• Ç. Noy 27th, 2024

Xüsusi əhəmiyyətli layihə

ByVuqar Ferzeliyev

Apr 17, 2024

       Aqrar islahatının bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutuldu. İslahatların normativ-hüquqi bazası yaradıldı.

Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir.     

       Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır.  Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib. Artıq bu kanalın Şirvan kanalı adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq.

       Cənab İlham Əliyev öz çıxışında bildirib ki, bu layihə ilə biz bu sahəyə yeni nəfəs gətiririk. Eyni zamanda, Qarabağ kanalının da, – vaxtilə bu, Yuxarı Qarabağ kanalı adlandırılmışdır, indi isə bunun adı Qarabağ kanalıdır, – inşası ilə əlaqədar Sərəncam imzalanıb, texniki-iqtisadi əsaslandırma aparılacaq və bu işin nəticəsində yeni layihə işlənib hazırlanacaq. Biz Qarabağ kanalının inşasına gələn ildən başlamalıyıq. Bu da 115 min hektarı əhatə edəcək kanaldır. Orada da əhatə olunan rayonların sayı 9-a bərabərdir. Yəni, burada 10 rayon Şirvan kanalı vasitəsilə, 9 rayon isə Qarabağ kanalı vasitəsilə suvarılacaq.

      Təməlqoyma mərasimində məlumat verilib ki, Türkiyənin “Su Yapı” məsləhətçi şirkəti tərəfindən Yuxarı Şirvan kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma sənədləri və 4 mərhələdə işçi layihə hazırlanıb.

       Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.

       Bütün bunlar misli görünməmiş möhtəşəm işlərdir. Ona görə də bəyənirik, təqdir edirik, uğurlar arzulayırıq.

Məmmədzadə Əliyev,

Cəlilabad RİH-nin şöbə müdiri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir