• Ca. Sen 29th, 2022

ANA TORPAĞA DİZ ÇÖKƏN ƏSGƏR YAĞIYA DİZ ÇÖKMƏDİ

ByYenigun.news

Apr 16, 2021

Vətənimiz mənfur düşmənlə üz-üzə gələndə, torpaqlarımıza qan-qada yağanda Azərbaycanın igid oğulları kimi, Cəlilabadın qəhrəman övladları da silaha sarılaraq ölkəmizin müdafiəsinə qalxdılar. Biz buna həm I Qarabağ müharibəsində, həm də Vətən Müharibəsində gedən döyüşlərdə şahid olmuşuq. Qəhrəmanlıq yolunu gedən mərd oğullardan  biri də qazi İbrahim Məmmədovdur. .

        Məmmədov İbrahim Əyyar oğlu 1993-cü ildə Cəlilabad şəhərində anadan olmuşdur. O, hələ orta məktəbdə oxuyarkən halal zəhmətlərə qatlaşan övlad olmuşdir. Kiyev şəhərindəki Beynəlxalq İdarəetmə Akademiyasını bitirmişdir. Ağdam rayonundakı “N” saylı hərbi hissədə xidmət edən İbrahim 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş, ordudan tərxis olunduqdan sonra Vətən müharibəsi başlayana qədər müxtəlif sahələrdə fəaliyyət göstərmişdir.

      İ. Məmmədov 30 ildən bu yana düşmən tapdağında qalan torpaqlarımızın, Qarabağın azad olacağına inananlardan biri olmuşdur. Odur ki, Vətən Müharibəsi başlayanda qəhrəmanımız da bu müqəddəs missiyanın tamamlanması üçün müharibəyə yollanıb. O, sentyabrın 27-dən müharibənin ən qaynar bölgəsində – Suqovuşan, Ağdərə, Tərtər bölgələrində vuruşub, hətta düşmənin topunu ələ keçirib hərbi hissəyə gətirib. Qızğın döyüşlərin birində düşmən minaatanlarının atəşinə məruz qalıb. Həmin vaxt İbrahim təpə və ənsə nahiyələrindən yaralanıb. Bərdə müalicə-diaqnostika mərkəzində müalicə aldıqdan sonra oktyabrın 16-da  yenidən döyüşlərə atılıb. O, Qarabağ rayonlarının böyük bir  hissəsinin azad edilməsinin fəal iştirakçısı olmuş, müharibə qələbə ilə bitənə kimi həmin istiqamətlərdə xidmətini davam etdirmişdir. Vətən torpağına diz çökən əsgər mənfur düşmənin qarşısında diz çöməmişdir, “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur.

        Hazırda İbrahim ata yurdundadır, Cəlilabad rayon Aqrar İnkişaf Müfəttişliyində çalışır, müharibənin dəhşətlərləri haqqında xatirata varmaqla yanaşı, hərbi uğurlarımaza sevinir. Qazimiz təkcə bu müharibə vaxtı deyil, Ali Baş Komandanın rəhbərliyi altında hər zaman Vətənin müdafiəsi üçün döyüşə hazır olduğunu bildirir. Evlidir, iki övlad atasıdır.  İbrahim kimi oğullarla təkcə rayonumuz deyil, bütün Azərbaycan xalqı fəxr edir və qürur hissi keçirir.

Zakir ƏLİYEV,

“Yeni gün”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.