Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Xalqlarımız arasında əlaqələrin dərin tarixi kökləri vardır. XIX əsrdə bir qrup alman ailə Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə verib. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir. Azərbaycan və Almaniya arasında müqavilə-hüquq bazası olduqca genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb və 7 sənəd layihəsi baxılmaqdadır.
İki ölkə arasında humanitar əlaqələrin inkişafından danışarkən qeyd etmək olar ki, Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində 900-dən çox azərbaycanlı tələbə Almaniyada təhsil alıb. Eləcə də Alman Akademik Mübadilə Xidmətinin (DAAD) məlumatına görə, hazırda iki min nəfərə qədər Azərbaycan vətəndaşı Almaniyada təhsil alır. Onlardan 75-i DAAD təqaüdçüsüdür (magistratura və doktorantura səviyyələri üzrə).
Bütün bunlarla yanaşı, ölkəmizdə alman dilinə böyük maraq var. Belə ki, alman dili ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunur.
Azərbaycan Almaniya şəhərləri ilə də əməkdaşlıq əlaqələrinin qurulmasına maraq göstərir. Belə ki, Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”.
Bütün bunları nəzərə alaraq əminlikdə demək olar ki, bu səfər zamanı keçiriləcək görüşlər, aparılacaq danışıqlar nəticəsində Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranacaq.
Əsmər Əliyeva
Saatlı Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı