• Ca. Avq 28th, 2025

Sülhə doğru mühüm addım

ByVuqar Ferzeliyev

Avq 28, 2025

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibədə 2020-ci il İkinci Qarabağ müharibəsi sonrası sülh təşəbbüslərinin əsasını açıqlayıb və dərin məzmunlu mesajlar verib. Prezident bildirib ki, avqustun 8-də Vaşinqtonda baş verən hadisələr, əslində, qarşıdurmanın və gərginliyin sonu deməkdir. Uzun illərdir ki, biz Ermənistanla müharibə vəziyyətində idik. Məhz Ermənistan 1990-cı illərin əvvəlindən Azərbaycan ərazilərini işğal etmişdi. O zaman Azərbaycan çox zəif idi, ordumuz yox idi. Ermənistanın isə Azərbaycan ərazilərini işğal etməkdə ona dəstək göstərən xarici tərəfdarları var idi.

      Beləliklə, ərazimizin təxminən 20 faizi onlar tərəfindən işğal edilmişdi, nəticədə bir milyon qaçqın və məcburi köçkünümüz var idi. Həmin dövrdə bu, əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən biri idi. Yəni, Azərbaycanın əhalisi o vaxt 8 milyon nəfər idi, onların bir milyonu yurd-yuvasından didərgin düşmüşdü.

       Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə başa çatdı və biz 2020-ci ilə qədər davam edən sonsuz və gördüyümüz kimi, mənasız danışıqlar prosesində iştirak etdik. Bu proses 2020-ci ilədək davam etdi. Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.

       Məlum olduğu kimi, danışıqlar bir neçə il davam etdi və nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdı. Bu, münaqişənin, müharibənin sonu deməkdir. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Yəqin ki, onlar həmin müddəaya dəyişiklik edəcəklər.

       Müsahibə bir daha göstərir ki, İlham Əliyev regionda Azərbaycanın mövqeyini üç əsas prinsiplə formalaşdırır: ədalətli və hüquqa əsaslanan hərbi-siyasi müdaxilə, diplomatiya və vasitəçilik, həmçinin regionun iqtisadi və nəqliyyat infrastrukturu üzrə strateji təşəbbüslər. Prezidentin vurğuladığı kimi, Azərbaycan yalnız öz ərazi bütövlüyünü bərpa etməklə kifayətlənmir, həm də uzunmüddətli sülh və iqtisadi inkişaf üçün regional lider rolunu təşviq edir.

Ədalət Əskərov,

Cəlilabad rayon Ağsaqqallar Şurasının sədri