• C. Noy 29th, 2024

Xocalı soyqırımı xalqımızın yaddaşından silinməyəcək

ByVuqar Ferzeliyev

Fev 28, 2024

      Prezident İlham Əliyev cari ilin 26 fevral tarixində Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çox mənalı, dərin məzmunlu çıxışla diqqətimizi cəlb edib. Dövlət başçısının  çıxışında qeyd ilunur ki,  Xocalı soyqırımı günü ilk dəfə Xocalıda qeyd olunur.  Azərbaycan xalqı inanırdı ki, biz Xocalıya qayıdacağıq. Xocalı qurbanlarına həsr olunmuş Memorial Kompleksinin layihəsi çoxdan hazır idi. Ancaq Memorial Kompleksin tikintisi hər il təxirə salınırdı. Ona görə ki, biz inanırdıq Xocalıya qayıdacağıq.

       Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq. Otuz iki il bundan əvvəl Ermənistan dövləti bu qanlı faciəni törədərək günahsız insanları qətlə yetirmişdir. 613 insan vəhşicəsinə qətlə yetirilmişdir, 150 insan itkin düşmüşdür, 1000-dən çox insan girov götürülmüşdür, 60-dan çox uşaq, 100-dən çox qadın, yaşlı 70 insan erməni vəhşiləri, faşistləri tərəfindən vəhşicəsinə bir gecə içində qətlə yetirilmişdir.

        İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. Azərbaycan hökuməti onilliklər ərzində çalışırdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında olan qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir.

       Ali Baş Komandanın vurğuladığı kimi, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik.

       Azərbaycan dövləti, dövlət qurumları, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, bizim ictimai təşkilatlarımız və onların arasında Heydər Əliyev Fondu Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstərmişdir. Heydər Əliyev Fondunun xətti ilə geniş vüsət almış “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində özünü göstərmişdir, bir çox tədbirlər, təqdimatlar həyata keçirilmişdir, kitablar, məqalələr dərc edilmişdir, sərgilər təşkil olunmuşdur.

Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Prezidentin söylədiyi kimi, 30 il yox, 300 il keçsə də, qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz, böyük xalqın nümayəndələriyik.

Həsənxan Qasımov,

Cəlilabad rayon Su-kanal sahəsinin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir