Təxminən 100 il əvvəl Bakı müxtəlif ideologiyada olan inqilabçıların məskəni olub.
Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq üçün təhlükəsizlik qurumlarının yaradılmasına ehtiyac var idi. İnqilabçılar şəhəri Bakıda baş vermiş ən sirli hadisələrdən biri sonralar SSRİ-nin daxili işlər naziri olmuş Lavrenti Beriyanın Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanlarında çalışmasıdır.
O zamanlar Beriya çox gənc idi, cəmi 21 yaşı vardı. O, Müsavat hökumətinə işləməsini onunla əsaslandırıb ki, Bakıda və Həştərxanda olan kommunistləri, eləcə də 11-ci Qızıl Ordunu informasiyalarla təmin edib, əldə etdiyi məxfi məlumatları onlara göndərib.
O, bu fəaliyyətinə Mikoyanı şahid göstərib. Həmin vaxt Bakıda kommunistlərin gizli təşkilatına 27-ci komissar Anastas Mikoyan rəhbərlik edirdi. 1938-ci ildə SSRİ rəhbərliyi tərəfindən Beriyanın Moskvada fəaliyyət göstərməsi məqsədəuyğun sayılaraq onu xalq daxili işlər komissarının müavini vəzifəsinə təyin ediblər.
Cəmi üç aydan sonra isə Beriya NKVD-yə başçılıq edib. Əslində, ilk vaxtlar Yejov kimi qaniçəndən sonra Beriyanın NKVD-də rəhbərliyə gətirilməsi insanlarda NKVD xofunu bir az azaldıb. Amma NKVD yenə də əvvəlki kimi Stalinin tapşırığı ilə repressiya maşını funksiyasını yerinə yetirib. Beriya Stalin üçün ən etibarlı silahdaş olub.
Rəhbərin bir çox məxfi tapşırıqlarını Beriya icra edib. Beriya partiyada olan yeganə şəxsdir ki, Stalinin yanında əlini cibinə salıb. Tehran konfransında Amerika Birləşmiş Ştatlarının prezidenti Ruzvelt Stalindən Beriyanın kimliyini soruşanda sovet lideri belə cavab verib:
“Almaniyada Himmler olduğu kimi, SSRİ-də də Beriya var”.
Daha ətraflı Baku TV-nin süjetində: