bir xüsusi yeniliyi də deyim, biz gələcəyin rəhbərlərini yetişdirən “Davamçılar” adlandırdığımız layihəyə də başlamışıq. Bütün sahələrdə bacarıqlı kadrlar kurslara cəlb olunur və onlara müasir idarəetmə prinsipləri öyrədilir. Amma bir qürur mənbəyimiz də təlim-tədris mərkəzindəki korporativ sosial layihələrimizdir. İşçilərimiz, onların övladları üçün müxtəlif kurslar da var. İngilis dili, kompüter bilikləri, təsviri sənət, nəhayət geniş ictimaiyyətə açıq olan robototexnika və elektrotexnika kurslarımız da uğurla icra olunur. Bu il texniki tədris ocaqlarına “Gələcəyə bizimlə addımla” layihəsi çərçivəsində pulsuz seminarlar təşkil etməyə başlamışıq. Bu sırada maliyyə, insan kapitalı və s. istiqamətlərdə ödənişsiz təlimlərimiz də başlayıb. Çünki bu sahədə də çatışmazlıqlar çoxdur. Ümumən ölkəmizi düşünməliyik və bütün gənclərimiz üçün bu layihələr elmə, təcrübəyə yaşıl işıqdır. Axı, bu layihəyə gələn gələcəkdə metropolitendə çalışmaya bilər, lakin istəsə bu layihələrdən bəhrələnə bilər. Çünki bu layihələrə özünü təsdiq etmiş peşəkarlar cəlb edilib.

– Lakin hər zaman maşinistlər xüsusi qaydada seçilib…

– Bəli, hətta onu deyərdim ki, 2018-ci ildə maşinistləri yeni qayda ilə seçməyə başlayanda çoxları buna şübhə ilə yanaşırdı. Bu gün xətlərimizdə bu qayda ilə seçilmiş 68 maşinist var. Hələ iki kurs da davam edir. Ümumən il ərzində 2-3 belə kurs nəinki bu peşə üzrə təhsili olan, bütün texniki təhsili olan gənclərə, o cümlədən xanımlara meydan açır. Əvvəllər 3-5 ilə maşinist olmaq mümkün idisə, indi cəmi 1 il ərzində rahatlıqla bu peşəyə yiyələnmək olar. Təcrübəçi layihəsi xətti ilə onlarla ali təhsilli gənc, sadəcə, işə düzəlməyib. Bilirik ki, gənclərimiz əksərən təcrübəsiz olduqları üçün işə düzəlmək məsələlərində əziyyət çəkirlər. Bizdə artıq belə deyil. Biz bacarıqlı gəncləri seçir, onların iş yerində özünü doğrultması üçün həm şərait yaradır, həm ustalardan öyrənməsini nəzarətdə saxlayır, həm təcrübə toplamasına imkan verir, ən əsası, karyera yüksəlişinə fürsət yaradırıq. Bu il daha bir inqilabi yeniliklə kənardan götürülən mütəxəssislərin dispetçer vəzifəsinə hazırlığına başlamışıq. Metropolitendə hərəkətin təşkili ilə bağlı sahələri məhz dispetçer idarə edir. Bax, belə bir sahədə mühüm yenilik etməyə çox yaxınıq. Hər müdavimə tam fərdi yanaşma və onun təcrübəsinə uyğun müddət və tədris proqramı müəyyən edərək, 4 gənci elektrik dispetçerliyinə hazırlayırıq.

– Bakı metropoliteni istər kadrların hazırlanması, istərsə də müasir dövrə uyğun fəaliyyəti ilə bağlı xarici ölkələrin təcrübəsindən istifadə edir? Hansı ölkələrlə əməkdaşlıq əlaqələri mövcuddur?

– Xarici ölkələrin təcrübəsini öyrənmədən irəli getmək mümkün deyil. Bizim “Metro” Beynəlxalq Assosiasiyası ilə sıx təmaslarımız var. Axı, bu gün metropolitenin əsas sistemləri və infrastrukturu postsovet məkanı ilə eynilik təşkil edir. Lakin tək bu deyil. Bilirsiniz, yeni xətlərimizdə ən müasir sistemlər qurulur. Hərəkətin təşkilində idarəetmə, işarəvermə və rabitə sistemləri “Thales” şirkətinin istehsalı olan məhsullardır. Bu gün həmin sistemlərin mütəxəssisləri məhz belə əlaqələr sayəsində yetişdirilib. Onlar şirkətin Kanadanın Toronto şəhərindəki təlim mərkəzində, daha sonra Paris və İstanbul metropolitenlərində təcrübə keçiblər. Daha sonra bu sistemlərin olduğu müxtəlif şəhərlərdə təcrübə mübadiləsinə cəlb ediliblər. İndi isə özləri gəncləri yetişdirirlər. Yeni nəsil qatarların da həm idarə edilməsi, həm də təmirinin öyrənilməsi eyni prosesdən keçib. Bu gün bizim yeni maşinistlərlə bağlı layihəmiz də dünya metropolitenlərinin təcrübəsindən öyrəndiklərimiz əsasında tətbiq edilib. Lakin bizim mental xüsusiyyətlərimiz, texniki imkanlarımız, infrastrukturumuzun özəllikləri də hər birində nəzərə alınıb. Son illərdə İstanbul metrosu və Türkiyənin metro sahələrini əhatə edən sənaye müəssisələri ilə sıx əməkdaşlıq edilir.

– Bakı metropoliteninin təcrübəsini öyrənən xarici ölkə metro xidmətləri varmı?

– Tam səmimi deyə bilərəm ki, bizim təcrübəmiz və biliklərimiz heç bir metropoliten mütəxəssislərindən geri qalmır. Bu gün bizim texnoloji və istehsal imkanlarımız məhdud olsa da, qarşılıqlı təcrübə mübadiləsində öyrənən tək biz olmuruq, sözün həqiqi mənasında qarşılıqlı təcrübədə çox səmərələşdirici yeniliklər nəzərə çarpır. Məsələn, dəmir-beton blokları biz Almaniya texnologiyaları əsasında yaratdığımız sexdə qurmuşuq və bu gün istehsal etdiyimiz məhsul qürur mənbəyimizdir. Biz məhsulun keyfiyyət standartlarına, estetik görkəminə qədər hər bir incəliyinə qədər nəzərə almışıq və əsl Azərbaycan brendidir. Ümumən bu gün tətbiq etdiyimiz bütün texnologiyalarla bağlı həmin sözü deyə bilərəm. Eskalatorlar, ventilyatorlar, vaqonlar, elektrik yarımstansiyası avadanlıqları və sistemləri, hərəkətin təşkili və s. ilə bağlı əməkdaşlıq layihələrində bizim də xüsusi təkliflərimiz, səmərələşdirici ideyalarımız istehsalçıların da karına gəlib. Bu tip əməkdaşlıq və layihələrdən çox danışa bilərik. Bir müşahidəmi də bölüşə bilərəm, bütün tərəfdaşlar bizim mütəxəssislərin hərtərəfli və geniş biliklərə malik olmasına heyrandırlar. Elə təşəbbüslərimizin də təməlində, bax, bu universal biliklər dayanır.

İşçilərlə bağlı layihələrinizdən söz açdınız. Ümumiyyətlə, söhbətdən də görünür ki, peşə bayramınızı yüksək ovqatla qeyd edirsiniz. Son olaraq

– Peşə bayramını Zəfər tarixi, suverenliyimizin tam bərpa olunması, Ulu Öndərin 100 illik yubileyi şəraitində əmək uğurları ilə gözəl ovqatda qeyd etmək şərəf verir. Bu, adi sözlər deyil, çünki hamıya bəllidir ki, metropolitençilər ölkəmizin ictimai-sosial həyatında həmişə mühüm rollarda olublar. Təkcə bir faktı qeyd edək: metropolitençilərin hər il xüsusi qeyd etdiyi və xalqımızın azadlıq mübarizəsinin ən həlledici məqamı olan 20 Yanvar gecəsi və o gecədən başlayaraq xalqımızın aşkar nümayiş etdirdiyi azadlıq mübarizəsi günlərini xatırlamaq yetər. Həmin gecə məhz metropoliten sayəsində faciənin, qırğının miqyası böyük olmadı. Yeri gəlmişkən, o gecə iki metropolitençi də günahsız qurbanlarımız sırasında oldular və onların xatirəsi metropolitençilər üçün daim əziz olacaq. Hər iki Qarabağ müharibəsində metropolitençilər də Vətənin səsinə səs verərək döyüşə gedən və bu yolu şərəflə keçən övladlar sırasında yer alıblar. Şəhidlik zirvəsinə ucalan hər bir qəhrəmanın adı metropolitendə xüsusi ehtiramla anılır, veteranlarımızla qürur duyuruq. Onu da deyim ki, 2021-ci ildə Bakı metropolitenində məhz şəhidlərimizin ailə üzvləri və veteranlarımızı ətrafında birləşdirən bir mərkəz yaradılıb. Metropoliten İşçiləri Həmkarlar İttifaqı və səhmdar cəmiyyətin birgə yaratdığı bu qurum imkanlarımız daxilində belə sosial kateqoriyadan olan əməkdaşlarımızın qayğılarına dəstək olmağa, onlara əbədi minnətdarlığımızın nümunəsini göstərməyə çalışır. Bu gün Prezident İlham Əliyevin sərəncamları ilə ali mükafatlara layiq görülmüş qəhrəmanlarımızın məvaciblərinə əlavələr verilir. Bir sözlə, maksimum çalışırıq ki, onlar dövlətimizin qayğısını metropolitenin timsalında da hiss etsinlər. Təbii ki, bilik və bacarığımızla, bütün mövcud texniki və insan resurslarımızla şərəfli və məsuliyyətli vəzifə olan sərnişinə, insanlara xidmət sahəsində heç vaxt əskik etməyəcəyimizə əmin ola bilərsiniz. Sadəcə, hər şeyi qəfil yeniləmək mümkün deyil. Texniki yeniliklərimiz isə imkanlarımız, resurslarımız, onların ardıcıl əhəmiyyəti nəzərə alınmaqla, müntəzəm həyata keçiriləcək. Bu bayram isə, əslində, sərnişinlərimizin, paytaxtımızın, ölkəmizin bayramıdır. Çünki Ulu Öndər demişkən, metropoliten xalqın sərvətidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir