• C. May 22nd, 2026

Milli dövlətçilik ənənələrinin yeni səhifəsi.

ByVuqar Ferzeliyev

May 22, 2026

   Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. 1918-ci ildə yaradılan bu dövlət qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin formalaşmasına böyük töhfə vermişdir. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması və dövlət rəmzlərinin qəbul olunması müstəqil dövlət quruculuğunun əsasını təşkil etmişdir. Bu addımlar xalqın milli birliyini və dövlətə bağlılığını daha da gücləndirmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətə başladığı ilk gündən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanmışdır. Dövlət bütün vətəndaşlara irqindən, milliyyətindən, dinindən və sosial mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar vermişdir. Bu, həmin dövr üçün çox mütərəqqi addım hesab olunurdu. Cümhuriyyət rəhbərləri demokratik cəmiyyət qurmağa çalışır, insan hüquq və azadlıqlarını qorumağı əsas məqsədlərdən biri kimi qəbul edirdilər. Bu səbəbdən Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi tarixə düşmüşdür.

Dövlət quruculuğu sahəsində mühüm addımlardan biri Azərbaycan vətəndaşlığının təsis edilməsi idi. Bununla insanlar vahid dövlət ətrafında birləşir və özlərini müstəqil Azərbaycanın vətəndaşı hesab edirdilər. Həmçinin dövlət bayrağının qəbul olunması milli kimliyin və azadlığın rəmzinə çevrildi. Üçrəngli bayraq Azərbaycan xalqının milli və mənəvi dəyərlərini əks etdirirdi və xalqın gələcəyə olan ümidini ifadə edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük xidmətlərindən biri milli ordunun yaradılması olmuşdur. Güclü ordunun formalaşdırılması dövlətin təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyırdı. Milli ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmiş və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına böyük töhfə vermişdir. Bakının azad olunması xalqın milli ruhunu yüksəltmiş və dövlətin güclənməsinə səbəb olmuşdur. Bu hadisə Azərbaycan tarixində mühüm qəhrəmanlıq nümunəsi kimi yadda qalmışdır.

Cümhuriyyət dövründə qısa müddət ərzində bir çox mühüm qanunlar qəbul edilmişdir. Bu qanunlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, insanların hüquqlarının qorunmasına və ölkənin inkişafına xidmət edirdi. Təhsil, mədəniyyət və iqtisadiyyat sahələrində islahatlar həyata keçirilmiş, yeni məktəblər və ali təhsil müəssisələri yaradılmışdır. Bütün bunlar Azərbaycanın müasir və inkişaf etmiş dövlətə çevrilməsi məqsədini göstərirdi.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti uzun müddət yaşaya bilmədi və 1920-ci ildə fəaliyyətini dayandırdı. Lakin onun yaratdığı dövlətçilik ənənələri və demokratik dəyərlər xalqımızın yaddaşında daim qorunub saxlanıldı. Bu gün müstəqil Azərbaycan Respublikası həmin irsi davam etdirir və Azərbaycan Xalq Cümhuriyyətinin ideallarına sadiq qalır. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın azadlıq mübarizəsinin, milli qürurunun və dövlətçilik tarixinin ən parlaq səhifələrindən biridir.

Telman Ağayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru                           

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir