• C. Noy 29th, 2024

Ulu Öndər Heydər  Əliyev gənclər siyasətinin təməlini qoymuşdur

ByVuqar Ferzeliyev

Fev 1, 2024

         Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri-gənclərin təhsil, tərbiyəsi, sağlamlığı, intelektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir.

         Azərbaycanda gənclər siyasətinin banisi xalqımızın Ulu Öndəri Heydər Əliyevdir. Dahi rəhbərimiz ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı. O, dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdir. Ulu öndərin xalqımız qarşlsındakı ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri hesab edirdi.

        Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

       Ümummilli lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. 2 fevral 1996-cı il: Azərbaycan gəncliyinin həyatında yeni mərhələ 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Ümummilli liderimiz şəxsən iştirak etmişdir. Forumda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. 1 fevral 1997-ci il tarixdə Ulu Öndər “2 fevral – Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edilmişdir.  2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı.

Biz fəxr edirik ki,  məhz bu siyasətin sayəsində Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, hümanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Vüqar Cavadov,

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin

Cəlilabad rayonu üzrə gənclər və idman sektoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir