• Şb. Noy 30th, 2024

Makrona qarşı etirazlar səngimir: “Sarı jiletlilər”in işini fermerlər tamamlayacaqlar? – ŞƏRH + FOTO

ByYenigun.news

Yan 30, 2024


Fransa Prezidenti Emmanuel Makronun niyyəti, apardığı siyasət, uğursuzluqları yerli və beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Bu fonda ölkə yeni etiraz aksiyaları ilə çalxalanır.

E.Makronun hakimiyyəti illərində Fransada sosial tələblərlə geniş etiraz aksiyaları keçirilib. 2018-ci ilin noyabrında “sarı jiletlilər” yanacağın qiymətinin qaldırılmasına etiraz olaraq meydanlara çıxmışdılar. Son günlər isə fermerlər yürüşləri, paytaxt Parisi mühasirəyə almaları ilə yenidən dünyanın diqqətini Fransaya yönəldiblər.

Mövcud şəraitə uyğun olaraq sual yaranır: “sarı jiletlilər”in işini fermerlər tamamlaya bilərlərmi?

Odur ki, qısa olaraq “sarı jiletlilər”in və fermerlərin tələblərinə nəzər salaq.

Birincilər 25 tələb irəli sürmüşdülər. Onların arasında vergi sahəsində islahatların qanunla qadağan olunması, minimum əməkhaqqının, pensiyaların və yaşayış minimumunun dərhal 40 faiz artırılması, infrastrukturun, o cümlədən səhiyyə, təhsil, ictimai nəqliyyat, asayiş və s. sahələrin normal fəaliyyətinin təmin edilməsi, yeni iş yerlərinin yaradılması, beş milyon ədəd güzəştli mənzilin tikintisinə başlanılması, vətəndaşlara əsassız olaraq yazılan uydurma daxili borcların ləğv edilməsi, yeni konstitusiyanın qəbulu, lobbiçilik və təsir sxemlərinin qadağan edilməsi, Fransanın Avropa İttifaqından çıxması – “Frexit”, özəlləşdirmənin dərhal dayandırılması, artıq özəlləşdirilmiş əmlakın dövlətə qaytarılması, milli təhsil sisteminə yenidən baxılması, mediada fikir müxtəlifliyinin təmin edilməsi, ətraf mühit və sağlamlıq sahəsində islahatlar aparılması, vətəndaş azadlıqlarının təmin edilməsi, ətraf mühiti çirkləndirən qabların və qablaşdırmaların istehsalının, dövriyyəsinin qadağan olunması, idxaldan imtina etmək üçün ölkənin yenidən sənayeləşdirilməsi, Fransa qoşunlarının təcavüzkar müharibələrdə istifadəsinin qanunvericiliklə qadağan edilməsi, Fransa və Afrika arasında əlaqələrə dair tələbdən – soyğunçuluq siyasətinin dayandırılması, diktatorların qanunsuz qazancları və mülklərinin Afrika xalqına verilməsi, Fransa qoşunlarının dərhal Afrikadan çıxarılması, beynəlxalq hüquqa və imzalanmış müqavilələrə müstəsna hörmət edilməsi kimi məsələlər əksini tapmışdı.

Fermerlər isə inflyasiya səbəbindən gəlirlərin azalmasına, kənd təsərrüfatı məhsullarının idxalının artmasına, Avropa İttifaqının “yaşıl kurs” planına etiraz edirlər. Onların bir çoxu iddia edir ki, bu kursu yerinə yetirmək mümkün deyil və bahalıdır. İttifaq “fermadan süfrəyə” planına uyğun olaraq, kənd təsərrüfatı məhsullarının kimyəvi gübrəsiz yetişdirilməsinə, 2030-cu ilə qədər pestisidlərin istifadəsinin 50 faiz azaldılmasına, kənd təsərrüfatı torpaqlarının ən azı 10 faizinin qeyri-kənd təsərrüfatı ehtiyacları üçün (məsələn, meşə plantasiyaları və ya süni gölməçələr üçün) ayrılmasına və s. bu kimi layihələri həyata keçirməyə nail olmaq istəyir.

Fermerlərin aksiyasına taksi sürücüləri də qoşulublar. Fevralın 1-dən isə müəllimlər də etiraz tədbiri keçirəcəklər. Onların tələbi işgüzar şəraitin yaxşılaşdırılması və əməkhaqqının artırılmasıdır.

E.Makron Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayendən fermerlərin etirazlarına görə “MERCOSUR” ölkələrinin Cənubi Amerika Ticarət Assosiasiyası ilə danışıqları dayandırmağı xahiş edib. Fransanın Baş naziri Qabriel Attalın aksiyaçıların nümayəndələri ilə görüşünün nəticəsi olmayıb.

“Sarı jiletlilər”in tələbləri tam mənada təmin olunmayıb. Rəsmi Paris həmin istəklərin kosmetik hissəsinə əməl edib.

“Fermadan süfrəyə”, yəni ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehlakçılara çatdırılması layihəsi nəzəri cəhətdən qənaətbəxşdir, ancaq etirazlardan da göründüyü kimi, yarımçıqdır. Avropa İttifaqı və Fransa hakimiyyəti “yaşıl kurs” layihəsi daxilində fermerlərə maliyyə vəsaiti və başqa yardımlar ayırmayıb. Çünki belə bir plan üçün dəyən ziyanın ödənilməsi və s. yardımlar nəzərdə tutulmayıb. Əks halda fermerlər etiraz aksiyaları keçirməzdilər. Belə qənaətə gəlmək olar ki, Fransa hakimiyyəti belə məhsulları ucuz qiymətə xaricdən almaqla ölkə fermerlərinin mənafeyini nəzərə almayıb. Bu da narazılıqlara səbəb olub.

Habelə, Fransa hakimiyyəti onların tələblərini müzakirəyə çıxarmayıb. Ancaq etiraz aksiyalarının qarşısını almaq üçün küçə və meydanlara hərbi texnika, 10 mindən çox polis çıxarıb.

Bu kimi kütləvi etiraz aksiyaları keçirənləri bir qayda olaraq cəmiyyətin aktiv, passionar hissəsi sayırlar. “Sarı jiletlilər”dən sonra fermerlərin etirazı E.Makron hakimiyyətinin Fransa cəmiyyətinin bu təbəqəsi ilə hesablaşmadığını deməyə əsas verir. Adətən, demokratik ölkələrdə cəmiyyətin etirazları nəzərə alınır.

“Sarı jiletlilər”in tələblərində ölkədə demokratiyanın məhdudlaşdırılmasına, hakimiyyətin vətəndaşların həyatına müdaxiləsinə etiraz edilmişdi. Fermerlərin aksiyaları E.Makron hökumətinin demokratiyanın prinsiplərinə qarşı çıxdığını sübuta yetirir.

Hadisələr dünyada hökmranlığa iddialı Fransada ciddi və dərin islahatların aparılmasını, o cümlədən konstitusiya dəyişikliyinin vacibliyini də aktuallaşdırır. Makronun müxtəlif sahələr üzrə həyata keçirməyə səy göstərdiyi islahatlar kosmetik olduğundan etirazlarla qarşılanır. Başqa sözlə, bu islahatlar bəzən konstitusiyaya zidd olur. Hökumətin atdığı addımlar Fransanın Avropa İttifaqından çıxmasına da şərait yarada bilər. Çünki öz ölkəsinin vətəndaşlarının mənafeyini nəzərə almadan ittifaqın nüfuzunu güdmək bəhs etdiyimiz etirazları yaradır.

Tələblərini qulaqardına vurduğu üçün “sarı jiletlilər” Emmanuel Makronun istefasını tələb etmişdilər. Ancaq bu reallaşmadı. Yeni etiraz aksiyası doğdu. Fransa üçün əsas sual belə ola bilər – kəndlilərin üsyanı “sarı jiletlilər”in yarımçıq işini tamamlayacaq? Belə getsə, Makrona prezident səlahiyyətlərinin ikinci müddətini tamamlamaq çətin olacaq. Bu müddət isə üç ildən çoxdur…

“Report” İnformasiya Agentliyi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir