• Şb. Noy 30th, 2024

Gürcü politoloqu İrakli Qaribaşvilinin istefasının səbəbini açıqlayıb

ByYenigun.news

Yan 29, 2024


“Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefası və hökumətdə baş verən dəyişikliklər Bidzina İvanişvilinin siyasətə qayıdışı ilə bağlıdır”.

Bunu “Report”a açıqlamasında gürcü politoloq Levan Mamaladze deyib.

Onun sözlərinə görə, B.İvanişvilinin qayıdışı özü ilə birlikdə hansısa formada dəyişikliklər gətirəcək: “Məqsəd korrupsiya ilə mübarizə xarakteri daşıyır və gürcü ictimaiyyətinə qayıdışın hər şeyi müsbətə doğru dəyişəcəyi mesajı çatdırır”.

L.Mamaladze qeyd edib ki, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının hazırkı sədri İrakli Kobaxidze Baş nazir, indiki Baş nazir İrakli Qaribaşvili isə partiya sədri vəzifəsini tutacaq: “Bundan başqa, nazirlərin də dəyişməsinin şahidi olacağıq. Baş verən dəyişikliklər islahatların hələ başlanğıcıdır”.

Politoloq hesab edir ki, dəyişikliklər mərkəzi idarəetmə sistemindən özünüidarəetmə sisteminə keçidə kömək edəcək: “Bu addım isə vətəndaşla məmurları daha da yaxınlaşdıracaq və yaranmış problemlərin həllinə daha tez nail olmağa xidmət edəcək. Hakim partiya hesab edir ki, bu cür dəyişikliklər xalqa daha əlçatan olmağa kömək edəcək. Bir sözlə, idarəetmə sistemi daha sadə forma alacaq”.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün istefa verib. Qərarın səbəbi hələ ki, açıqlanmayıb. O, 2013-cü ildən 2015-ci ilə qədər hökumət başçısı vəzifəsini icra edib. Daha sonra İ.Qaribaşvili 2021-ci ildə yenidən Baş nazir vəzifəsinə qayıdıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir