Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə ölkənin regional və beynəlxalq siyasət strategiyasını, eyni zamanda Cənubi Qafqazda və daha geniş Yaxın Şərqdə rolunu aydın şəkildə ortaya qoyub. Prezident Türk Dövətlərindən geniş bəhs edib. Dövlətimizin başçısı deyib ki, Türk Dövlətləri Təşkilatı hazırda böyük potensiala malikdir. Azərbaycan daim bu qurumu gücləndirməyə sadiq olub. Bu, bir növ məşvərətçi qrup, şura, ölkələr qrupu kimi fəaliyyətə başlayıb, sonra isə transformasiya edib. O, böyük potensiala malikdir.
Türkiyə ilə bizim çox sıx münasibətlərimiz var və bu münasibətlər hazırda 2021-ci ildə Şuşada Prezident Ərdoğanla imzaladığımız, bizi hərbi və siyasi müttəfiqlər edən Bəyannaməyə əsaslanır. Bu, hüquqi cəhətdən təkcə hər iki ölkə üçün deyil, bütün Türk dünyası üçün mühüm amildir. Keçən il biz Özbəkistanla müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Həmçinin Türk Dövlətləri Təşkilatının digər üzvləri ilə bizim strateji tərəfdaşlıq müqavilələrimiz və ya bəyannamələrimiz var. Beləliklə, bu, böyük potensialdır.
Bizi köklərimiz birləşdirir və bu, təşkilatı nadir edir. Biz müxtəlif xalqlarıq, amma hamımızın kökləri ortaqdır və bu, türk etnik mənsubiyyətimizdən irəli gəlir. Ölkələrimizin əhalisinin sayı artır və bu da hər bir ölkə üçün vacib amildir. İqtisadi inkişafla dəstəklənəndə isə bu, üstünlük deməkdir. Ölkə kasıb olduğu zaman bəzən bunun mənfi nəticələri də olur. Amma bizim ölkələr kasıb deyil. Hər ölkə olmasa da, ölkələrimizin bir çoxu təbii sərvətlərə malikdir.
Bizim geniş coğrafiyamız var. Türkiyə qlobal miqyasda aparıcı hərbi gücdür və Türkiyə ordusu NATO daxilində ABŞ-dan sonra ikinci yerdədir. Azərbaycan Ordusu da özünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirdi. Həmçinin logistika mühüm amildir. Bu gün dəhlizlərdən danışanda Azərbaycandan yan keçmək olmaz. Həm də vacib olan odur ki, təşkilatın bütün üzvlərində siyasi sabitlik, bir-biri və hamısı arasında dost münasibətlər mövcuddur. Bu, təşkilatı həqiqətən nadir edir. Ona görə də onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirmək vacibdir. Beləliklə, bizim fikrimiz beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək.
Əfsər Abdullayev,
Cəlilabad rayon icra hakimiyyətinin əməkdaşı