Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir, Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu baxımdan Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir. Ötən dövr ərzində bu iki dost və qardaş dövlət və onların təmsilçiləri BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO, Şanxay təşkilatı çərçivəsində həmişə bir-birini dəstəkləyir Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfəri əlaqələrin daha da inkişafına öz təsirini göstərəcəkdir. “Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsi işinə töhfə verəcək”. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında bildirib. İkitərəfli sənədlərin imzalanmasının önəmini qeyd edən dövlət başçısı vurğulayıb ki, bu sənədlər bir çox halda ikitərəfli münasibətlərin gələcək inkişafını müəyyən edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında işğaldan azad edilmiş ərazilərin bərpasında göstərdiyi dəstəyə görə Qırğızıstana təşəkkür edib: “Mən Sadır Nurqojoyeviçə işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan öz vəsaiti hesabına Ağdam rayonunda orta məktəbin tikintisini həyata keçirəcək. Sabah biz birlikdə Füzuli və Ağdam rayonlarında olacağıq və məktəbin təməlinin qoyulması mərasimində iştirak edəcəyik. Belə qardaş dəstəyinə görə minnətdarıq, bu, bizim üçün böyük əhəmiyyət kəsb edir”. Ağdam rayonunda məktəbin tikintisi Qırğızıstanın münaqişələrdən zərər çəkmiş regionlarda sülhün bərpa olunmasına töhfəsidir.
Gülnarə Mirzəliyeva
Saatlı MKS-in böyük kirabxanaçısı