Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Bu zaman kəsiyi partiyanın həyatında baş vermiş əhəmiyyətli dəyişikliklər dövrü olmuşdur. YAP-nın müasir çağırışlara və ölkədə vüsət almış dərin islahatlar kursuna uyğun şəkildə inkişafı üçün mühüm məqamlarla zəngin olan və böyük siyasi çəkiyə malik bu ali məclis partiyanın tarixində vacib yer tutur.
YAP-ın VII qurultayı Azərbaycan torpaqlarının işğal altında qaldığı dövrün bitməsini şərtləndirən proses və hadisələrin obyektiv təhlili, həmçinin bu dövr ərzində əldə olunmuş bir çox uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Qurultayda YAP-ın yeni Nizamnaməsi təsdiq olunmuş, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçilmiş və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxılmışdır. Qurultayda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq qarşıda duran vəzifələri diqqətə çatdırmış, mühüm fikirlər səsləndirmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.
Hər zaman dövlətimizin inkişafına, yüksəlişinə, Heydər Əliyev ideallarına sədaqətini nümayiş etdirən Yeni Azərbaycan Partiyası ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident İlham Əliyevin apardığı islahatlara töhfələr verib, ölkədə ardıcıllıqla reallaşan sosial-iqtisadi, hüquqi, siyasi islahatların mütərəqqi ideoloji əsaslarını formalaşdırıb.
Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmır. Onun beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi siyasi önəm daşımaqla ölkəmizin xarici əlaqələrinin daha da möhkəmlənməsinə əhəmiyyətli və vacib töhfədir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri partiya fəaliyyətinin prioritet istiqamətinə çevrilib.
Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərlə Azərbaycan xalqının, eyni zamanda, Yeni Azərbaycan Partiyasının ən mürəkkəb və ən çətin, ancaq həm də ən ali məqsədini reallaşdırmış oldu. Azərbaycan möhtəşəm qələbə qazanaraq həm tarixi ədalətin, həm də ərazi bütövlüyünün bərpasına nail oldu. Şübhəsiz, Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhəmiyyətli amillər var ki, onların da başında hər şeydən əvvəl lider amili gəlir. 44 günlük Vətən müharibəsi tarixində Azərbaycan xalqı öz liderində bütün bu keyfiyyətləri bir daha gördü. Ancaq bunu təkcə Azərbaycan xalqı deyil, dost da, düşmən də, bütün dünya da gördü. Azərbaycan xalqı öz mübarizəsi ilə işğala məruz qalan, haqqı əlindən alınan xalqlara bir örnək oldu, bütün dünyaya ədaləti, beynəlxalq hüququ necə bərpa etməyi göstərdi.
Yeni Azərbaycan Partiyasının gələcək inkişafı və daha da böyük nailiyyətlər əldə edəcəyi ilə bağlı Azərbaycan cəmiyyətində çox nikbin fikir və inam formalşmaqdadır. Prezident İlham Əliyevin sədri olduğu partiya məramı, proqramı, həm də fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək, Azərbaycanın parlaq gələcəyi naminə cəmiyyətimizdəki yenilik və dəyişikliklərlə bir addımlayacaq, bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə cavab verən çağırışlara uyğun fəaliyyət sərgiləyəcəkdir.
Abdulxeyir Nəcəfov,
Salyan rayon Marışlı kənd tam orta məktəbinin direktoru