İki ilə yaxındır ki, yeni növ koronavirus (COVID-19) infeksiyası dünyanı öz ağuşuna alıb. Bir sıra ölkələr, o cümlədən Azərbaycan pandemiyaya qarşı ardıcıl və məqsədyönlü mübarizə aparır, mühüm tədbirlər həyata keçirilir. Yeri gəlmişkən, hazırda ölkəmizdə COVID-19 ilə bağlı epidemioloji durum müsbət istiqamətdədir. Lakin ekspertlərin vurğuladıqları kimi, nə qədər ki, yeni növ koronavirus infeksiyası mövcuddur, arxayınlaşmaq olmaz.
Mütəxəssislər qeyd edirlər ki, COVID-19-dan qorunmağın ən yaxşı yolu gigiyena qaydalarına xüsusi əməl etməklə yanaşı, güclü immun sisteminə malik olmaqdır. Hazırda pandemiya dövründə günün ən aktual məsələlərindən biri də immunitetin möhkəmləndirilməsidir. İmmunitet orqanizmin infeksiyalardan bioloji müdafiə sistemidir. Onun vasitəsilə orqanizm bütün yad parazit, virus, mikrob, göbələk və hətta təhlükə yaradan hüceyrələrdən qorunur. Belə ki, COVID-19 xəstəliyi immuniteti zəif olanlarda daha ağır və fəsadlarla keçir, bir çox hallarda ölümlə nəticələnir. Peyvənd olunduqdan sonra insan orqanizmində yaranan anticisimlərin səviyyəsi xəstəlikdən sonra olan səviyyədən də qat-qat yüksək olur və həmin orqanizmi bir neçə il infeksiyadan qorumaq qabiliyyətinə malik olur.
Dünyada, o cümlədən Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə davam etdirilir. Xatırladaq ki, ölkəmizdə 18 yaşından yuxarı hər kəs COVID-19 infeksiyasına qarşı peyvənd oluna bilər.
Peyvənd edilmək heç də bu xəstəlikdən tamamilə uzaq olmaq demək deyil. COVID-19-un müalicəsi üçün ən əlverişli mübarizə yolu vaksinasiya olunmaqdır. Ölkəmizdə 4 aydır ki, vaksinasiyaya başlamışıq. Peyvənd iki dozada vurulmalıdır. Bəzən peyvənd vurulandan dərhal sonra tələsərək anticisimlərin miqdarını yoxlatdırırlar. Lakin tələsmək lazım deyil. Yalnız ikinci doza vurulandan iki həftə sonra bunu yoxlatmaq daha düzgündür. Qeyd edim ki, peyvəndləmə tədbirinin kütləvi şəkildə aparılması ilə qısa zamanda olmasa da, qarşıdakı aylarda pandemiyanı təsirsiz etmək olar.
Biz koronavirusa qarşı mübarizədə hər kəsi diqqətli olmağa çağırırıq. Kimsə özündə virusun cüzi əlamətini hiss edərsə, mütləq müayinə olunmalı, xəstəlik aşkar olunarsa, cəmiyyətdən təcrid olunmalıdır: “COVID-19-a yoluxmamaq üçün ehtiyatı əldən verməməliyik. COVID-19 infeksiyasına yoluxanların 90 faizi xəstəliyi simptomsuz və yüngül keçirdiyindən onlarda yoluxma elə də hiss olunmur və ətraf üçün təhlükə mənbəyinə çevrilirlər. Həmin şəxslər özlərində hər hansı klinik əlamətin olduğunu və ya xəstə olduqlarını bilmir, ailə daxilində və ya tədbirlərdə, eləcə də məkanlarda qoruyucu vasitələrdən istifadə etmirlər. Bu səbəbdən də təmasda olduqları şəxsləri yoluxdururlar. Unutmayaq ki, adi bir məsuliyyətsizlik böyük problemlərə yol açır.
Məlum olduğu kimi, mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib. Brifinqdə bildirilib ki, hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət sabitləşib, xəstələrin, xəstəxanalarda olan xəstələrin sayı azalır, gündəlik yoluxma sayı, demək olar ki, sabitləşib. Yeri gəlmişkən, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə istiqamətində peyvəndləmə prosesi ölkəmizdə uğurla davam etdirilir. Belə ki, yanvarın 18-dən bu günədək ölkəmizdə COVID-19 əleyhinə 2 milyon doza vaksin vurulub, 850 mindən çox vətəndaş vaksinasiyanı tamamlayıb. İnsanlar nə qədər tez peyvənd olunsalar, bir o qədər tez bu vəziyyətdən çıxa bilərik. Əks halda, daha çox yoluxma ehtimalı yaranar, o cümlədən yeni mutasiyalar üzə çıxar.
Vətəndaşlarımız vaksinasiya prosesində aktiv iştirak etməli, cəmiyyətimizin sağlamlığı naminə vaksinasiya olunmalıdırlar. Əgər vaksinasiya prosesində insanların böyük əksəriyyəti iştirak edərsə, virusa qarşı hər bir insanda immunitet formalaşarsa, o zaman normal həyata qayıda bilərik.
Əliyusub Aslanov, Cəlilabad Tibb Kollecinin direktoru