Emmanuel Makron “fəxr” edə bilər ki, prezidentliyi Fransa tarixinə ən uğursuz, yarıtmaz idarəçilik dövrü kimi düşəcək. Ölkənin ən müxtəlif təbəqələrini təmsil edən insanlar bunu açıq bəyan edir, narahatçılıqlarını bildirirlər. Keçmiş və indiki diplomatlar, qanunverici orqanlarda təmsil olunanlar xarici və daxili siyasətdə yaşanan uğursuzluqlarda hakimiyyəti günahlandırırlar. Hətta impiçment məsələsi belə qabardılır.
Fransa indiki iqtidarın sayəsində Avropada insan haqları və hüquqlarının kobud şəkildə pozulduğu ölkələr sırasında liderlik qazanıb, faktlar da bunu təsdiq edir. Ölkə mediası, siyasilər, müxtəlif araşdırma mərkəzləri də bu təhlükənin artdığını narahatçılıqla ifadə edirlər. Nəticə də odur ki, Makron və komandası Beşinci Respublikanın tarixinə ən uğursuz idarəçilər kimi düşüblər.
Birincisi, ölkədə miqrantlara qarşı zorakılıq, antisemitizm güclənir. Nəticədə, nifrət zəminində cinayətlərin sayı artıb, ölkənin müsəlman əhalisi, qaradərili fransızlar və digər etnik və dini qruplara qarşı diskriminasiya halları son illərdə daha da kəskinləşib. Xüsusilə, müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir və sair.
İkincisi, hətta fransızlar belə etiraf edirlər ki, hakimiyyətin yarıtmaz və uğursuz siyasəti nəticəsində ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalıb. Artıq narahatçılıqları ölkə rəhbərliyində təmsil olunan yüksəkrütbəli şəxslər açıq ifadə ediblər. Məsələn, prezidentə yaxınlığı ilə seçilən daxili işlər naziri Jerald Darmanin bildirib ki, ölkədə ifrat sağçı hərəkat artıb. Nazir bəyan edib ki, bir yeniyetmənin polis tərəfindən qətli səbəbindən başlayan küçə iğtişaşlarından sonra vətəndaş müharibəsi ssenarisindən yayınmağı bacarıblar.
Qeyd edək ki, ölkənin cənub-şərqindəki Krepol kommunasında baş verən iğtişaş zamanı 16 yaşlı Tomas adlı yeniyetmə bıçaq zərbəsi ilə qətlə yetirilib. Polis tərəfindən 9 nəfər saxlanılıb. Onlardan 6-sı vandalizm və polis əməkdaşlarına qarşı zorakılıq tətbiq etdikləri üçün barələrində 6 aydan 10 aya qədər həbs cəzası çıxarılıb.
Fransa DİN rəhbərinin qənaətincə, həmin sağyönümlü qüvvələr irqçi hücumlar törədə bilər, kütləvi qarşıdurma hallarının iştirakçıları ola bilərlər.
Nazir “Division Martel” və adını çəkmədiyi digər sağçı iki qrupu ləğv etmək istədiyini və onların müxtəlif irqdən olan insanlara qarşı hücumlar həyata keçirə bilməsi riskinin olduğunu xəbərdar edib. Həbs edilənlərdən səkkizinin fransız, birinin isə italyan olmasına və müstəntiqlərin hələ də baş verənləri müəyyənləşdirmək üzərində işləməsinə baxmayaraq, ifrat sağçı siyasətçilər artıq Tomasın ölümünün immiqrantların və azlıqların yaratdığı təhlükənin sübutu olduğunu bildiriblər.
Digər bir misal: Lionda qara maskalı bir neçə yüz adam “İslamı Avropadan çıxarın” kimi şüarlar səsləndirərək və əllərində “İmmiqrasiya öldürür” yazısı olan pankartla şəhəri gəziblər. “Financial Times” yazır ki, DİN rəhbəri həmin qruplarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır. “Mən heç bir qrupa icazə verməyəcəyəm – istər ifrat sağçı, istərsə də hər hansı digər radikal hərəkat olsun. Prokurorlar və hüquq-mühafizə orqanlarının əvəzinə qanunu tətbiq etməyə çalışacağam”, – deyə daxili işlər naziri bildirib.
Beləliklə, görünən odur ki, daxili problemləri həll etmək əvəzinə, ölkə sərhədlərindən min kilometrlərlə uzaqda gərginlik yaratmağa çalışan riyakar siyasətinin acısını yaşayır. Afrikadakı keçmiş müstəmləkələrindən qovulma, mövqelərinin itirilməsi, Fransaya nifrətin artması da bu siyasətin nəticəsidir.
Hakimiyyət də baş verənlərdən dərs çıxarmaq əvəzinə xalqlar və dövlətlər arasında əbədi gərginlik yaradılmasına yönəlik siyasət yürüdür. Qərəzli və riyakarcasına birtərəfli mövqe ortaya qoyur. Ermənistanı silahlandırmaq kimi riyakar siyasət yürüdən Makron hökuməti regionda gərginliyin artmasına, Ermənistanda revanşizmin güclənməsinə xidmət edir. Ancaq gərginlik o həddə çatıb ki, hakimiyyət radikal addımlar atmağa məcbur olub. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Makron hökumətini qarşıda ciddi problemlər gözləyir.
“Report” İnformasiya Agentliyi