2020-ci ilin sentyabrın 27-də başlanan, noyabrın 10-da Azərbaycanın qətiyyətli qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi regionda yeni siyasi-iqtisadi reallıqlar yaratmaqla yanaşı, həm də ölkəmizin gələcək inkişafının yeni mərhələsinin başlanğıcını qoydu. Bu gün mübahisəsiz olaraq Cənubi Qafqazın yeni güc mərkəzi statusunda çıxış edən, qalib dövlət olaraq öz gələcək inkişafını sülhün və təhlükəsizliyin, əməkdaşlığın təminatı üzərində quran Azərbaycan dövləti həm də ötən 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan, şəhər və kəndlərimizi, qəsəbələrimizi yerlə-yeksan edən, xarabalığa çevirən, mədəni, mlli və dini abidələrimizə qarşı vandalizm aktları həyata keçirən Ermənistanın təcavüzkar, faşist simasını dünya ictimaiyyətinə təqdim etdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müharibədən sonra dəfələrlə işğaldan azad edilmiş torpaqları ziyarət etməsi, bu torpaqların dirçəldilməsi, yenidən qurulması və abadlaşdırılması istiqamətində aparılan fəaliyyətə şəxsən nəzarət etməsi bir daha Azərbaycan dövlətinin güclü iradəsini ortaya qoymaqdadır. Prezident İlham Əliyev bir neçə gün öncə Kəlbəcər və Laçına səfərləri zamanı bildirdi ki, 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpaqlarına qayıtmaq istəyirlər. Ancaq onu da çox yaxşı bilirlər ki, orada bütün evlər, bütün şəhərlər dağıdılıb. Prezident İlham Əliyev azad edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda həm minalardan təmizləmə işlərinin, eyni zamanda, infrastruktur işlərinin sürətlə getdyini diqqətə çatdırdı və bildirdi ki, Azərbaycan dövləti tərəfindən böyük infrastruktur layihələri – yollar, elektrik və su xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. O cümlədən Kəlbəcər və Laçın rayonlarında, Şərqi Zəngəzur regionunda. Artıq bu işlərin bir hissəsi qeyd olundu – yarımstansiya fəaliyyətə başladı, su elektrik stansiyasının tikintisi ilə tanış oldum, Laçın rayonunda beynəlxalq hava limanının təməli qoyuldu, iki tunelin təməli qoyuldu və digər infrastruktur layihələri icra edilməkdədir.
Bəli, cəmisi 44 gün ərzində öz torpaqlarını düşmən tapdağından azad etmiş Azərbaycan qısa zamanda işğaldan azad etdiyi torpaqların bərpası istiqamətində həyata keçirdiyi fəaliyyəti ilə hər kəsi təəccübləndirməkdədir. Bu amil "Böyük Qayıdış" planının olduqca mühüm komponentidir. Belə ki, öz doğma yurd-yuvalarına qayıdacaq vətəndaşlarımız həm işlə, həm yeni evlərlə, həm də ən yeni, müasir infrastrukturla təmin ediləcəklər. Bu gün hər bir azərbaycanlı inanır ki, 30 ilə yaxın müddətdə ermənilər tərəfindən dağıdılmış, xarabalığa çevrilmiş bütün yurd-yuvalarımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə cənnətə çevriləcək. Ərazinin yenidən qurulması müasir inkişaf tariximizin ən mühüm hadisələrindən birinə çevriləcək.
Həbulla Mirzəyev, Uzuntəpə kənd sakini, ziyalı