Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Məlumdur ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Ölkəmərimiz müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da yaradılıb. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrında Azərbaycanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğu açılıb. Dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.
Ümumiyyətlə, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksəksəviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərib. İki dövlət arasında münasibətlərin dinamikası Prezidentlərin qarşılıqlı səfərlərinin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dörd səfər edib, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev üçüncü dəfədir ki, Azərbaycana gəlib. Martın 11-də iki dost ölkə arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq növbəti yüksəksəviyyəli görüş baş tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclası və Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi keçirilib.
Ələddin Zeynalov
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı