Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan Ali Dövlətlərarası Şurasının ilk iclasında ölkələrimizi qardaş dövlətlər adlandırıb. Kasım-Jomart Tokayev, öz növbəsində, qazaxıstanlıların Azərbaycanın tarixi qələbəsinə və öz ərazisində suverenliyinin bərpasına səmimi-qəlbdən sevindiklərini xüsusi olaraq qeyd edib.
Qazaxıstanlı tarixçi, analitik və jurnalist Arman Suleymenov Oxu.Az-la söhbətində qeyd edib ki, dövlət başçılarının hər yeni görüşü ilə Qazaxıstanda ölkələrimiz arasında münasibətlərdə türk amilinin dərinləşməsi ideyaları güclənir:
– Azərbaycan və Türkiyə liderləri bunun üçün güclü təkan verdilər, keçirilən tədbirlər isə türk birliyinin aktual, vaxtında və tarixi əsaslandırılmış vektor olduğunu göstərdi. Mövcud geosiyasi şəraitlə əlaqədar olaraq, əvvəlki logistika pozulduğu üçün tərəfdaş ölkələrin yeni nəqliyyat marşrutları axtardığı bir vəziyyətin yarandığını görürük. Türk Dövlətləri Təşkilatı (TDT) bir çox layihələrin həyata keçirilməsinə imkan yaradır.
– Bu, təkcə siyasi və iqtisadi əməkdaşlıqdır?
– Xeyr. Türk kimliyi, dili və ədəbiyyatı ilə bağlı çox maraqlı məsələlər var. Məncə, həm Qazaxıstan, həm də Azərbaycan bu mövzuya daha çox diqqət yetirməlidir. Xalqlarımız XX və XXI əsrin əvvəllərində parlayan çox sayda dahi oğul və qızlar yetişdiriblər. Amma biz yeni tariximizdə öz xalqının azadlığı uğrunda mübarizə aparmış mütəfəkkirlərimizi elə də yaxşı tanımırıq. Mədəniyyət müstəvisində bütün türk dövlətlərinin birgə səyləri gələcəkdə yaxşı nəticə verəcək.
– Yaxın tarixdən danışsaq, XX əsrin əvvəllərindən Azərbaycan və Qazaxıstan xadimləri arasında əlaqələr nə dərəcədə sıx olub?
– XX əsrin əvvəlləri bütün Rusiya imperiyasında – istər Qazaxıstan çöllərində, istərsə də Qafqazın dağ və düzənliklərində milli-azadlıq hərəkatının başladığı, havadan inqilab qoxusu gələn bir dövr olub. Rusiya imperiyasının Birinci Dövlət Duması ilə bağlı milli dirçəliş və siyasi fəallıq mövcud idi. Azərbaycanlı və qazaxıstanlı deputatların fəal iştirak etdiyi məşhur müsəlman fraksiyası yarandı.
Qazaxların “Qazaxıstan” qəzetinin nəşrinə maliyyə yardımı göstərən, qazax xadimlərinə kitablar, o cümlədən Qurani-Kərim bağışlayan azərbaycanlı sənayeçi və xeyriyyəçi hacı Zeynalabdin Tağıyevin rolunu qeyd etməmək olmaz.
Digər bir mərhələ isə bolşeviklərin qələbəsindən və sovet hakimiyyətinin qurulmasından sonrakı, belə deyək, müxalifətin fəaliyyəti ilə bağlıdır. Bir çox qazax və azərbaycanlı siyasətçilər mühacirət etməyə məcbur qalaraq orada da bir-biri ilə ünsiyyət qurublar. Məsələn, Mustafa Şokayla Əlimərdan bəy Topçubaşov bir-biri ilə yazışıb, siyasi mövzularda müzakirələr aparıblar.
– Bəs Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qazax xalqının Azərbaycanın tarixi qələbəsinə və suverenliyinin bərpasına sevinməsi barədə sözlərinə Ermənistanda reaksiya barədə nə düşünürsünüz? Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Ermənistanın müttəfiqi sayılan Qazaxıstanın Azərbaycanı təbrik etməsi erməni fəalları və jurnalistləri qəzəbləndirib. Bu, çox qəribədir, çünki Qazaxıstan prezidenti əvvəllər də dəfələrlə Azərbaycanı şəxsən təbrik edib. Bundan əlavə, Ermənistanda KTMT-dən çıxmaq barədə danışırlar, buna görə də formal müttəfiqlikdən belə danışmağa ehtiyac yoxdur.
– Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın KTMT çərçivəsində fəaliyyətinin dondurulduğunu elan etdiyini nəzərə alsaq, bu, həqiqətən də, olduqca qəribədir. Ümumiyyətlə, o, öz hərəkətləri ilə KTMT-də işləməyə meyilli olmadığını, Qərbə və Avropa əməkdaşlığına yönəldiyini göstərir.
Qazaxıstan çoxvektorlu, sülhsevər siyasət yürüdür. Astana ərazi bütövlüyü prinsipinə qeyd-şərtsiz hörmət nəzərə alınmaqla, o cümlədən Qafqaz da daxil olmaqla istənilən münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.
Yəqin ki, burada mühüm bir məqamı da əlavə etmək lazımdır. Azərbaycan və Ermənistan arasında dəqiq sərhədlər müəyyən edilməyib. Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olması üçün öz siyasətini hərtərəfli və düşünülmüş şəkildə həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə ciddi işlər aparılır. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan Ermənistanın müvəqqəti işğalı altında olan və hələ azad edilməmiş kəndləri geri qaytaracaq.
Nair Əliyev