• Be. Noy 25th, 2024

Qərbi Azərbaycan Xronikası: “Ermənilər Göyçədə Azərbaycan dilində danışırdılar” – VİDEO

ByYenigun.news

May 10, 2024




Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Ermənilər Göyçədə ermənicə yox, Azərbaycan dilində danışırdılar” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kənd sakini Almaz (Ülvi) Binnətovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və orta məktəb illərinin orada çox gözəl keçdiyini deyib:

“Axşama qədər dağda daşda gül-çiçək toplayırdıq. Bozdağdan qar gətirirdik. Çox romantik bir həyat yaşayırdıq. İndi 64 yaşın içindəyəm, amma onun 16 ilini Kəsəməndə yaşamışam”.

Onun sözlərinə görə, Basarkeçərin Noragert, yəni Yenikənd kəndində 1930-cu ildə Türkiyədən gətirilmiş ermənilər yaşayırdılar:

“Onlarla bizim məktəbin uşaqları arasında dostluq görüşləri olurdu. Onlar bizim məktəbə gələndə dağdan bənövşə, lalələr yığıb verirdik. Amma biz ora gedəndə avtobusdan düşməyə qoymurdular, bizi öldürmək istəyirdilər”.

A.Ülvi bildirib ki, Basarkeçərdə əhalinin 90%-i azərbaycanlı idi:

Ermənilərin hamısı azərbaycan dilində danışırdılar. Mən heç zaman orada ermənilərin ermənicə danışdığını görmədim. Aprelin 24-də ermənilər deyirdilər ki, heç kim Basarkeçərə gəlməsin. Göyçə gölünün o tərəfindəki Qaranlıq (Martuni) rayonundan gələn ermənilər sizi öldürəcəklər. Belə təxribat xarakterli sözlər, söhbətlər eşidirdik. 1988-ci ilin fevral ayında Xankəndində mitinqlər başlamışdı və bunun təsiri də ora getmişdi. İyun ayında bizim kəndlərin camaatı əllərində “Göyçə mahalına muxtariyyət!”, “Biz azadlıq istəyirik!”, “Biz müstəqillik istəyirik!” şüarları tutaraq etiraz edirdilər”.

Kəsəmən kənd sakini 1918-ci ildə doğulan atasının bələkdə olarkən deportasiyaya məruz qaldığını, Kişik Məzrə kəndində kəndxuda olan babasını ermənilər tərəfindən camaatın gözü qarşısında öldürüldüyünü bildirib:

“1948-ci il deportasiyası zamanı qohum-əqrəbanın hamısını Tərtər rayonuna köçürüblər. 1988-ci ildə bu hadisələr yenə baş verdi. Atam-anam, bacılarım həmin il dekabrın 4-dən 5-nə keçən gecə vertolyotla çox çətinliklə kəndi tərk ediblər”.

O, günlərin birində Göyçəyə, kəndə qayıdacağına inandığını söyləyib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir