• Şb. Noy 23rd, 2024

Səfir: “Belarus Qarabağın bərpasında Azərbaycana kömək etməyə çalışır” – MÜSAHİBƏ + FOTO

ByYenigun.news

Noy 1, 2023


2023-cü ilin iyun ayında Azərbaycan və Belarus arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam oldu. Bu müddət ərzində ölkələr arasında iqtisadi əməkdaşlıq, o cümlədən kənd təsərrüfatı sahəsində proqramların həyata keçirilməsi xüsusi dinamika ilə inkişaf edib.

Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov “Report”a müsahibəsində ölkəsinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında göstərdiyi yardımdan, ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsindən, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətindən və s. məsələlərdən danışıb.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycanla Belarus arasında iqtisadi əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

– Belarus və Azərbaycan arasında ticari-iqtisadi sahədə əməkdaşlıq dinamik və çoxşaxəli inkişaf edir, əldə olunan ticarət nəticələri isə ölkələrimiz arasında strateji tərəfdaşlığın səviyyəsini təsdiqləyir. Təcrübə göstərir ki, Azərbaycan Cənubi Qafqazda sözdə deyil, əməldə etibarlı tərəfdaşımızdır. İqtisadi qarşılıqlı fəaliyyətin əsas prioritetləri bunlardır: ərzaq malları, ağac məmulatları və əczaçılıq məmulatlarının tədarükü sahəsində əməkdaşlıq, maşınqayırma sahəsində sənaye kooperasiyası, elm və texnologiya sahəsində birgə layihələr, habelə investisiya əməkdaşlığı.

Azərbaycan Belarusun 50-dən çox müəssisəsini təmsil edən 3 paylayıcı şəbəkə müəssisəsi və 45 diler yaradıb. Minskdə isə 2017-ci ildən Azərbaycan Ticarət Evi fəaliyyət göstərir və ona Belarus bazarına ərzaq məhsullarının tədarükü üçün güzəştli rejim təqdim edilib.

Həmçinin Belarus və Azərbaycanın nazirlik və idarələrinin, iri şirkətlərinin rəhbərləri, işgüzar dairələrinin nümayəndələri arasında fəal səfər mübadiləsi aparılır. Belarus Prezidentinin 2021-ci ilin aprelində və Baş nazirinin 2022-ci ilin mayında Azərbaycana səfərləri ən yüksək səviyyədə əsas hadisələr olub və bu da Belarus-Azərbaycan qarşılıqlı əlaqəsini yeni tətbiqi məzmunla zənginləşdirməyə imkan verib.

2004-cü ildə Belarus-Azərbaycan əməkdaşlığının inkişafında mühüm rol oynayan ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası (HK) yaradılıb. Komissiyanın Belarus tərəfdən həmsədri Baş nazirin müavini İqor Petrişenko, Azərbaycan tərəfdən isə Baş nazirin müavini Əli Əhmədovdur.

Tərəflər artıq 13 görüş keçirib, bu il komissiyanın iclası mayın 15-də Bakıda keçirilib, HK-nın növbəti iclası Minskdə keçiriləcək. Görüşlərdə iqtisadi gündəliyimizdə olan bütün məsələlər ətraflı müzakirə olunur və dövlət və hökumət başçılarımızın qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün konkret addımlar müəyyən edilir.

– 2021-ci ildə Belarus Qarabağda kənd təsərrüfatı şəhərciklərinin salınmasında maraqlı olduğunu bildirdi. Bu layihənin icrasında irəliləyiş varmı?

– Belarus Azərbaycana iqtisadi inkişafda və geri qaytarılan ərazilərin bərpasında hər cür köməklik göstərməyə çalışır. Belarusun iştirakı Qarabağda infrastruktur obyektlərinin tikintisi və yenidən qurulması üçün zəruri olan müxtəlif malların tədarükündən ibarətdir. Belarus taxta-şpallarından, transformatorlarından, kabel məmulatlarından, tikinti materiallarından, traktorlarından, qaldırıcı texnikalarından və s. istifadə olunur, həmçinin ərzaq məhsulları da tədarük edilir.

Azərbaycanda Belarus kənd təsərrüfatı şəhərciklərinin tikintisi məsələsinə gəlincə, 2013-2014-cü illərdə Belarus inşaatçıları tərəfindən İsmayıllı rayonunda 45 yaşayış binası, məktəb, tibbi yardım məntəqəsi və çörək zavodunu özündə ehtiva edən və uğurla həyata keçirilən layihəni xatırlatmaq istərdim.

Hazırda Qarabağın dirçəlişi üzrə Dövlət Proqramının icrası çərçivəsində Azərbaycan tərəfi müasir kənd təsərrüfatı komplekslərinin və kənd təsərrüfatı şəhərciklərinin yaradılmasında Belarus təcrübəsindən və mütəxəssislərimizin məsləhətlərindən istifadə edir.

Belarus təşkilatları işğaldan azad edilmiş ərazilərdə kompleks layihələrin həyata keçirilməsi üçün layihələndirmə və tikinti xidmətlərinin göstərilməsi, subpodrat əsasında əməkdaşlıq imkanlarını da nəzərdən keçirir.

– Necə düşünürsünüz, noyabrın 2-də Bakıda keçiriləcək “Azərbaycan-Belarus: sərmayələr, ticarət və logistika” seminarı Belarus və Azərbaycan biznesi arasında yeni qarşılıqlı əlaqə nöqtələri tapmağa kömək edəcəkmi?

– Bakıda “Azərbaycan-Belarus: investisiyalar, ticarət və logistika” seminarının keçirilməsi ideyası ölkələrimizin işgüzar dairələrinin cari tələbləri əsasında yaranıb. Axı, istehsalçılar və alıcılar yeni əlaqələr qurmaqda, mallarının səmərəli çatdırılması üçün optimal logistika sxemlərinin təşkilində, habelə birgə investisiya layihələrinin həyata keçirilməsi imkanları və şərtləri haqqında məlumatların əldə edilməsində maraqlıdırlar. Belarus və Azərbaycan istehsalı olan malların qarşılıqlı təchizatı artmaqda davam edir. Azərbaycan tərəfində xüsusilə Belarus traktorlarına və digər texnikalara, transformatorlara, kabellərə və digər elektrik mallarına, ağac emalı məhsullarına, dərman vasitələrinə, ət, süd məhsullarına böyük tələbat var. Digər tərəfdən, Belarusa Azərbaycanın meyvə və tərəvəzlərinin, meyvə və giləmeyvə konservlərinin, alkoqollu və alkoqolsuz içkilərin, o cümlədən polimer xammalının tədarükü ildən-ilə genişlənir.

Qarşılıqlı xidmət sahəsi – nəqliyyat, biznes, informasiya, turizm, tibb, təhsil və s. də fəal şəkildə inkişaf edir. Qarşılıqlı qiymətləndirmələrə görə, ölkələrimiz qarşılıqlı faydalı ticari-iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensiala malikdir. Bu məsələdə bir göstərici də bu seminarın təşkil olunduğu biznes cəmiyyətimizin işgüzar fəallığının artmasıdır.

Seminarsa istehsal, tikinti, logistika və biznesin digər sahələrindəki Belarus və Azərbaycan sahibkarları faydalı məlumatlar əldə edə və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafı üçün yeni əlaqələr qura biləcəklər.

– Ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığı daha da necə genişləndirə bilərik?

– Ticari-iqtisadi əməkdaşlığı daha da genişləndirmək üçün bütün lazımi resurslarımız, ən əsası isə işgüzar dairələrin marağı var. Fəal qarşılıqlı səfərlər, Belarusda və Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə, forumlarda, seminarlarda və digər işgüzar tədbirlərdə iştirak ikitərəfli ticarətin inkişafına ən yaxşı şəkildə kömək edir.

Məsələn, yalnız 2023-cü ilin geridə qalan dövrü ərzində səfirliyin yardımı və təşkilati dəstəyi ilə Belarusun işgüzar nümayəndə heyətlərinin Azərbaycana 18 səfəri təşkil edilib, 56 Belarus ixracatçısının Azərbaycanda keçirilən beş əsas beynəlxalq sərgidə iştirakı təmin edilib.

Əminəm ki, ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi Belarus və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın intensivləşdirilməsinin ən səmərəli praktiki yoludur. Axı sahibkarlar sərfəli biznes ideyalarını qəbul etməkdən məmnundurlar və dövlət qurumlarının vəzifəsi strateji vektoru müəyyən etmək, həmçinin onların bir-birini tapmasına kömək etməkdir.

Strateji vektora gəlincə, bu, təbii ki, sənaye kooperasiyasının inkişafıdır. Bu gün birgə sənaye layihələri həm Belarusun, həm də Azərbaycanın milli maraqlarına ən yaxşı şəkildə cavab verir. Axı birgə sənaye istehsalı yeni iş yerlərinin açılmasına, büdcəyə vergi daxilolmalarının artırılmasına, ən əsası isə istehlakçıların rəqabətqabiliyyətli məhsullarla təmin olunmasına imkan verir.

Ona görə də biz birbaşa mal ticarəti ilə yanaşı, Azərbaycanda yeni əməkdaşlıq layihələrini inkişaf etdirməyə çalışırıq. Gəncə Avtomobil Zavodunda mövcud yığılan texnika çeşidini artırmağı, həmçinin maşınqayırma və əczaçılıq sahələrində yeni birgə layihələrin yaradılması üzərində işləməyi planlaşdırırıq.

– Aqrar sahənin və heyvandarlığın inkişafı proqramlarının birgə həyata keçirilməsi barədə nə düşünürsünüz?

– Bildiyiniz kimi, Belarus dünya bazarına yüksək keyfiyyətli qida məhsullarının ən böyük tədarükçülərindən biridir. “WorldsTopExport”un məlumatına görə, Belarus qatılaşdırılmış süd ixracına görə dünyada 2-ci, kərə yağı ixracına görə 3-cü, pendir ixracına görə 4-cü, süd tozu ixracına görə 5-ci, mal-qara əti üzrə 9-cu, quş əti ixracı üzrə isə 10-cu yeri tutur.

2022-ci ildə Belarus 8,3 milyard ABŞ dolları dəyərində ərzaq məhsulları ixrac edib, 2023-cü ildə Belarusun dünya bazarına ərzaq tədarükünün dəyərinin 9 milyard ABŞ dolları ötəcəyi gözlənilir. Kənd təsərrüfatı sənayesinin uğurları ilk növbədə müasir və qabaqcıl texnologiyalara əsaslanır.

Belarusda 48 sənaye müəssisəsi kənd təsərrüfatı texnikası və avadanlıqlarının tam çeşidini istehsal etməklə yanaşı, təkcə ölkəmizin deyil, həm də 60 dost dövlətin tələbatını ödəyir.

Bu gün Azərbaycanda traktor texnikasının əsas hissəsi Belarus istehsalıdır. Ona görə də Azərbaycanın kənd təsərrüfatı sənayesinin tələbatının müasir və sərfəli texnika ilə təmin edilməsi Azərbaycanda kənd təsərrüfatı sənayesinin inkişafına yönəlmiş birgə əməkdaşlığın əsasını təşkil edir.

Aqrar sahədə daha bir perspektivli istiqamət Gəncə Avtomobil Zavodunda yığılan traktorlar üçün quraşdırılmış və qoşqulu avadanlıqların (kotanlar, dırmıqlar, səpənlər, qazanlar, çiləyicilər, biçənlər, presləmə maşınları və s.) təchizatının təşkili ilə bağlıdır. Belarus müəssisələri bu texnikaların tanıdılması üçün diler tapmaqda maraqlıdırlar və daim fəaliyyətdə olan nümayiş-ticarət platforması təşkil etməyə hazırdırlar.

Müxtəlif gücə malik südçülük təsərrüfatlarının bir neçə Belarus standart layihəsi Azərbaycan tərəfinin diqqətinə çatdırılıb. Azərbaycan fermerləri tərəfindən maraq olarsa, onları Belarus tikinti təşkilatları tikə bilər. Fermaları lazımi avadanlıqla təchiz etmək, cins mal-qara ilə təmin etmək mümkündür.

Qida təhlükəsizliyi sahəsində iki ölkənin dövlət tənzimləyiciləri arasında əməkdaşlıq davamlı olaraq təşkil olunur. Buna ölkələrimizdə ənənəvi olaraq istehsal olunan kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin dinamik şəkildə artan həcmləri əsas verir. Qeyd etmək istərdim ki, Belarus istehlakçıları, xüsusilə mövsümlərarası dövrdə, Azərbaycan meyvə-tərəvəzlərinin tədarük həcminin daha da artırılmasında və çeşidinin genişləndirilməsində maraqlıdırlar.

Kənd təsərrüfatı sahəsində ticari-iqtisadi əməkdaşlığın daha da inkişafına Belarus müəssisələrinin Bakıda keçirilən Beynəlxalq “Caspian Agro” və “Inter Food” sərgilərində hər il iştirak etməsi də kömək edəcək.

Biz də öz növbəmizdə azərbaycanlı fermerləri hər il iyun ayında Minskdə keçirilən Belarus Aqrar-Sənaye Həftəsinə dəvət edirik. Bu, ərzaq məhsulları istehsalı və qarşılıqlı ticarətin genişləndirilməsi sahəsində Belarus-Azərbaycan substantiv əməkdaşlığının inkişafı üçün güclü təkan ola bilər.

– Azərbaycan və Belarusun regionları arasında əməkdaşlıq necə inkişaf edir?

– Bu il Belarus ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində ölkələrimizin regionları arasında əməkdaşlıq nəzərəçarpacaq dərəcədə intensivləşib. Belarus və Azərbaycanın regional nümayəndələrinin, qardaş şəhərlərin və tərəfdaş şəhərlərin nümayəndə heyətlərinin ikitərəfli səfərləri intensivləşib.

Ümumilikdə Belarus və Azərbaycanın 10 regionu arasında qardaşlıq və tərəfdaşlıq əlaqələri qurulub: Minsk və Bakı, Mogilyov və Sumqayıt, Polotsk və Mingəçevir, Qomel və Gəncə şəhərləri arasında, həmçinin Qrodno şəhəri ilə Qəbələ rayonu, Minsk ilə Xaçmaz rayonu, Nesvij ilə İsmayıllı rayonu, Slutsk ilə Şəki rayonu, Oşmyanski və Şamaxı rayonu, Minskin Leninski rayonu ilə Bakının Xətai rayonu arasında qardaşlıq və tərəfdaşlıq əlaqələri qurulub.

Ən güclü əlaqələr Qomel və Gəncə, Mogilyov və Sumqayıt, Qrodno və Qəbələ rayonu arasında mövcuddur. Tərəflər qarşılıqlı səfərlər təşkil edir, mədəni, idman və iqtisadi xarakterli müxtəlif regional tədbirlərdə iştirak edirlər.

Məsələn, bu ilin iyul ayında Sumqayıt icra hakimiyyəti başçısının müavini F.Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mogilyova səfər edib; sentyabrda Azərbaycanın Qəbələ rayon icra hakimiyyətinin başçısı S.Abdullayev və Gəncə şəhər icra hakimiyyəti başçısının müavini A.Tağıyev Belarusdakı tərəfdaş şəhərlərə səfər ediblər. Öz növbəsində, Minsk şəhərinin Leninski Rayon Administrasiyası rəhbərinin müavini Sergey Pavoçka 29 sentyabr – 1 oktyabr tarixlərində keçirilmiş 2-ci Milli Şəhər Forumunda iştirakı çərçivəsində Bakı və Zəngilanda olub.

– İki ölkə arasında humanitar əməkdaşlıq və təhsil sahəsində əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

– Qardaş xalqlarımız üçün humanitar əməkdaşlıq qarşılıqlı zənginləşmə amilidir. Ondan başlayım ki, 2024-cü ildə Belarus və Azərbaycanın müvafiq olaraq Bakıda və Minskdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. İndi Mədəniyyət nazirlikləri bu forumların vaxtını və formatını müəyyən etməlidir.

Paytaxtlarımızda keçirilən ənənəvi beynəlxalq kinofestivallarda hər iki ölkənin kino xadimləri iştirak edirlər.

Biz görürük ki, turizm sahəsində də qarşılıqlı mübadilə statistikası durmadan artır.

2023-cü ilin may ayında Mingəçevirdə ilk Azərbaycan-Belarus gənclər forumu keçirilib və bu forum çərçivəsində dövlət gənclər siyasəti sahəsində əməkdaşlıq planı imzalanıb. İlin sonunadək Belarusda Azərbaycan Gəncləri Günlərinin keçirilməsi planlaşdırılır.

Ölkələrimizin təhsil müəssisələri sıx qarşılıqlı əlaqədədir. Bakı Slavyan Universitetində Belarus Dili və Mədəniyyəti Mərkəzi, M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Ötən il Azərbaycanın paytaxtında Belarus və Bakı Dövlət Universitetlərinin rektorları arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Minsk Dövlət Linqvistika Universitetinin rektoru bu il Bakıda səfərdə olub, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Dillər Universitetinin rektorunun bu yaxınlarda Minskə cavab səfəri zamanı ölkəmizdə ikinci Azərbaycan dili mərkəzi açılıb.

Ölkələrimiz arasında müxtəlif ixtisaslar üzrə tələbə mübadiləsi də təşkil olunub. Məsələn, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi sistemində Belarus ali məktəblərinin çoxlu məzunları var.

Belarus tərəfi baxılması üçün aqrar universitetlərimizdən olan təklifləri Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə göndərib, nəticədə Belarusda bu profil üzrə mütəxəssislər üçün treninqlər təşkil edilib.

Qeyd edim ki, rəsmi səfərlər zamanı dövlət başçılarımız tələbələr önündə çıxışlar ediblər. Aleksandr Lukaşenko Bakı Slavyan Universitetinin fəxri doktoru, İlham Əliyev isə Belarus Dövlət Universitetinin fəxri professorudur.

Humanitar aspektlərdən danışarkən, əsas nailiyyət kimi belaruslarla azərbaycanlılar arasında səmimi dostluğun qorunub saxlanmasını qeyd edərdim. Xalqlarımızın və ölkələrimizin çoxlu ortaq cəhətləri var. Tarixi yaddaşın qorunması məsələləri bizim üçün vacibdir. Belarus xalqı onu faşizmdən azad edənlər arasında çoxlu Azərbaycan hərbçisinin olduğunu xatırlayır və bunu yüksək qiymətləndirir. Onların arasında Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanov, Aslan Vəzirov, Nəcəfqulu Rəfiyev də var.

Biz qardaş Azərbaycan xalqı ilə dostluq əlaqələrini yüksək qiymətləndirir və əməkdaşlığımızı bütün sahələrdə daha da möhkəmləndirməyə və inkişaf etdirməyə çalışırıq.

– Beynəlxalq təşkilatlar və digər platformalar çərçivəsində Azərbaycanla Belarusun qarşılıqlı fəaliyyəti barədə nə düşünürsünüz?

– Belarus beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığımızı hər zaman vacib hesab edib. Dövlətlərimizin, hökumətlərimizin, parlamentlərimizin rəhbərləri, diplomatlar MDB, AİB, BMT, ATƏT-in müxtəlif forumlarında ünsiyyət qururlar.

Xarici işlər nazirliklərimiz ikitərəfli səfərlərin və görüşlərin hazırlanması və keçirilməsi, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində tərəflərin qarşılıqlı dəstəyi ilə bağlı daim qarşılıqlı fəaliyyət göstərirlər. Çoxtərəfli diplomatiya bugünkü mürəkkəb və böhranlı dünyada milli maraqların qorunmasının və təşviqinin təmin edilməsi kontekstində çox vacibdir.

Bugünlərdə nümayəndə heyətimiz BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə III Dialoqda iştirak etmək üçün Bakıda səfərdə olub, noyabrda isə Belarus nümayəndə heyəti Dayanıqlı İnkişaf üzrə II Bakı Forumuna gələcək.

Belarus Qoşulmama Hərəkatına (QH) üzv ölkə kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən tədbirlərdə iştirak edib. Bunlar Parlament Şəbəkəsinin və Gənclər Sammitinin ötən il keçirilən görüşləri, habelə Qoşulmama Hərəkatının Təmas Qrupunun mart ayında keçirilmiş sammiti və builki nazirlər görüşüdür.

Bildiyiniz kimi, Qoşulmama Hərəkatı 120 dövləti birləşdirir. Bu, BMT-dən sonra dünyanın ən çox təmsilçisi olan təşkilatdır. Xüsusi vurğulamaq istərdim ki, Belarus Azərbaycanın Qoşulmama Hərəkatına konstruktiv və uğurlu sədrliyini yüksək qiymətləndirir.

Biz Azərbaycanla birlikdə həm regionda, həm də bütün dünyada güc və nüfuz qazanan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlıqda maraqlıyıq. Belarusun ŞƏT-ə tamhüquqlu üzvlüyünün rəsmiləşdirilməsi prosesi təşkilatın Səmərqənd sammitindən başlayıb.

Belarus və Azərbaycan beynəlxalq parlament strukturlarında: Parlamentlərarası İttifaqda (PAİ), MDB, ATƏT, QDİƏT-in parlament assambleyalarında sıx əməkdaşlıq edir. Bir neçə gün əvvəl Belarus PAİ-nin strukturlarında bütün vakant vəzifələr üzrə seçkilərdə Azərbaycanı dəstəkləyib. PAİ-nin Bəhreyndə və Anqolada keçirilən son assambleyaları zamanı nümayəndə heyətlərimizin görüşləri dostluq şəraitində keçib.

Belarusun bir neçə nümayəndəsi may-iyun aylarında Bakıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə, Azərbaycanın nümayəndəsi isə oktyabrın sonlarında Minskdə Avrasiya təhlükəsizliyinə dair beynəlxalq konfransda iştirak edib.

Ümumiyyətlə, münasibətlərimizin əsasını hörmət, bərabərlik, etimad, dostluq və qarşılıqlı yardım təşkil etməkdə davam edir. Bu işdə Belarusla Azərbaycan arasında münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çıxaran prezidentlərimiz – Aleksandr Lukaşenko və İlham Əliyev bizə gözəl nümunə göstərirlər.

Sevindirici haldır ki, diplomatik münasibətlərin qurulmasının 30-cu ilində Belarus və Azərbaycan dövlətin inkişaf yolunu seçməkdə müstəqilliklərini inamla nümayiş etdirir, iqtisadi qüdrətinin artırılması, xalqlarımızın firavanlığına zəmanət verən suverenliyin möhkəmləndirilməsi, ölkələrimiz üçün sabitlik və təhlükəsizlik istiqamətində fəal iş aparırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir